Bakı Qarabağın “statusu”nu bu cür dəfn edəcək – Köçəryan

Bakı Qarabağın “statusu”nu bu cür dəfn edəcək – Köçəryan

Əsirlərin qaytarılmasından sonra Azərbaycan daha bir neçə əsir götürəcək. Ermənistandan Qarabağa hərbçilərin göndərilməməsinə dair zəmanət alana qədər bu cür davam edəcək.

Axar.az xəbər verir ki, bunu Ermənistanın eks-prezidenti Robert Köçəryan deyib.

"Əminəm ki, əsir məsələsi həll edilmədən hansısa əlaqə olmamalıdır. Bu, gərək bizim sonrakı bütün addımlarımız üçün ön şərt olsun. Hakimiyyətin bunu niyə etməməsinə dair cavab yoxdur. Üçtərəfli görüşə qədər və ya onun gedişində əsir məsələsi həll edilməliydi.

Erməni əsirlərinin qaytarılmasından sonra Azərbaycan yenə əsir götürəcək. Ermənistandan Qarabağa hərbçi göndərilməməsi ilə bağlı İrəvandan zəmanət alana qədər bu, davam edəcək. Bunun dəyəri budur. Bu hakimiyyət buna gedəcək. Ona görə ki, onların burunlarından tutub ora-bura yönləndirirlər”, – deyə o bildirib.

Köçəryan hazırda Ermənistan sərhədlərinin hərbçilər tərəfindən qorunmadığını deyib:

"Sünikdə baş verənlər sadəcə biabırçılıqdır. Elə məntəqələr var ki, azərbaycanlılar sadəcə nömrəni dəyişməklə birbaşa İrəvana gəlib çıxa bilərlər. Onları heç kim saxlamayacaq və soruşmuyacaq ki, o, burada nə edir, nə üçün gəlib. Bu normal deyil. Öz sərhədlərini qorumayan dövlət yoxdur. Sərhədlərin müdafiəsi faktiki olaraq kənd icmalarının rəhbərlərinə həvalə ediləndə, anormal situasiya olur. Belə təəssürat var ki, dövlətin bununla (sərhədlərin qorunması ilə) heç bir əlaqəsi yoxdur. Məgər sərhədlərin müdafiəsi qanunla kənd başçılarına tapşırılıb?”

Köçəryan nəqliyyat kommunikasiyalarının açılması məsələsinin bütün həll variantlarında son akkord kimi müzakirə edildiyini bildirib:

"İndi Azərbaycan güc yolu ilə ərazi məsələsini həll edib. Bizim heç nəyimiz qalmayıb. Qarabağın statusu nəyin qarşılığında müzakirə ediləcək? Bakı hesab edir ki, məsələ həll edilib və biz son mərhələyə daxil olmuşuq. İndi Azərbaycan çalışacaq ki, Qarabağda erməninin qalmaması, ya da Azərbaycan hakimiyyətini qəbul edəcək qədər az sayda erməninin qalacağı situasiya yaratsın”.

Eks-prezidentin sözlərinə görə, Ermənistan üçün əsas problem Mehrinin Rusiya sərhədçiləri tərəfindən nəzarət altına alınacağı yox, Rusiyaya qədər olan 850 kilometr uzunluqdakı kommunikasiyadır:

"Erməni tərəfinin buna hansısa təsiri olmayacaq. Azərbaycan tək bir tarif siyasəti ilə erməni tərəfi üçün bu kommunikasiyaların istifadəsini mümkünsüz edəcək. Bu məsələ üzrə də tərəflərdən biri can atdığı hər şeyi aldı, digəri isə prosesə təsir rıçaqlarını yox, yalnız ümid qazandı”.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az