Azərbaycan Tərcüməçilər İttifaqı beynəlxalq TƏDBİRDƏ
Azərbaycan Tərcüməçilər İttifaqı beynəlxalq əlaqələrini inkişaf etdirmək və xarici təcrübəni öyrənmək məqsədilə 23-24 yanvar 2020-ci il tarixlərində Rusiya Federasiyasının Moskva şəhərində keçirilən "Qlobal Dialoq” şifahi tərcüməçilərin 3-cü beynəlxalq forumunun işgüzar proqramında iştirak etmişdir.
Forum dünyanın və MDB ölkələrinin aparıcı tərcümə şirkətlərini, peşəkar assosiasiyaları, şifahi və yazılı tərcüməçilərini, tərcümə müəllimlərini, təhsil müəssisələrini, tələbələri, eləcə də tərcümə müştərilərini əhatə edir və əsas məqsədi texnologiyanın inkişafı fonunda tərcümə sahəsində mövcud olan əsas trendləri və onların tərcüməçilərə göstərdiyi təsirləri öyrənmək, müxtəlif problemlərə birgə həll yolları axtarmaq və qarşılıqlı təcrübə mübadiləsi aparmaqdır.
Bir-birindən fərqli interaktiv formatlarda davam edən sessiyalarda aşağıdakı kimi məsələlərə toxunulmuşdur: gələcəyin tərcüməçisi, tərcüməçilərlə sifarişçilərin mübarizəsi, müasir tələblərə uyğun kadr hazırlığı, ali təhsil müəssisələri və işəgötürənlər (sahibkarlar) arasında dialoqlar, uğurlu tərcüməçiyə çevrilməməyin yolları, tərcüməçilərin emosiyalar və emosional intellekt barədə susduqları məqamlar, müxtəlif dillərə tərcümənin unikal tərəfləri və sair.
Proqram çərçivəsində "Qlobal Dialoq” forumu, Rusiya Tərcüməçilər İttifaqı, Qazaxıstan Tərcümə Forumu, "COSİNES Pi” sinxron tərcüməçilərin beynəlxalq müsabiqəsi ilə ATİ arasında müxtəlif mövzularda qarşılıqlı əməkdaşlıq imkanları müzakirə olunmuşdur. Tədbirdə Azərbaycan Tərcüməçilər İttifaqını Əli Əhmədov təmsil etmişdir.
Miq.Az