Belarus Dövlət Sərhəd Komitəsinin sədri Azərbaycanda rəsmi səfərdə olub

Belarus Dövlət Sərhəd Komitəsinin sədri Azərbaycanda rəsmi səfərdə olub
Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi - Sərhəd Qoşunlarının Komandanı general–polkovnik Elçin Quliyevin dəvəti ilə Belarus Respublikası Dövlət Sərhəd Komitəsinin (BR DSK) sədri general-polkovnik Maltsev Leonid Semyonoviçin başçılıq etdiyi nümayəndə heyəti avqustun 4-5-də Azərbaycanda rəsmi səfərdə olub.
Vətəninfo.az-ın APA-ya istinadla məlumatına görə,  nümayəndə heyəti Heydər Əliyevin və Zərifə Əliyevanın məzarları önünə əklil qoyublar, daha sonra Şəhidlər Xiyabanını ziyarət edərək Azərbaycanın müstəqilliyi uğrunda həlak olanların xatirəsini yad ediblər.

 Səfər çərçivəsində qonaqlar Dövlət Sərhəd Xidməti Aparatında  Dövlət Sərhəd Xidmətinin rəisi – Sərhəd Qoşunlarının Komandanı general-polkovnik Elçin Quliyev tərəfindən qəbul ediliblər.

 Görüş zamanı Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti və Belarus Respublikası Dövlət Sərhəd Komitəsi arasında ikitərəfli əlaqələrin perspektivlərinə dair fikir mübadiləsi aparılıb. Tərəflər arasında sərhəd təhlükəsizliyinin təmin olunması, miqrasiya proseslərinin idarə edilməsi, dövlət sərhədindən buraxılış məntəqələrinin fəaliyyəti, təcrübə mübadiləsinin davam etdirilməsi, o cümlədən inteqrə edilmiş sərhəd idarəçiliyi sahəsində həyata keçirilən layihələr çərçivəsində əməkdaşlığın genişləndirilməsi və digər maraq doğuran məsələlər müzakirə edilib.

 Azərbaycanın dövlət sərhədindəki əməliyyat şəraiti və mövcud təhdidlər, o cümlədən Ermənistanın təcavüzü nəticəsində ölkə ərazisinin 20 faizinin və dövlət sərhədlərinin bir hissəsinin işğal altında qalması qeyd edilib, həmçinin sərhəd təhlükəsizliyinin gücləndirilməsi, müasir təlim-tədris sisteminin yaradılması istiqamətində görülmüş işlər və əldə olunmuş nailiyyətlər barəsində məlumat verilib.

 Səfər çərçivəsində nümayəndə heyəti Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi, Akademiyası, "Sərhədçi” İdman Olimpiya Mərkəzi, Xüsusi Məktəb, atçılıq mərkəzi və digər bölmələrinin fəaliyyəti ilə tanış olublar.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az