Bayramınız mübarək, Azərbaycan Polisi!

 Bayramınız mübarək, Azərbaycan Polisi!
Azərbaycan olduqca çətin, mürəkkəb coğrafiyada yerləşir. Ölkəmiz Qərblə Şərqin, Şimalla Cənubun, fərqli və qüdrətli mədəniyyətlərin, sivilizasiyaların həm toqquşma, həm uzlaşma imkanlarına sahib unikal bir məkan, qovşaqdır.

"Körpü, qovşaq ölkə” statusu bizə təkcə üstünlüklər yox, həm də çoxsaylı risk və təhlükələr yaradır: hər kəs bu "körpü, qovşaq ölkə”nin öz nəzarətində olmasına çalışır, bunun üçünsə təkcə çöldən yox, daha çox da içdən davamlı və sistemli pozuculuq işi aparır...

Bu baxımdan, Azərbaycanın müstəqil dövlət ola və müstəqil siyasət yeridə bilməsinin birinci və ən vacib şərti ölkənin təhlükəsizliyini, daxili sabitliyi və ictimai asayişi təmin etmək, xalqımızı həm içdən, həm də çöldən gözləyən bütün risk və təhlükələrdən zamanında qorumaqdır!

Təhlükəsizliyi təmin edilməyən, daxili sabitliyi olmayan ölkə heç bir uğura imza ata, hər hansı müstəqil siyasətdən danışa və rifah dövlətinə çevrilə bilməz!

Bu gün Azərbaycanımızın təhlükəsizliyinin təmin edilməsində, ictimai-siyasi sabitliyin qorunub saxlanmasında müstəsna rolu olan, ən çox çalışan, ancaq həm də ən çox tənqid hədəfinə tuş gələn bir peşə təmsilçilərinin – Azərbaycan Polisinin bayramıdır!

Kim nə deyir, desin: biz 2020-ci ilin Vətən Savaşında və 2023-cü ilin antiterror əməliyyatlarında həm də ona görə uğur qazana bildik ki, Azərbaycan Polisi üzərinə düşən ən mühüm vəzifəni ləyaqətlə və peşəkarlıqla yerinə yetirməyi bacardı!

Əgər düşmən və onun himayədarları illər boyu ölkəmizin içərisində yetişdirib, kritik anlar üçün hazırladığı qüvvələri Ordumuzun şücaətlə ön xətdə irəlilədəyi günlərdə arxada hərəkətə keçirməyi və içimizə nifaq, təfriqə salmağı bacarsaydılar, hər şeyi bircə anda itirə bilərdik! Ən azı, 1990-95-ci illər aralığında yaşanan olayları xatırlayın: bütün uğursuluqlarımızın və faciələrimizin, yaşadığımız çətinliklərin təməlində daha çox daxili sabitliyin təmin edilməməsi, nizamsızlıq və xaos dururdu!

Şükür ki, bu xaos, hərc-mərclik, başıpozuqluq dönəmi bitdi, ayrı-ayrı silahlı qrupların, cinayətkar dəstələrin və şəxslərin dövlətə öz şərtlərini diktə etmək və istədiyi kimi davranmaq ənənələrinə son qoyuldu!

Uzun illər ən böyük arzumuz, duamız Azərbaycan Polisinin Şuşada, Xankəndidə, Xocalıda, Laçında, Kəlbəcərdə, Qubadlıda, Zəngilanda, Ağdamda, Ağdərədə... keşik çəkdiyi günləri görmək idi, onu da gördük!

Bundan sonrakı əsas işimizsə divarlarını - sərhədlərini yenicə bərpa edə bildiyimiz evimizin – dövlətimizin içini Cənnətə çevirmək, onu ƏDALƏTİN və QANUNUN hakim olduğu, dəyərlərimizin sayıqlıqla qorunduğu rifah dövlətinə çevirməkdir!

Şübhəsiz ki, bu işdə də ən böyü yük, ağırlıq yenə Azərbaycan Polsinin üzərinə düşür!

Öz vəzifələrini yerinə yetirərkənsə, Azərbaycan Polisi bizdən öncəki fatehlərin və müdriklərin iki deyimini heç vaxt unutmamalıdır: birincisi, "Məmləkətlər qılıncla fəth edilər, ancaq yalnız ədalətlə idarə olunar”; ikincisi, "Ədalətsiz güc zalım, gücsüz ədalətsə aciz olar!”

Həmişə ölkəmizi, xalqımızı, dəyərlərimizi təhlükələrdən qoruyan ƏDALƏTLİ GÜC olmanız arzusuyla, bayramınız mübarək, Azərbaycan Polisi! 

Elxan Şükürlü



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az