Bu gecə qiyam ola bilər?-Paşinyan Qasparyana qalib gəldi

 Bu gecə qiyam ola bilər?-Paşinyan Qasparyana qalib gəldi

Ermənistan Prezidentinin Aparatı belə bir açıqlama yaydı: Baş Qərargah rəisi Onik Qasparyanın vəzifəsindən azad edilməsi məsələsi baş nazirin səlahiyyətləri çərçivəsindədir.

Beləliklə, Paşinyanın Qasparyanı göndərməklə bağlı qərarı qüvvəyə minir.

Paşinyanın komandası artıq Qasparyanı Baş Qərargah rəisi hesab etmir:

- Qanuna görə, Qasparyan artıq Ermənistan Ordusunun Baş Qərargah rəisi deyil ("Mənim addımım” fraksiyasından olan deputat Nikolay Badasaryan);

- Onik Qasparyan bu gündən Baş Qərargah rəisi vəzifəsini daşımır (parlamentin vitse-spikeri Alen Simonyan);

Prosedura görə, Qasparyanın Baş Qərargah vəzifəsində sonuncu günü bu gün – 9 mart idi: Prezident Armen Sərkisyan bu gün saat 18:00-a qədər Qasparyanın vəzifəsindən çıxarılması məsələsi ilə bağlı Konstitusiya Məhkəməsinə müraciət etməsəydi, Baş nazir Paşinyanın fərmanı avtomatik qüvvəyə minmiş hesab olunurdu.

Hər şey Paşinyanın istədiyi kimi oldu...

Onik hələ ki, dirənir: onun kabinetdən çıxmadığı və vəzifəsində qalması üçün məhkəməyə müraciət etmək məsələsində vəkillərlə məsləhətləşdiyi deyilir.

Buna paralel olaraq, erməni müxalifəti parlament binasının önündə aksiya keçirir: onlar Paşinyanın istefasını, erkən seçkilər keçirilməsini tələb edir, o cümlədən, ordunu hakimiyyətə qarşı praktiki addımlar atmağa çağırırlar.

Erkən seçkiləri öncə hakimiyyət istəyirdi, lakin Paşinyan artıq buna ehtiyac görmür və hazırda Nikol vəziyyətin nəzarətdən çıxmaması istiqamətində addımlarını intensivləşdirib: Polis qüvvələri bütün dövlət binalarını mühasirəyə alıb; Milli Təhlükəsizlik Xidməti Qasparyanın ordunu hərəkətə keçirməsi ehtimalına qarşı tədbirlərini gücləndirir; Ordu daxilində özünə yaxın, yaxud Qasparyanı dəstəkləməyən kadrları önə çəkir.

Bu gecə Ermənistanda həlledici gündür: Qasparyan "ordu xalqın yanındadır” iddiası ilə hərbçiləri küçələrə çıxara bilər. Paşinyan bu riskə qarşı Oniki gecəyarısı həbs etdirə bilər.

Ermənistanda müzakirə mövzularından biri də budur: Qasparyanı həbs etmək üçün Baş Qərargah binasına kim gedəcək?!

Asif Nərimanlı




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az