QÜRBƏT SULARI
Qürbətdə sulara pul atan qərib,
Nə olub, üstünü buludlar alıb?!
Yenə bahar gəlib, dərdin göyərib,
Tənhalıq ruhunu qəfəsə salıb?!
Eh, dostum… dəyişib o sən görənlər...
Dərdini qəriban anlayar ancaq.
Vətəndə yaşayıb - ömür sürənlər
Bir də uşaq kimi danlayar ancaq.
“Gedişin səbəbsiz” deyərlər sənə,
Qayıtmaq yolunu göstərən olmaz.
Ümidin dolaşar fələk çərxinə,
Elə tapdanar ki, yeri də qalmaz.
Gözlərin yol çəkər gələndə payız,
Gözlərsən Günəşi can həsrətiylə.
Səni səsləsə də hər cığır, hər iz,
Həsrət divar olar əsarətiylə.
Şaxtalar ruhunu qılınctək kəsər,
Solarsan anasız körpələr kimi.
Nə Gilavar əsər, nə Xəzri əsər,
Susarsan oxunmaz nəğmələr kimi.
Deyərsən: “Təbiət gələr insafa,
Qayıdıb dönərəm doğma ellərə...”
Qayıda bilməzsən, amma, bir daha
O səndən xəbərsiz ötən illərə!
Səni uzaq salan bivəfa yollar
Eh, hələ çoxunu uzaq salacaq...
Qürbət sularına atdığın pullar
Elə arzular tək yatıb qalacaq...
SƏNSİZLİYİN İLK GÜNÜ
"Əlvida" demək çətin deyildi, canım-gözüm...
Bir nəfəsdə söylənən cəmi bir söz,
üçcə heca -
Əl-vi-da!
Amma bunu eşitmək necə də ağır,
necə də çətindi.
Ayaqlarının altından yer qaçırmış kimi,
başının üstündə şimşək çaxırmış kimi...
Bəlkə ölmək belə bundan asandı...
Əlvida nə deməkdir, bilirsənmi?
Əlvida - Sabahların xeyir olsun,
gecən xeyrə qalsın deməməkdir.
Əlvida - Səni çoxxx sevirəm,
səndən ötrü ölürəm deməməkdir.
Gecələri birlikdə ulduzları saymamaqdır - əlvida.
Öpüşlərdən doymamaqdır.
Əlvida dedinsə, bir daha gözlərini şirin arzularla açmayacaqsan,
Əlvida dedinsə, telefon zənglərinə,
qapı tıqqıltılarına qaçmayacaqsan.
Pəncərən altında sevgilini görüncə
sevincindən ölməyəcəksən,
Görüş yerinə qəlbin çırpına-çırpına gəlməyəcəksən...
Sabaha az qalır...
Haralardasa ərşə çəkilmiş yuxum
və qırılmış ümidim əl-ələ verib dolaşırlar...
Günəş də dərdimdən xəbərsiz doğur,
hər sabah doğduğu kimi...
İnsanlar da bir-birinə aman vermədən işə tələsirlər
hər gün olduğu kimi...
Kimsə bilmir həyatımdan getdiyini,
Vida etdiyini
Bir mən bilirəm, bir də sən.
Bəlkə də zamanla bu qədər çəkilməz olmayacaq sənsizlik,
alışacağam.
Bəlkə də... amma indi,
indi sənsiz ölürəm...
"Əlvida"
Yaxşı ki, bunu sən mənə dedin,
mən sənə demədim.
Çünki, indi çəkdiyim əzabları sənin çəkməyinə dözə bilmərəm...
Çünki səni çox, özü də lap çox sevirəm.
Əl-vi-da!
Bir nəfəsdə söylənən cəmi bir söz,
üçcə heca...
Bunu eşitmək necə də çətin,
söyləmək necə də asanmış...
Canım-gözüm,
Sənsizliyin ilk günü nə ağır, nə yamanmış!
***
Bacarmırsan mənim kimi darıxmağı -
İçin-için, titrək-titrək,
və hərdən də hayqırıqlar qoparan bir fırtınatək...
Addımbaşı yola-izə boylanaraq ürkək-ürkək,
nisgilini ürəyində gizləyərək...
Öz-özünə gecə-gündüz “döz” deyərək,
amma bəzən ayrılığa üsyan edib
kükrəyərək...
Ümidini damla-damla toplayaraq,
ovuc-ovuc itirərək...
Yox, incimə,
Bacarmırsan mənim kimi darıxmağı...