
-Sizcə, bəs Naxçıvanın status ilə bağlı hansı addımlar atılmalıdır?
– Naxçıvanla bağlı məsələ faktiki olaraq artıq həllini tapıb. Müvafiq idarəetmə orqanları formalaşıb və orada ciddi problem görmürəm. Yerli parlament varsa, fəaliyyət göstərsin – bunda heç bir problem yoxdur. Məsələn, Amerikada hər bir ştatın öz büdcəsi var, öz qərarlarını verir və bu, normal idarəetmə modelidir. Naxçıvanla bağlı əsas məsələ Ermənistanla sərhədin təhlükəsizliyinin gücləndirilməsidir. Bu sərhəd çox ciddi nəzarətdə saxlanılmalıdır. Son vaxtlar eşidirik ki, Sədərək rayonunun başqa bir rayonla birləşdirilməsi məsələsi müzakirə olunur. Birləşmə ola bilər, bunda problem yoxdur. Amma əsas prioritet sərhəd təhlükəsizliyidir. Çünki Naxçıvan Azərbaycan üçün strateji əhəmiyyətə malik bölgədir. Təxminən 2027–2028-ci illərdə Zəngəzur dəhlizinin tam istifadəyə verilməsi gözlənilir. Azərbaycan tərəfində demək olar ki, bütün işlər yekunlaşıb. Ermənistan tərəfdə isə təxminən 43 kilometrlik hissə qalır. Ermənistan rəhbərliyinin bu istiqamətdə yeni şirkət yaratmaqla bağlı açıqlamaları da var. Bu məsələdə dövlət başçısı çox düzgün strategiya seçib və logistikaya xüsusi önəm verir.
Biz qeyri-neft sektorundan danışırıqsa, logistika onun ən vacib qollarından biridir. Əgər Zəngəzur dəhlizi açılarsa, həm dəmir yolu, həm də avtomobil yolu vasitəsilə böyük gəlirlər əldə etmək mümkün olacaq. Düzdür, bu layihəyə qarşı olan ölkələr də var – Rusiya, İran və digərləri. Amma artıq bu məsələ öz həllini tapmaq üzrədir. Çünki beynəlxalq səviyyədə, o cümlədən ABŞ-nin iştirakı ilə müəyyən razılaşmalar əldə olunub. Cənab Prezident də dəfələrlə vurğulayıb ki, bu yol mütləq açılacaq və faktiki olaraq bu mövqe öz təsdiqini tapır.
– Gələn il Ermənistanla sülh sazişinin imzalanmasını gözləyirsinizmi, yoxsa seçkilərin nəticəsi həlledici olacaq?
– Hazırda Ermənistanda seçkilər ərəfəsində ciddi daxili siyasi mübarizə gedir. Mən bunu müşahidə edirəm: hakimiyyət nümayəndələri əhali arasında aktiv şəkildə görüşlər keçirir, insanlarla birbaşa ünsiyyət qururlar. Bu, onu göstərir ki, proses hələ yekunlaşmayıb. Əlbəttə, Rusiya istəyərdi ki, Ermənistanda ona daha loyal, sakit şəkildə idarə olunan bir hökumət formalaşsın. Amma mən inanmıram ki, bu, real ssenaridir. Çünki Rusiyanın özünün vəziyyəti hazırda olduqca ağırdır. Ukrayna müharibəsi fonunda Rusiya həm siyasi, həm də iqtisadi baxımdan ciddi problemlərlə üz-üzədir. Açıq desək, müəyyən mənada bu vəziyyətdə Rusiyanın ayaqda qalmasında ABŞ-nin dolayı təsiri də olub. Əks halda, Rusiya daha ağır nəticələrlə qarşılaşa bilərdi. İqtisadi baxımdan Rusiya ciddi çətinliklər yaşayır. Düzdür, Çin və Şimali Koreyadan müəyyən dəstək alırlar, amma daxili istehsal zəif olduğu halda bu, uzunmüddətli həll yolu deyil.
Zəngəzur dəhlizinin açılmasına gəlincə, hesab edirəm ki, bu prosesin qarşısını heç kim ala bilməz. Nə İran, nə Rusiya, nə də başqa bir dövlət bu dəhlizin açılmasına real maneə törədə biləcək gücdə deyil. Çünki bu layihədə ABŞ də maraqlıdır və Azərbaycanın beynəlxalq tərəfdaşlarla münasibətləri kifayət qədər yüksək səviyyədədir. Diqqət yetirsəniz, Donald Tramp çıxışlarında dəfələrlə Azərbaycan–Ermənistan münasibətlərinə və sülh prosesinə toxunub. Bu da həmin mövzunun Vaşinqton üçün əhəmiyyət daşıdığını göstərir. Amma bütün bunlarla yanaşı, hesab edirəm ki, Azərbaycan əsas diqqətini daxili məsələlərə yönəltməlidir. Xüsusilə iqtisadi islahatlar və insanların rifahının yaxşılaşdırılması prioritet olmalıdır. Bu, Azərbaycan hökumətinin əsas vəzifəsidir.
Eyni zamanda, Ermənistan–Avropa İttifaqı münasibətlərində baş verən bəzi proseslər də diqqətlə izlənilməlidir. Azərbaycanın Xarici İşlər Nazirliyi də bu yaxınlarda bəyanat yayaraq qeyd edib ki, Avropa İttifaqı ilə Ermənistan arasında müzakirə olunan bəzi müddəalar sülh prosesinə zərbə vura bilər.
–Avropa İttifaqı ilə Ermənistan arasında razılaşmada yer alan bəzi müddəalar, məsələn, Qarabağı tərk etmiş ermənilərin "hüquqlarının müdafiəsi” ilə bağlı məsələlər doğrudan da sülh prosesinə mənfi təsir göstərə bilərmi?
– Mən hesab edirəm ki, bu mümkün deyil. Aparılan siyasət onu göstərir ki, Paşinyan olsa da, olmasa da, cənab İlham Əliyevin apardığı siyasət nəticəsində bu saziş imzalanacaq. Hətta sabah Paşinyan seçilməsə belə, kim gəlsə də, bu proses davam edəcək. Çünki ortada başqa bir dövlət olsaydı, mən buna inanmazdım. Amma Amerika bu işin içindədir və sazişin imzalanacağını gözləyirəm. Hətta 2026-cı ilin təxminən avqust ayına qədər bu sazişin imzalanacağını düşünürəm. Çünki faktiki olaraq hazırda elə ciddi bir problem qalmayıb. Müəyyən təzyiqlər var, əlbəttə… Bizə qarşı həm Rusiyadan, həm də İrandan müəyyən təhdidlər mövcuddur. Zəngəzur dəhlizi ilə bağlı da müəyyən məsələlər var. Amma mən burada ciddi problem görmürəm. Mən problemi daha çox Ukrayna müharibəsində görürəm.
-Hansı problemləri nəzərdə tutursunuz?
-Belə görünür ki, Ukraynanın bu münaqişədən qalib dövlət kimi çıxmasını istəmirlər. Son vaxtlar Rusiya tərəfindən iki dəfə təkliflər oldu. Putinlə görüşlər keçirildi, Zelenski ilə görüşlər baş tutdu. Zelenski son günlər Avropada da görüşlər keçirdi və orada müəyyən dəyişikliklərə hazır olduqlarını bildirdi. Mən belə başa düşürəm ki, Zelenskinin dəyişdirilməsini istəyirlər. Elə bir adam gətirmək istəyirlər ki, o, təslimçilik xarakterli bir müqaviləyə imza atsın. Mən Ukraynanı çox yaxşı tanıyıram. Orada əsgərlikdə olmuşam, dostlarım var. Kuçma dövrünü də yaxşı xatırlayıram, mərhum Kravçukla yaxın münasibətdə olmuşam. Mən inanmıram ki, Ukrayna məğlub dövlət olmaqla barışsın. Sabah hökumət razılaşsa belə, bu, cəmiyyətdə ciddi narazılıq yaradacaq. Burada məsələ elə həll olunmalıdır ki, Ukraynanın uduzması MDB dövlətləri üçün ciddi problemlər yaratmasın. O cümlədən bu, Avropa üçün çox ciddi təhlükələr yarada bilər. Digər tərəfdən də Rusiyaya "dur” deyən bir qüvvə olmalıdır. Çünki Rusiya bu işğalçılıq siyasətini əvvəllər Gürcüstanda apardı, bir nəfər bir söz demədi. Sonra Moldovada oxşar vəziyyət yarandı, yenə reaksiya olmadı. İndi Ukraynada bu vəziyyət yaranıb, amma hələ də qəti mövqe yoxdur. Təkliflər isə əsasən "sən torpaq ver” məntiqi üzərində qurulub.
- Amma Azərbaycan vaxtında vəziyyətdən uduşla çıxa bildi…
- Əgər İlham Əliyev zəif lider olsaydı, Azərbaycan Qarabağı azad edə bilməzdi. Amma apardığı siyasət, güclü ordu quruculuğu və beynəlxalq müstəvidə görülən işlər nəticəsində Azərbaycan həm güclü ordu yaratdı, həm də torpaqlarını işğaldan azad etdi. 200 il ərzində torpaqlarımız əldən gedirdi, bu isə ilk dəfə idi ki, geri qaytarıldı. Mən bunu çox yüksək qiymətləndirirəm.
Hazırda bizim üçün əsas problemlərdən biri sosial məsələlərdir. Amma bunlar zamanla öz həllini tapacaq. Ukrayna məsələsi isə həqiqətən çox ciddidir. Mən görürəm ki, dəyişikliklər istəyirlər. Digər tərəfdən isə Trampın apardığı siyasətin Rusiyanı çökdürməyə hesablandığını görürəm. Rusiyanı elə çökdürmək istəyirlər ki, bir daha özünə gələ bilməsin. Zatən Rusiya gec-tez parçalanacaq.
Elçin Rüstəmli
Elvin Bəyməmmədli
"AzPolitika.info"