Məmurların, nazirlərin mətbuata elə də açıq olmaması Azərbaycan mətbuatının bəlkə də ən mühüm problemləri sırasındadır. Çünki sahələrin birinci şəxslərinə çıxa bilməmək bəzən materialların ehtimallar üzərində hazırlanmasına, "etibarlı mənbə"lərin artmasına səbəb olur.
Amma Cavid Qurbanov nazir olmasa da, son aylarda Azərbaycan mətbuatına ən çox açıqlama verən səlahiyyətlilərdəndir. Fikir vermisinizsə, "Azəryolservis" ASC-nin rəhbərliyindən "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri vəzifəsinə təyin olunandan sonra o, mətbuata daha tez-tez müsahibələr verir, hətta bir çox hallarda onun sahəsinə bilavasitə aidiyyatı olmayan məsələlərdən danışır. Bəs görəsən bu "açıqlığın" arxasında hansı səbəblər dayanır? Bu barədə bir qədər sonra... Birincisi, Qurbanov hazırda deputatı olduğu 123 saylı Kəlbəcər Seçki Dairəsinin seçiciləri ilə geridə qalan beş il ərzində keçirdiyi görüşlərin sayını, həll etdiyi problemlərin adlarını açıqlasa, bu, daha böyük maraq doğurardı. Çünki nəinki seçicilər, hətta maliyyələşdirdiyi mətbuu orqanlar istisna olmaqla, jurnalistlər də deputat Qurbanova çıxmaqda hər zaman əziyyət çəkiblər. Cavid Qurbanovun "Azərbaycan Dəmir Yolları" QSC-yə rəhbər təyin olunmasından narazı olması artıq heç kimə sirr deyil. Elə mətbuatda da bu barədə müxtəlif yazılar, aparılan təhlillər göstərir ki, o, məhz nazir olmaq istəyirmiş. Elə axır vaxtlar etdiyi çıxışlar, mətbuat səhifələrində daha tez-tez görünmək də məhz bu istəkdən irəli gəlir. Adi bir fakt. İki gün öncə Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclas keçirib. Həmin iclasdan sonra Cavid Qurbanovdan savayı mətbuata açıqlama verən nazir, məmur olmayıb. Sitat:
"Ötən gün prezident İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasda çıxışı zamanı vahid tarif sisteminə toxunub. Cənab prezident bildirib ki, sahibkarlara şərait yaradılmalıdır ki, onlar rahat işləsinlər. Tarifi əsasən bazarın özü müəyyənləşdirir: "Bunu dövlətin özü nəzarətdə saxlayır. Yəni artıq şişirtmələr və bəzi məsələlər var ki, hansı ki, yüklərin buradan daşınmasına şərait yaradır. Onun qarşısını almaq üçün cənab Prezident belə bir bəyanatla çıxış edib və tapşırıq verib. Hesab edirəm ki, bu məsələ tənzimlənməlidir. Nəzərə almaq lazımdır ki, bəzi qiymətlər düzgün qoyulmur, tənzimlənmir və özbaşınalıq yaradılır. Bu özbaşınalıq da yüklərin Azərbaycandan qaçmasına səbəb olur. Ona görə də tariflərin tənzimlənməsi üçün cənab prezident belə tapşırıq verib”.
Daha sonra,
"Artıq şişirtmələr və bəzi məsələlər var ki, hansı ki, yüklərin buradan daşınmasına şərait yaradır". Əgər bu cümləni kimsə başa düşə bildisə, lütfən, izah etsin. Qurbanov qeyd edir ki, bəzi qiymətlər düzgün qoyulmur, tənzimlənmir və özbaşınalıq yaradılır. Amma həmin özbaşınalığın hansı səbəblərdən, kim tərəfindən yaradıldığını açıqlamır. Və növbəti cümləyə diqqət edək: "Bu özbaşınalıq da yüklərin Azərbaycandan qaçmasına səbəb olur".
Necə yəni Azərbaycandan qaçmasına? Axı bu şəxs nazir olmaq istəyir. Əgər onun söylədiyi cümlələr jurnalist üçün aydın deyilsə, sadə vətəndaş Qurbanovun dediklərindən nə anlaya bilər? Göründüyü kimi bu çıxış da məhz gündəmdə olmaq istəyinin və "mən də varam" prinsipinin bir hissəsidir. Yəni, danışmaq xatirinə danışmaq. Ancaq insafən demək lazımdır ki, Cavid Qurbanov son zamanlar eyş-işrət məclislərindən bir qədər ara verib deyəsən. Yəqin ki bu keçmiş şefi haqda ictimaiyyəti çaşdırmaq üçün "cici-bacı"olduğu və "yaxınına" buraxdığı mətbuata görədir. Halbuki elə 3-4 ay əvvəl belə məclisləri tez-tez düzənləyir, hətta bir gecədə "sənətçilər"üçün 150 min manatından da keçə bilirdi. Bəzi KİV-də yayılan məlumatlarda iddia edilir ki, Cavid Qurbanov üçün belə məclislərdən biri dostlarından birinə məxsus məkanda təşkil olunub və xərclənən ümumi məbləğ 150 min manat olub ki, bu 150 min manatdan təkcə 15 minixanım müğənnilərdən birinin payına düşüb. Ancaq bütün hallarda Qurbanov son zamanlar ziyalı imici formalaşdırmağa çalışır. Ən əsası dostlarını başına toplayıb daha müğənnilərə bir dəfəyə 15 min manat xərcləmir. İndi Cavid Qurbanov müğənnilər yerinə iddialara görə, həmin pulları bəzi baş redaktorlar üçün xərcləyir. Düşünür ki, bu media qurumları "Xatirələr"də qalmaq üçün onu nazir edəcəklər.
Vətəninfo.az