“DQR”-in “daxili işlər naziri” azərbaycanlıdır? - Gözlənilməz
Hazırda Xankəndidəki separatçı rejimin "daxili işlər naziri” hesab olunan "DQR””polisinin rəisi” Kamo Ağacanyan azərbaycanlıdır.
Bu məlumatı oxucumuz, Qarabağ qazisi, Xocavənd taborunun fəal döyüşçülərindən biri, Xocavənd rayonunun Axullu kənd sakini Ayxan Sadiq dünən saytımızda Dağlıq Qarabağda yaşayan 6 azərbaycanlının kimliyi barədəki xəbəri oxuduqdan sonra verib: "Hazırda qondarma "DQR”-in "daxili işlər naziri” statusunda olan Agacanyan Kamo Akbaroviçi uşaqlıqdan tanıyırıq. O, Xocavənd rayonunun Edilli kəndindindəndir. Bu məntəqə kecmisdə Hadrut rayonuna aid idi. Edilli ilə bizim Axullu kəndi bitisik idi, Axulluda azərbaycanlilar yasayirdi. Amma Axulluda məktəb yox idi deyə, biz də Edilli orta məktəbində erməni uşaqlarla bir oxuyurduq. Həmin dövrdə bir yerdə oxuyanlar Kamonu yaxşı taniyirlar. (Hafta.az)
K.Ağacanyan 1988-ci ilədək sənəddə Kərimov Kamo Əkbər oglu olub. Atasi Kərimov Əkbər təmiz Azərbaycan türküdür. Amma Əkbər kisinin arvadı, yəni, Kamonun anasi erməni idi. Beləliklə, 1988-ci ildə soyadını dəyişib 1989-cu ildə orta məktəbi bitirdikdən sonra Kamo Ağacanyan Akbaroviç erməni quldurlarına qoşulub və Azərbaycana qarşı döyüslərdə fəal istirak edib. Elə bu fəallığına görə də sonradan vəzifələrə yüksəlib…”
Araşdırmamız nəticəsində bəlli oldu ki, həqiqətən hazırda qondarma "DQR” rejiminin "polis rəisi” vəzifəsini daşıyan Kamo Ağacanyandır. O, 2013-cü il martın 25-dən "prezident” Bako Saakyanın əmri ilə həmin vəzifəyə təyin olunub. Bu təyinata qədər isə K.Ağacanyan Ermənistan Respublikası Silahlı Qüvvələrinin 1-ci Ordu Korpusunun komandiri olub. Elə həmin il oktyabrın 23-də İrəvanda Ermənistan və "DQR” polislərinin birgə kollegiya yığıncağında "DQR” "polis rəisi” K.Ağacanyan Ermənistan Respublikası polis rəisi Vladimir Qasparyanın əmri ilə "Asayişin möhkəmlənməsinə görə” medalı ilə təltif edilib. Amma istər rus, istərsə də erməni mənbələrində "DQR” "polis rəisi”nin atası barədə ətraflı məlumat yoxdur. O, sadəcə, "Ağacanyan Kamo Abqaroviç” kimi göstərilir. 1971-ci ildə doğulduğu kənd isə Edilli yox, "Uxtadzor” kimi qeyd edilir (Öyrəndik ki, ermənilər işğaldan sonra Edilli kəndinin adını "Uxtadzor” qoyublar). Və həmin kənd məktəbini 1989-cu ildə bitirərək 1991-ci ildən "erməni özünümüdafiə dəstələrinə” qoşulduğu, Qarabağdakı döyüçlərdə fəal iştirak etdiyi və 2004-cü ildə polkovnik rütbəsi aldığı bildirilir. Erməni dilini mükəmməl bilən araşdırmaçı-jurnalist Şahin Qocayevin vasitəsilə ermənicə mənbələri də araşdırdıq. Həmin mənbələrdə də yalnız Kamo Ağacanyanın "Hadrut” rayonunda doğulması qeyd edilir, atasının adı çəkilmir. Digər bir maraqlı məqam isə ondan ibarətdir ki, 2013-cü il martın 21-də Ermənistan prezidenti S.Sərkisyan K.Ağacanyanı 1-ci Ordu Korpusu komandirliyindən öz əmri ilə, heç bir şərh vermədən(?) azad edib. Bunun səbəbini erməni "KİV-ləri də araşdıra bilməyib…
Miq.az