“Azərbaycan bu uğurlara İlham Əliyevin prezidentliyi ilə imza atıb..."

“Azərbaycan bu uğurlara İlham Əliyevin prezidentliyi ilə imza atıb..."

İlham Məmmədov:“Azərbaycan bu uğurlara İlham Əliyevin prezidentliyi ilə imza atıb, ona görə də...”

“Hakim Yeni Azərbaycan Partiyasının qarşıdan gələn prezident seçkilərində növbəti dəfə namizədi partiyamızın sədri, ölkə Prezidenti cənab  İlham Əliyev olacaq. Budəfəki seçkilərdə də  yeganə namizədimiz odur və özü də o, tək bizim deyil, bütün Azərbaycan xalqının vahid namizədi kimi seçkilərdə iştirak edəcək”. Bunu 525.az-a açıqlamasında hakim Yeni Azərbaycan Partiyasından (YAP) olan millət vəkili İlham Məmmədov dilə gətirib.

Millət vəkili deyib ki, bu, təkcə onun özünün şəxsi fikri deyil, ətrafında 600 minə yaxın insanı birləşdirən hakim siyasi təşkilatın və onun hər bir üzvünün fikri, mövqeyidir. İ. Məmmədovun qeyd etdiyinə görə, hakim siyasi təşkilatda heç kəs  ölkə Prezidentindən savayı heç kimi prezidentliyə namizəd kimi görmür. YAP-çı millət vəkilinin fikrincə, çünki mərhum dövlət başçısı, böyük şəxsiyyət Heydər Əliyev kursunun layiqli davamçısı olan  indiki ölkə Prezidenti məlum  kursu uğurla davam etdirərək, son 9 illik hakimiyyəti dövründə Azərbaycanı dünyanın ən qüdrətli dövlətlərindən, sayılıb-seçilən, söz sahibi olan məmləkətlərindən birinə çevirib və çevirməkdədir. Millət vəkili eyni zamanda bildirib ki, Azərbaycanda həyata keçirilən iqtisadi, siyasi, demokratik inkişaf geridönməz xarakter alıb, bu gün dünyada artıq “Azərbaycan modeli” mövcuddur, dünya birliyi Azərbaycan adlı məmləkətlə və onun lideri ilə sözün əsl mənasında hesablaşır:

“ Elə bilirəm ki, bunları görməmək və görməzliyə vurmaq üçün siyasi cəhətdən korafəhm olmaq lazımdır. Bu uğurları, bu nailiyyətləri heç kim dana bilməz və heç bir halda da danmaq mümkün deyil. Dünyada 2008-ci ildən bu yana hələ də davam edən maliyyə-iqtisadi böhran fonunda Azərbaycan sürətli, sıçrayışlı və dinamik inkişaf yolu ilə əzmlə, yorulmadan addımlamaqdadır, inkişaf etməkdədir. Ölkəmizin, büdcəmizin gəlirləri ildən-ilə artmaqdadır, Azərbaycan kapital, sərmayə qoyulan ölkədən, artıq sərmayə, kapital, investisiya qoyan, yatıran ölkəyə çevrilməkdədir və çevrilib. Bu gün Azərbaycan qonşu Gürcüstana, qardaş, dost Türkiyəyə, beynəlxalq aləmdə yaxından əməkdaşlıq etdiyimiz Serbiyaya bir sıra layihələrlə bağlı yatırımlar qoymaqdadır. Bir neçə gün öncə Millə Məclisdə ratifikasiya edilən “TANAP” layihəsi  Avropanın enerji təhlükəsizliyində və onun enerji asılılığından qurtulmasında öz müsbət töhfəsini vermiş olacaq. Bu gün eyni zamanda, Azərbaycan dünya miqyaslı nüfuzlu mahnı, idman, mədəniyyət tədbirlərinə, siyasi toplantılara uğurla ev sahibliyi etməkdədir. Buna misal olaraq bir neçə ay öncə, bəzi məkrli daxili və xarici qüvvələrin cəhdlərinə baxmayaraq, çox uğurla reallaşdırılan “Eurovision-2012” mahnı yarışmasını, təxminən ayarım əvvəl keçirilən avtoralli yarışmasını, o cünlədən, 17 yaşlı qızlar arasında dünya çempionatını göstərmək olar. Azərbaycan artıq daha bir nüfuzlu yarışmaya da  ev sahibliyi etməyə hazırlaşır. Bu, Avropada ilk dəfə keçiriləcək olimpiya oyunlarının məhz Azərbaycanda reallaşdırılması ilə bağlı qəbul edilən tarixi qərardır”. 

İ. Məmmədovun bildirdiyinə görə, Azərbaycan 2020-ci il Olimpiya Oyunlarına ev sahibliyi etmək üçün namizədliyini vermişdi, ancaq bəzi subyektiv rəylər üzündən son anda bu imkandan məhrum edilmişdi:  “İndi çox sevindirici haldır ki, 2015-ci il Avropa Olimpiya Oyunlarına ilk ev sahibliyi edən məhz bizim ölkəmiz-Azərbaycan olacaq. Bu misalların sayını artırmaq da olar, ancaq elə hesab edirəm ki, bunlara o qədər də ehtiyac yoxdur. Yəni, demək istəyirəm ki, bu uğurlara Azərbaycan məhz  İlham Əliyevin prezidentliyi ilə imza atıb. Bundan sonra isə bizim başqa bir seçim etmək haqqımız yoxdur və partiyamızın rəhbərliyinin, tanınmış simalarının da dəfələrlə səsləndirdiyi kimi, növbəti seçkilərə də məhz İlham Əliyevin namizədliyi ilə gedəcəyik və Azərbaycan xalqının dəstəyi sayəsində onun növbəti möhtəşəm qələbəsinin şahidi olacağıq”.

Millət vəkili onu da deyib ki, Azərbaycan xalqı arasında İ.Əliyev qədər sevilən və dəstəklənən ikinci bir sima yoxdur: “Cənab Prezident bu yaxınlarda mənim deputat olduğum Yevlax rayonuna növbəti səfərinin etmişdi. Mən özüm bir daha ölkə Prezidentinin xalqımız, sadə insanlar tərəfindən necə böyük məhəbbətlə qarşılandığının və sevildiyinin şahidi oldum. İnsanlar az qala ürəklərini yarıb onu  ürəklərinin içinə belə qoymağa hazır idilər. Yəni, ölkə Prezidentinə insanlar, bütövlükdə xalqımız arasında olan hörməti, sevgi ifadə etmək üçün sözlər yetməz. Ona görə hakim partiya və siyasi komanda ilə yanaşı xalqımız da, İlham Əliyevi öz namizədi və növbəti 5 ilə Prezidenti kimi görmək istəyir. İnanıram ki, xalqımız bu dəfə də İlham Əliyevi ölkə Prezidenti seçməklə öz düzgün seçimini bir daha təkrarlamış olacaq ”.

“Vətəninfo.az”



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az