ABŞ-ın İrəvandan Qarabağ bəyanatı-Əldə olunan irəliləyişləri...

ABŞ-ın İrəvandan Qarabağ bəyanatı-Əldə olunan irəliləyişləri...

Amerika Birləşmiş Ştatlarının Dövlət Departamenti Azərbaycan, Rusiya və Ermənistan Prezidentlərinin Sankt-Peterburq görüşü ilə bağlı açıqlama verib.

ANS PRESS-in məlumatına görə, ABŞ dövlət katibinin Avropa və Avrasiya üzrə köməkçisinin müavini Bricit Brink İrəvanda bəyan edib ki, Vaşinqton Dağlıq Qarabağ münaqişəsinin həlli üçün əlindən gələni edir.

"ABŞ Ermənistan və Azərbaycan prezidentlərinin Vyana və Sankt-Peterburq görüşlərində əldə olunan irəliləyişləri dəstəkləyir və problemin həlli üçün əlindən gələni edir”, - Brink bildirib.

Onun sözlərinə görə, Dövlət Departamenti ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə Dağlıq Qarabağ münaqişəsinin həllinə öz töhfəsini verməyə çalışır.

"Bu məsələnin həlli Ermənistan iqtisadiyyatının artması üçün özündə böyük potensial əks etdirir. ABŞ tərəflər arasında etimadın artması və münaqişənin həlli istiqamətində Vyanada və Sankt-Peterburq görüşlərində əldə edilmiş razılaşmaları inkişaf etdirməyə çağırır”, - Dövlət Departamentinin rəsmisi bildirib.

Mayın 16-da Vyanada Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyanın görüşü keçirilib.

Görüş ATƏT-in Minsk qrupu həmsədrlərinin təşəbbüsü ilə baş tutub. ABŞ dövlət katibi Con Kerri, Rusiya və Fransa xarici işlər nazirləri Sergey Lavrov və Jan-Mark Eyro görüşdə iştirak edib.

Toplantının sonunda ATƏT-in Minsk qrupu bəyanatla çıxış edib. Sənəddə deyilir ki, prezidentlər atəşkəsə və münaqişənin sülh yolu ilə nizamlanmasına sadiq olduqlarını təsdiqləyiblər.

Prezidentlərin növbəti görüşü isə iyunun 20-də Sankt-Peterburq şəhərində baş tutub. Sank-Peterburq görüşünün bəyanatında deyilir ki, Dağlıq Qarabağ münaqişəsinin siyasi yollarla nizamlanması ilə bağlı addımlar ön plana çıxarılmalıdır.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az