Bağışla qızım... Səni böyüdə bilmədik
Anar Bayramoğlu
Bir ildir
artıq bizi tərk etdiyin. Mən sənin haqqında "öldü” ifadəsini heç zaman
qəbul edə bilmədim, gül üzlü mələyim. Ona görə də "tərk etdi” ifadəsini
deyirəm. "Ölüm” sözü heç sənə yapışmır, yaraşmır. Həm də axı sən
ölməmisən. Mənim ürəyimdə yaşayırsan. İndi cümlələri yazdığımda düz bir
il öncə, hər zaman ürəyimdə yara olacaq o məşum tarix, avqustun 5-i
yadıma düşür. Həmin günün səhəri gözlərim önündə canlanır. Mən işə
getdiyimdə, "ata, gələndə mənə "kukruz” al sözün hələ də qulaqlarımda
cingildəyir. Mən "kukruz” alacaqdım, amma sən gəlişimi gözləmədin. Ən
son öpüb məni qapıdan yola saldığın anı heç unutmadım, mələyim. Səhər
məni işə yola salıb, gecə saat neçədə gəlsəm belə, yolumu gözləyən
çiçəyim! Bir ildir hər gün qapını döydüyümdə, sənin səsinin qapı
arxasından gələcəyini "ata, gözlə açıram” deməyini gözlədim. Səsini,
sözlərini, "ata, səni lap çox istəyirəm” deyimini bu bir ildə hər gün
dəfələrlə eşitmişəm sanki, sənin səsinlə duymuşam. Bir ildə çox şey
dəyişdi, Cavidanım...
Getməyinlə, hər şeyi dəyişdin. Evimiz
dəyişdi, həyatımız dəyişdi, əvvəl sevimli olan qohumlara münasibətimiz
dəyişdi. Hər şey bir anın içində çevrildi sanki. Amma... Amma bir şey
dəyişmədi. Sənə olan sevgimiz dəyişmədi. Sənin yoxluğuna bir ildə alışa
bilmədik ki, sevgimiz də dəyişsin. Həyatının ilk sevincini itirmək o
qədər acıdır ki, qızım. Sən ömrümün ilk sevinci idin. Bu acını yaşadım
sənin yoxluğunla. Yoxluğuna görə o qədər təsəllilər eşitdim ki,
saysız-hesabsız. Amma heç bir təsəlli, heç bir söz ovundurmadı. Sənin
yoxluğunu heç cür qəbul edə bilmədim. İndi də etmirəm. Edə bilmirəm axı
gözəl mələyim. Səninlə bağlı o qədər arzularım var idi. Hamısı bir anda
puç oldu. Sənin faciəli gedişinlə, mən hər şeyimi itirdim. Bilmirəm buna
qismətmi deyim, Allahın sınağımı deyim. Qismət idisə, nədən belə bir
qismət? Sınaq idisə, niyə bu cür sınaq? Bu suallara cavab tapa bilmirəm.
Necə ki, pəncərəmizdən düşdüyün an necə kömək istəmisən, ağlamısanmı,
gülmüsənmi, o an nə demisən?!, sualları məni rahat buraxmadığı kimi,
Allahın niyə belə tale yazdığı sualı da rahat buraxmır. "Hər şeydə
Allahın hikməti var” deyirlər. Amma belə hikmət? "Allah ədalətlidir”
deyirlər. Belə ədalət? Bəlkə də deyilənlər doğrudur. Hər pis hadisədə
bir xeyir var deyimi bəlkə də düzdür. Amma bildiyim tək doğru, sənin
ürəyimdə əbədilik olaraq yaşayacağındır. Ta ki, mən əbədiyyətə
qovuşanadək, sənin yanına gələnədək. Allahın hikməti varsa, ədaləti
varsa, biz o biri dünyada qovuşacağıq, mələyim. Ən böyük təsəllim o
dünyada qovuşa biləcəyimizə inanmağımdır. Dini yozumlara görə, uşaqlar
valideynləri o dünyaya gedərkən, onları gözləyirlər. Mələk olduqları
üçün, mələklərdən valideynləri ilə bir olmağı xahiş edirlər. Buna
inanıram. Sən də bir mələksən. Heç kəsi olmasa da, məni yanına alacağına
inanıram qızım.

Bir də... Bir də zamanın tez keçməsini o qədər arzulayıram ki. Çünki
ömrümdən gedən hər il, ay, gün, saat, dəqiqə məni sənə yaxınlaşdırır.
Mən bilmirəm nə zaman sənə çatacam. Bütün hallarda hər kəsin sən olduğun
dünyaya gələcəyi kimi, mən də gələcəm. Bir təsəllim bu. Digər təsəllim
isə qardaşının var oluşudur. Sənin ətrini aldığımız, sənin də çox
istədiyin, "Tutuşum” dediyin Turanımızdır... O mələk ruhunun mənimlə,
bizimlə olduğunu bilirəm. Ən pis zamanımda, yuxuma gəlib "ata, üzülmə,
hər şey yaxşı olacaq” deməyin, ruhunun evimdə olduğunun işarəsidir.
Başqa nəsə yaza bilmirəm. 5 illik ömrünlə, o qədər xatirələr qoymusan
ki, gözəl qızım. Onları belə kiçik həcmli yazıya sığışdırmaq
mümkünsüzdür. Sadəcə sənə, sənin ruhuna üzr borcum var. "Qızım! Sənə bir
şey olsa, ölərəm” deyirdim. Amma mən sənsiz ölmədim. Buna görə bağışla
məni, gözəl mələyim. Gül üzlü, mələk qızım! Bir də... Bir də bağışla,
səni böyüdə bilmədiyimiz üçün. O dünyada görüşənədək Cavidanım....
P.S.
Bütün valideynlərə səslənirəm. Övladlarınızı qoruyun! Övladlarınıza
məsuliyyətlə yanaşın. Allah heç birinizə övlad acısı yaşatmasın...