DÖNMƏZ GERİ...və TƏNİ ilə torpağı Vətən edənlər

DÖNMƏZ GERİ...və  TƏNİ ilə torpağı Vətən edənlər

Tünzalə Vəliqızı,
Moskva

Əgər cəbhənin gerisində qalarsansa...

Baxıram şəkillərə. Bu şəkillərdən boylanan məsum üzlərə. Bunların qoruduğu VƏTƏN də, ata-analarını övladsız, övladlarını atasız, sevdiyini yarsız qoyub Canını Fəda edən Bu ƏSGƏRlər də bizimdir!

Baxıram... Hələ də uzaqdan, yaxından müxalifət-müxalifət oynayan, girəvə düşmüşkən içindəki nifrətin heyfini çıxmağın vaxtıdır deyəni də bizimdir!

12 ayında faciə yaşadılan, hər ayının adına şəhid yazılan tarixin gerisindən boylanan da bizik!

DÖNMƏZ GERİ...

Dönməz geri.... VƏ TƏNİ ilə torpağı VƏTƏN edənlərimiz var. VƏTƏN onlarındır....

Bir az qarışıqlıq düşəndə başqa yerdə sığınacaq axtaranların VƏTƏNi olmur.

Sadəcə şeirə, nəğməyə VƏTƏNi qafiyə seçməklə Vətən sevilmir.

Maşının güzgüsünə bayraq asmaqla, telefonun zəng səsini "Qarabağ şikəstəsi”nə kökləməklə VƏTƏN təəssübü çəkilmir.

Buraxın dolmasını, lavaşını, aşını, qarasını... gəlinini Sarısını... əgər bunlarla bağlaya bilmiriksə VƏTƏNin yarasını.

Ehtiyat etdiyimiz qardaşlarımızın "yalvarışıyla” Qarabağın üstündən təyyarə deyil, heç olmazsa bir çərpələng uçurub silə bilmiriksə üzümüzün qarasını...

3 milyonun əlində girinc qalmışıqsa, Şuşada yallıya, Çıdır düzündə " bizə acıq tarixi torpaqlarımıza geri dönmüşük” nəşəsiylə hallıya məsxərə yeri olmuşuqsa... deyimimi hələ dahasını...

Yox, demirəm. Çeynıəmiş sözlər qulaq saqqızına dönüşüb eşitməmizi bağlayıb. Həqiqətə kar olan da, görünənə kor olan da... b i z i k ! Bizik kəlməsinə Tən gəldiyimiz yer nə yazıq ki, burası.. Qalan yerlərdə...

Oğlunu xaricə göndərmək şansı, əsgərdən tərxis etmək imkanı olanıyla- olmayanı ayrımında ayrılırıq. Şəhid tabutunun döydüyü qapılarda ayrıyıq. VƏTƏN oradan başlanır. VƏTƏNİ OLMAQ, VƏTƏN OLMAQ!

Məhmət Akif Ərsoy "İstiqlal marşı” ilə İrəli... Biz "Dönməz geri" -deyilən Dönməzləriylə hələ sərhəddin gerisindəyik. Bizdən bizə çəkilən sərhəddin. Bu yandan o yana – oxların istiqamət göstərdiyi yerlərdə dalana dirəndiyimiz GERİdə.

Bu gün Azərbaycan türkü olduğumuzla öyündüyümüzün haqqını verək, bəlkə dövlətçiliyini və millətini qorumaq adına Bir olan Bizimdir dediklərimizi əvvəl BİZİM edək! Sonra qaldığımız yerdən davam edərik. Çünki bu DAVAM bu DAVAnın harasında olmağımıza bağlıdır. Yoxsa ... DÖNMƏZ GERİ...

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az