Bərdə Məhkəməsindən- Ədalətli QƏRAR
Noyabrın 11-də Bərdə ƏSMM-inin şəhid anası Əsli Muradovaya qarşı qaldırdığı iddia üzrə Bərdə rayon Məhkəməsinin iclası keçirilib. Hakim Əhməd Sarıyev iddiaçının nümayəndəsi Səriyə xanımı kürsüyə dəvət edərək ötən dövr ərzində məhkəmə araşdırılmasının aparıldığını onun nəzərinə çatdırıb. Fakt üzrə işlərin araşdırılması zamanı əngəllərin yaradılmasından da danışılıb. Kapitalbankdan xətti ekspertizaya təqdim etmək üçün cəmi bir sənəd əldə etmək mümkün olub. Guya bankı su basıb, sənədlər məhv olub. Xətti ekspertizaya göndərilən həmin bir sənəddə də şəhid təqaüdünün alınmasına görə çəkilən imzanın Əsli Muradovaya aid olmadığı aydın olub. Beləliklə, Ə. Muradovaya qarşı qaldırılan iddia təmin edilməyib.
Miq.az-a daxil olan məlumata görə, hakim Bərdə ƏSMM-nin geriyə dövlətə ödənilmək üçün tələb etdiyi pulların Ə. Muradovanın almadığını bildirərək dövlət vəsaitinin mənimsənilməsi faktını müəyyən etdiyini deyib. Qeyd edək ki, burada söhbət 10.000 manata yaxın şəhid təqaüdünün Bərdə ƏSMM-də yoxa çıxmasından gedir. Bərdə RPŞ-da bu barədə olan araşdırmasının düzgün aparılmadığını, başdangetdi nəsə yazıldığını vurğulayan hakim işin Respublika Prokurorluğunun Korrupsiya İdarəsində baxılmaq üçün qətnamə çıxaracağını bildirib. Aidiyyəti üzrə günahkarları tapmaq üçün cinayət işi açılmalıdır- deyib.
Maraqlı məqam isə hakimin Bərdə ƏSMM-nin nümayəndəsinə verdiyi məsləhətdir. Hakim Ə.Sarıyev Bərdə ƏSMM-nin nümayəndəsinə deyib ki, istəsəniz Kapitalbankı məhkəməyə verib, onlardan qeyri-qanuni yolla verdikləri pulları geri tələb edə bilərsiniz. Guya Bərdə ƏSMM-nin günahı yoxdur. Günahkar tək Kapitalbankın Bərdə filialıdır.
Xatırladaq ki, 2007-ci ildə şəhid anası Əsli Muradova şəhid ailələri üçün ayrılan prezident təqaüdü alıb. 2008-ci ildə isə həmin qurumun baş mühasibi Abış müəllim hərbi komissarlıqdan şəhidliyi təsdiq edən arayış tələb edib. İstənilən arayışı ala bilməyən ana Bərdə ƏSMM-nə bir daha getməyib. Həmin vaxt prezidentə məktub yazıb. Azərbaycan Respublikasının Hərbi Komissarlığından anaya gələn məktub da heç nəyi dəyişməyib. Ondan sonra əlacı kəsilən Ə. Muradova təqaüd dayandı deyə gozünü prezident təqaüdündən çəkib. 2014-cü ildə isə ona Bərdə ƏSMM-dən məktub göndərilib ki, sən şəhidliyi təsdiq edən sənəd gətir. Aydın olub ki, Sən demə şəhid anasının üzünü qapıdan çölə salandan sonra şəhidin qanpulunu başqaları dədələrinin pulu kimi rahat-rahat alıb götürüb. Şəhid anası yuxarı orqanlara yazdığı məktubun cavabını ortalığa çıxarandan sonra ƏSMM rəsmilərinin yalanı açılıb. Bu boyda həngamədən sonra demək olarmı ki, Bərdə ƏSMM-nin günahı yoxdur.
Miq.az-a Bərdə ƏSMM-dən daxil olan məlumatlara görə şəhid təqaüdünü mənimsəyənlərin kimliyi onlara bəllidir. Həmin vaxt mərkəzin işçiləri olan Fəridə və Hökumə bacıları tərəfindən bu pullar alınıb. Bildirildiyinə görə ƏƏSM naziri cənab Səlim Müslümovun təpkisindən sonra kapitalbankın bankomatı açılıb və bu bacıların ailə üzvlərinin həmin kartla pulları çıxararkən təsvirləri görünüb.
Sevinc Muradova
Miq.az