Prezidentin sərəncamı kimlərə şamil olacaq?

Prezidentin sərəncamı kimlərə şamil olacaq?
Azərbaycan Respublikasında həyata keçirilən sosial-iqtisadi islahatlar və vətəndaş rifahının yüksəldilməsi strategiyası çərçivəsində növbəti humanitar addım atılıb. Prezident İlham Əliyevin xüsusi diqqət və qayğısı nəticəsində paytaxtın infrastruktur problemlərindən əziyyət çəkən sakinlərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində mühüm qərar qəbul edilib.

Bu qərar, xüsusilə sel və daşqınların fəsadları ilə üzləşən vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi baxımından müstəsna əhəmiyyət kəsb edir. Dövlət tərəfindən ayrılan vəsait həm evlərin bərpasına, həm də sakinlərə birbaşa maddi dəstək göstərilməsinə xidmət edəcək.

Miq.az Nocomment.az-a istinadla xəbər verir ki, sosioloq Fəxri Nəbizadə bu addımın cəmiyyətdəki psixoloji və sosial sabitliyə təsirini yüksək qiymətləndirib.

Ekspert bildirib ki, dövlətin kritik anlarda vətəndaşın yanında olması xalq-iqtidar birliyinin ən bariz göstəricisidir: "Təbii fəlakətlər və ya infrastruktur qəzaları nəticəsində mülkiyyətinə zərər dəymiş vətəndaşlar üçün bu cür sərəncamlar təkcə maddi yardım deyil, həm də böyük bir mənəvi dayaqdır. İnsanların evlərinin təmir olunması və əşyalarına görə təzminat verilməsi cəmiyyətdə dövlətə olan inamı daha da sarsılmaz edir”.

Onun sözlərinə görə, kirayəhaqlarının ödənilməsi sakinlərin sosial gərginliyini minimuma endirəcək: "3 aylıq kirayə pulunun ödənilməsi ailələrin məişət qayğılarından azad olaraq normal həyata qayıtmasına şərait yaradır ki, bu da sosioloji baxımdan sağlam cəmiyyət modelinin qorunması deməkdir”.

İqtisadçı ekspert Oqtay Səlimov isə məsələnin maliyyə və iqtisadi tərəflərinə aydınlıq gətirərək qeyd edib ki, bu, dövlət büdcəsinin sosial yönümlü olduğunun növbəti sübutudur.

İqtisadçı bildirib ki, Nizami rayonu, Keşlə qəsəbəsi M.Ə.Sabir və B.Mirzəyev küçələrindəki 61 fərdi yaşayış evinin bərpası üçün ayrılan vəsait şəffaf qiymətləndirmə əsasında həyata keçirilir: "Dövlətin zərər çəkmiş vətəndaşlara maddi yardım ayırması, həmçinin yararsız hala düşmüş əşyaların qiymətləndirmə xərclərini öz üzərinə götürməsi çox operativ bir iqtisadi yanaşmadır. Bu, fərdi təsərrüfatların maliyyə yükünü birbaşa azaldır və yerli iqtisadiyyatda istehlak gücünün qorunmasına kömək edir”.

Onun sözlərinə görə, bank xərclərinin də qarşılanması vətəndaşın əlavə itkiyə məruz qalmaması üçündür: "Prezidentin sərəncamında kirayəhaqları ilə yanaşı, bank əməliyyatı xərclərinin də dövlət tərəfindən ödənilməsi bəndinin yer alması o deməkdir ki, vətəndaş ona ayrılan vəsaiti bir qəpik də ödəmədən, tam şəkildə əldə edəcək”.

Xatırladaq ki, sözügedən işlərin icrası Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən həyata keçiriləcək və sel sularının təsirinə məruz qalmış 61 evin tam təmir-bərpası təmin ediləcək.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az