
Dövlət Təhlükəsizliyi Xidmətində davam edən cinayət işi üzrə toplanmış ilkin sübutlar əsasında gömrük orqanlarında vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə qaçaqmalçılıq və külli miqdarda dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə bağlı cinayət əməllərinə görə Fərman Həmzə oğlu Məmmədli, Vasif Teymur oğlu Xıdırov, Cəmil Səlim oğlu Mehtiyev, Ateş Adem oğlu Atanur, Anar Kamran oğlu Məmmədov, həmçinin Əlamət Nazim oğlu Quliyevə müvafiq olaraq Cinayət Məcəlləsinin 200-1.2.2, 200-1.2.3 (dərman vasitələrinin qanunsuz dövriyyəsi), 206.3.2, 206.3.3 (qaçaqmalçılıq) və 314.2 (səhlənkarlıq) maddələri ilə ittiham elan olunmaqla barələrində məhkəmənin qərarları ilə həbs-qətimkan tədbiri seçilib. Dövlət Gömrük Komitəsinin rəhbərliyi tərəfindən Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi Sadiq Abduyev, Tibbi Xidmət İdarəsinin rəisi Fikrət Qədiməliyev, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Birinci yük şöbəsinin rəisi Araz Məmmədov və digərləri tutduqları vəzifələrdən azad edilməklə sərəncama götürülüblər. Hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Maraqlıdır ki, hazırda Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin infrastrukturu beynəlxalq standartların tələblərinə cavab verir. Bunu Gömrük Komitəsinin rəsmi saytından da oxumaq olar, ən müxtəlif tədbirlərdə gömrük rəsmilərinin dilindən eşitmək də mümkündür. Bakı Hava Limanında ümumi gömrük ərazisi müşahidə kameraları vasitəsilə 24 saat ərzində izlənir, sərnişin zallarında 20-dən artıq, yük terminalında 3, yerlərdə isə 6 monitor quraşdırılıb. Həmin texnoloji avadanlıqlar ən yüksək tələblərə cavab verən, dünyanın inkişaf etmiş ölkələrində istifadə olunan avadanlıqlardır. Bəs necə olub ki, bir yük maşını dərmanı hava limanından keçirib? Bu sıradan bir hadisədirmi?

Dövlət Gömrük Komitəsininin yüksək vəzifəlilərinin adının da dərman qaçaqmalçılığına qarışmasını əslində illərlə mətbuatda yazılan məlumatların təsdiqi kimi də qəbul etmək olar. Belə çıxır ki, gömrükçü məmurlar dərman preparatlarını şəxsi maraqları üçün – 25 faiz haqq almaqla ölkəyə keçirilməsinə imkan veribsə, digər qiymətli əşyaların da başqa ad altında ölkəyə keçirilməsi hallarına yol verə bilərdilər.Məsələn, brilyantı adi şüşə, qızıldan hazırlanmış zinət əşyalarını mis və ya digər daha ucuz materialdan hazırlanan zinət əşyası kimi rəsmiləşdirib ölkəyə keçirilməsini təmin edə bilərdilər.
Bunu hava limanındakı gömrükçülər özbaşına, yuxarılara məlumat vermədən edə bilərdilərmi?

Əlbəttə ki, yox. Uzağı 1-2 dəfə belə hərəkətlərə yol versəydilər, növbəti dəfə kənar bir qurumun deyil, elə DGK-nın Daxili Təhqiqatlar İdarəsi rəsmilərini qarşılarında görərdilər. Çünki ərazi 24 saat fasiləsiz olaraq izlənilir! Deməli, ərazidən rəsmiləşdirmə aparmadan mal-material keçirmək istəyən adam izləmə kameralarını "kor” etmək gücündə olmalıdır. Və ya qeydə alınan məlumatların bir kənara tullanmasını, məhv edilməsini təmin etmək iqtidarına sahib səlahiyyət sahibi olmalıdır.

Digər bir maraqlı məqam isə odur ki, DGK-da keçirilən əməliyyat Aydın Əliyev vəzifəsindən çıxarılandan cəmi 1 həftə sonra gerçəkləşdirilib. Rəsmi məlumata görə isə dərman qaçaqmalçılığı 2016-cı ildən həyata keçirilirmiş. Deməli, istintaq bir qədər ətraflı, geniş aparılsa, Aydın Əliyevin istirahətlə bağlı planları alt-üst olacaq. Yada salaq ki, Aydın Əliyev bu il aprelin 23-də tutduğu vəzifədən uzaqlaşdırılıb. O, işdən çıxarılandan sonra planları haqda danışarkən deyib ki, bir müddət istirahətə üstünlük verəcək. Rəsmi məlumata inansaq, aprelin 30-da isə məlum əməliyyat keçirilib və bu əməliyyat Aydın Əliyevin istirahətinin üstündən xətt çəkmək gücündədir. Onun rəhbərliyi altında çalışmış və hazırda istintaqa cəlb olunan yüksək vəzifəli gömrük işçiləri barəsində ifadə versələr, Aydın Əliyev də istintaqa cəlb oluna bilər(musavat.com).