Azərbaycan mətbuatında kimi çənəsinə güc verir kimi də qələminə. Kimi də əmək verib, zəhmət çəkənlərin əziyyətini qiymətləndirməklə məşğuldur və bu halda onun əməyi demək olar ki, arxa planda qaldığından lazımi qədər görünmür.
“Vətəninfo.az” gücü çatdığı qədər bu cür fədailəri öz tribunasından qiymətləndirməyə çalışır. Müsahibimiz Azərbaycan türkçü-millətçilərinin tribunasına çevrilmiş mətbu orqan olan “Türküstan” qəzetinin baş redaktoru Aqil Camaldır.
-Aqil bəy, Türküstan” qəzetinin baş redaktoru olmaq sizdən hansı məsuliyyətləri tələb edir?
-Hər bir media qurumuna rəhbərlik etmək təbii ki, məsuliyyətdir. İstər qəzet olsun, istər televiziya, istərsə internet saytı... “Türküstan” qəzetinə rəhbərlik etmək isə həqiqətən bir məsuliyyətdir. Burada söhbət qəzetçilik qaydalarından, redaktorluqdan və s. getmir. “Türküstan” özünəməxsus oxucu çevrəsi olan qəzetdir. Oxucularımızın mütləq əksəriyyətini milliyətçi aydınlar və gənclər təşkil edir. “Türküstan” Elçibəyçi düşüncə sisteminə uyğun – Bütöv Azərbaycan və Böyük Turan ideyaları uğrunda mübarizə aparan, bu mübarizədəki insanların tribunası olan bir qəzetdir. Buna bir daha vurğu salmaq istəyirəm - Elçibəyçi düşüncə sisteminə uyğun. Bu gün çoxsaylı şəxslər və ya qurumlar Bütöv Azərbaycan və türklük uğrunda fəaliyyət göstərdiklərini bildirirlər. Bizim bu məsələdə özəlliyimiz həmin məsələlərə məhz milli liderimiz Əbülfəz Elçibəyin baxış bucağından yanaşmamızdır. Bu baxımdan, çalışırıq ki, o xəttdən kənara çıxmayaq. Oxucumuz da həssasdır, bizə hərf səhvini bağışlayırlar, amma siyasi səhvi yox. Məsuliyyət də məhz burdan irəli gəlir.
-Sizcə niyə türkçülərə lazımi imkanlar verilmir?
-Türklük hərəkatının yolu bütün zamanlarda əzab-əziyyətli olub. Həm Çar hökuməti, həm Sovet dövründə, eyni zamanda Türkiyədə keçən əsrdə türk milliyətçiləri böyük qurbanlar veriblər. Olmazın əzablar yaşayıblar. Türklük hərəkatını dünyadakı digər hərəkatlardan fərqləndirən cəhətlərdən biri də məhz budur. Bu vəziyyət günümüzdə də var. Amma nə etməli, bu yolu şüurlu şəkildə, bütün çətinlikləri göz önünə alaraq seçənlər üçün çətinliklər o qədər də qorxulu görünmür. Necə deyərlər, pendir-çörəyi də yağlı plov kimi yeyirik.
-Bu günün göbələk kimi yerdən çıxıb çoxalan dırnaqarası millətçiləri hansı məqsədə xidmət edir?
-Onların hansı məqsədə xidmət etmələrini deyə bilmərəm. Ancaq könül istər ki, milli məsələləri, müqəddəs ideyaları şəxsi və qrup maraqları üçün gözdən salmasınlar. Onsuz da hamı, hər kəsi tanıyır. 5-6 il əvvəl kimin hansı düşüncənin daşıyıcısı oldugu hamıya bəllidir.
-Aqil bəy, sizi təbrik edib “Türküstan” qəzeti olaraq bu yaxınlarda layiq görüldüyünüz mükafatla bağlı öz dilinizdən oxucuları məlumatlandırmağınızı istərdim...
-Çox sağ olun. Bəli, bu ilin yanvar ayında Ankarada “Türküstan” qəzetinə Türk dövlətləri mədəniyyət nazirlərinin birliyi olan TÜRKSOY-un Media Ödülü verildi. Orada qeyd olunur ki, “Türk dünyasının mədəniyyətini, ədəbiyyatını, tarixini və tarixi şəxsiyyətlərini təbliğ etdiyinə görə...”. Belə bir mötəbər qurumdan bu mükafatın alınması bizim üçün böyük etimaddır. Bu da yuxarıda dediyim məsuliyyət hissini bir qədər də artırır.
Nigar İsfəndiyarqızı