ABŞ-da 19 yaşlı gəncin mer seçilməsi dünya gündəmini zəbt edib. Brandon Paul adlı gənc Amerikanın Merilend ştatının İndian Head qəsəbəsinin meri seçilib. O, hazırda təhsilini onlayn davam etdirir. Paulun illik maaşı altı min dollar olacaq.
O mer seçildiyi qəsəbəni əvvəlki zamanına qaytaracağına, inkişaf etdirəcəyinə ümid edir: “Əminəm ki, qəsəbəni inkişaf etdirə bilərəm. Çox illər əvvəl, İndian Head inkişaf edən qəsəbələrdən biriydi. Mən bunu geri qaytarmaq istəyirəm. Mən iqtisadi təşviqləri istifadə edib, biznesləri cəlb etmək istəyirəm”.
Bu yaşdakı gəncin qazandığı uğurlar bütün dünya ölkələrində olduğu kimi, Azərbaycanda da maraqla qarşılanıb. Xüsusilə, gənclərə əlavə stimul verib. Doğrudur, Azərbaycanda mer seçkiləri ədalətli keçirilmir, təyinat əsasında olur. Seçkili orqanlara isə yaş məhdudiyyəti qoyulub. Buna əsasən, ABŞ gəncinin yaşı Azərbaycanda yalnız bələdiyyə üzvü olmağa yetir. Belə ki, ölkəmizdə birinci posta 35, millət vəkilliyinə 25, bələdiyyə üzvü olmağa ən aşağısı 18 yaş məhdudiyyəti qoyulub.
Maraqlıdır, seçkilər əsasında olarsa, Azərbaycanda 19 yaşlı gəncin icra hakimi olmaq şansı varmı? Seçki mütəxəssisi Gülağa Aslanlı azərbaycanlı gənclərin ciddi işlər görməyə qadir olduqlarını bildirdi: “Seçki Məcəlləsində mer seçkiləri anlayışı yoxdur. Bələdiyyə seçkilərində isə 18 yaş nəzərdə tutulub. Azərbaycan reallığında 19 yaşlı gənc bu vəzifəyə yetişə bilər. Çünki potensial buna imkan verir. Amma qanunlar hələ o səviyyədə deyil. Yaxınlarda ABŞ-da prezident Barak Obama ilə görüşmək üçün 30 gənc seçilmişdi. Bunlarda biri də, Bakıdan köçüb Amerikada yaşayan bir şəxs idi. Bu onu göstərir ki, Azərbaycan gəncinin potensialı, heç də ABŞ gəncinin potensialından geri qalmır. Azərbaycandakı ictimai-siyasi şərait buna mane olur. Gənclərimizin geoloji potensialı daha yüksəkdir”.
musavat.com