Azərbaycanla Türkiyə illik ticarət dövriyyəsini artırmağı düşünür

Azərbaycanla Türkiyə illik ticarət dövriyyəsini artırmağı düşünür

Azərbaycan və Türkiyə arasında illik ticarət dövriyyəsi 15-20 mlrd. dollar səviyyəsinə qədər qalxa bilər.

Vətəninfo.az “APA-Economics”ə istinadən  xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Türkiyənin Azərbaycandakı səfiri Alper Coşkun Bakıda keçirilən Azərbaycan-Türkiyə biznes forumdan sonra bildirib.

 

Forum barədə danışan səfir qeyd edib ki, hər il təşkil edilən belə toplantılarda bir sıra mühüm qərarlar qəbul edilir: “Bu qərarlarda, iki ölkə arasında həm qarşılıqlı investisiyaların həyata keçirilməsi, həm də ticarət əlaqələrinin hazırkı 4-5 mlrd. dollarlıq səviyyədən daha yüksək səviyyəyə, yəni illik 15-20 mlrd. dollar səviyyəsinə çıxarılması kimi hədəflər müəyyənləşdirilib. Eyni zamanda, Azərbaycan və Türkiyə iş adamlarının həyata keçirəcəkləri qarşılıqlı investisiya layihələrindən həm də üçüncü ölkələrin bu layihələrə cəlb edilməsi məsələsi gündəmdədir”.

 

Diplomat bildirib ki, biznes forumda Türkiyədən gələn iş adamları müəyyən sektorlar üzrə azərbaycanlı tərəfdaşları ilə bir çox sahələrdə ikitərəfli danışıqlar aparacaqlar: “Onlar həm də birlikdə, həm də üçüncü dövlətlər üçün hansı sahələrdə əməkdaşlıq edə biləcəklərini müəyyənləşdirəcəklər. Bunlar çox mühüm təşəbbüslərdir. Çünki, iş adamlarının ehtiyac duyduqları bəzi mühüm amillər var. Bunlar siyasi sabitlik, iqtisadi inkişaf üçün mühitin yaradılması və dövlət nümayəndələrinin bunlar üçün siyasi iradə göstərmək bacarıqlarıdır. Həm Türkiyədə, həm də Azərbaycanda iş adamlarını bu məsələdə dəstəkləmək üçün münbit şərait yaranıb”.

 

Səfir bildirib ki, dünyada gedən iqtisadi tənəzzülə və yaxın bölgələrdə baş verən proseslərə baxmayaraq, Azərbaycan güclü inkişaf yolunda yeni hədəflər müəyyənləşdirərək uğurla addımlamaqdadır.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az