Azərbaycanda qətldə şübhəli bilinən polis Budapeştdə gizləndi

Azərbaycanda qətldə şübhəli bilinən polis Budapeştdə gizləndi

Ölkədən qaçan Rövşən Cavadov Salyan rayon bələdiyyəsinin keçmiş sədrinin qardaşıdır

Salyan rayonunda qətl törətməkdə təqsirləndirilən keçmiş polis əməkdaşının hansı ölkədə gizləndiyi məlum olub. İstiPress-in APA-ya istinadla verdiyi məlumata görə, 2015-ci ilin noyabrında Elçin Qasımov adlı şəxsi qətlə yetirərək həyətində basdırmaqda şübhəli bilinən Rövşən Cavadovun Macarıstanın Budapeşt şəhərində gizləndiyi müəyyən olunub.

Hazırda Azərbaycanın hüquq-mühafizə orqanları həmin ölkənin aidiyyəti qurumları ilə onun saxlanılması istiqamətində danışıqlar aparır.

Qeyd edək ki, Salyan rayonunda 2015-ci ilin noyabr ayında itkin düşdüyü bildirilən 26 yaşlı Qasımov Elçin Mirqələm oğlunun meyiti rayon sakini Cavadov Rövşən Cavad oğlunun həyətində aşkarlanıb.

Rövşən Cavadovun keçmiş polis əməkdaşı olduğu bildirilir.

Salyan rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, daxil olan məlumat əsasında həyata keçirilən araşdırmalar zamanı qətlin rayon sakini Rövşən Cavadov tərəfindən törədilməsi müəyyən edilib. Bildirilib ki, R. Cavadov E.Qasımovu öldürdükdən sonra onu öz həyətində basdırıb və ölkəni tərk edib.

R. Cavadov Salyan rayon bələdiyyəsinin keçmiş sədr müavini Rafiq Cavadovun qardaşıdır. E.Qasımovun cəsədinin qalıqları eksqumasiya edilib.

Bir neçə gün əvvəl R. Cavadovun hərbi xidmətdə olan oğlu Ağacavad Cavadzadə ordudan geri çağırılaraq həbs edilib. O Cinayət Məcəlləsinin 307.3-cü (qabaqcadan vəd etmədən xüsusilə ağır cinayəti gizlətmə) maddəsi ilə təqsirləndirilir.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az