Abutalıbovun qızıl ordenində təhqir olunan Azərbaycan bayrağı - ŞOK FOTO
Hacıbala Abutalıbovun qızıl ordenində təhqir olunan Azərbaycan bayrağı - ŞOK FOTO
Azərbaycanda məmurların əksəriyyəti rüşvətə və korrupsiyaya meylli olduğu kimi elmi və fəxri adlara, orden və medallara da biganə deyillər. Hər gün fəaliyyətlərindəki yarıtmazlıqlar artdıqca bu tip məmurların da sinəsində orden və medallar artır. Dövlətin verə biləcəyi bütün imtiyazlara, fəxri adlara yiyələnən məmurlar indi də ictimai təşkilatların təsis etdikləri ordenlərə, medallara, diplomlara... "layiq” görülürlər.
Fəxri ad, orden həvəskarlarından biri də Bakı Şəhər İcra hakimiyyətinin başçısı Hacıbala Abutalıbovdur. AzToday.az-a verilən məlumata görə, BŞİH-nin şefi bu ilin əvvəlində "Azərbaycanım” Beynəlxalq Jurnalı”nın təsis etdiyi "Azərbaycanın Qüruru” qızıl ordeninə layiq görülüb. Yüksək əyardan hazırlanmış bu ordenin maya dəyəri təxminən 1500 manata yaxındır. Hacıbala Abutalıbovun bu ordenə hansı "şərtlərlə”, nəyin müqabilində layiq görüldüyü barədə informasiyamız olmasa da, gəzən söz söhbətlərə görə mer bu ordenə görə xeyli "tərləməli” olub.
Qeyd edək ki, dünya praktikasında da belə hallar kifayət qədərdir. Dünyada bir sıra beynəlxalq təşkilatlar ödəniş əsasında orden və medallarla insanları təltif edir. Nümunə kimi Fransada özəl təşkilatın satdığı "Napoleon” ordenini göstərə bilərik - "Napoleon”un qiyməti isə 30 min dollardır. Biz iddia etmirik "Azərbaycanın Qüruru”na layiq görülmüş Hacıbala Abutalov bu qızıl orden üçün ödəniş edib. Ola bilər ki, bəlkə də orden verən təşkilatın kollektivinin BŞİH şefinə xüsusi sevgisi var və kollektiv pul toplayaraq ona qızıl ulduz düzəldirib. Ancaq kollektiv, necə deyərlər, "qaş düzəldikləri yerdə göz çıxarıblar”.
Belə ki, hörmətli Hacıbala Abutalıbova verilən "Azərbaycanın Qüruru” qızıl ordenində Azərbaycan Respublikasının dövlət bayrağı ciddi formada təhrif olunub.
Şəkildə də göründüyü kimi bayrağın üzərində ay-ulduz təsvir olunmayıb. Nə jurnal kollektivi, nə də Hacıbala Abutalıbov isə bunun fərqində deyillər.
Faktla bağlı Bakı Şəhər İcra Hakimiyyətinə 10 gün əvvəl yazılı sorğu göndərdik, hələ də sorğuya yoxdur.
Dövlətin atributunun təhqir olunaraq mükafat halında qəbul edilməsi sadəcə dövlət məmuruna yaraşmayan hərəkətdir.
Sonda onu da qeyd edək ki, Hacıbala Abutalıbovun Azərbaycan Respublikasının bayrağını tanıdığına qətiyyən şübhəmiz yoxdur. Görünür mükafatlandırma mərasimində merin fikri daha "ciddi məsələ”lərdə imiş…
Qarşı tərəf də münasibət bildirə bilər.
Miq.az