Teleməkanda istedadlı jurnalistlər, aparıcılar az deyil. Hər birinin də öz dəsti-xətti, yolu var. Sevdiyim, dəyər verdiyim telejurnalistlər arasında ANS kanalının aparıcısı, hər bazar tamaşaçılarda yüksək ovqat yaradan, sözü üzə deyən, qorxmaz, cəsarətli Rövşanə Bektaşini daha çox sevirəm. Niyə? Ona görə ki, Rövşanə xanım bir telejurnalist və aparıcı olaraq teleməkanda öz sözünü deyib. Ən çətin mövzulara müraciət edərək insanları maraqlandıran, düşündürən, rastlaşdıqları problemlərin həlli yolunun axtarışına çıxaraq problemin həllinə çalışır və istədiyinə nail olur. Telejurnalistə qorxu hissi yaddır. Sözü məqamında, zamanında çəkinmədən deyir. Bundan başqa kamil aparıcı olaraq aparıcılıq tariximizdə öz adını yaza bilib. Tamaşaçıların kəskin tanıdığı aparıcı əslində çox kövrək bir xanımdı. Qəlbi kəpənək qədər zərifdi. Hər zaman insanlara yaxşılıq etmək niyyəti ilə günlərinin üstünə gün calayır. O, həm də qayğıkeş valideyn, həyatını övladına bağlayan, övladının cəmiyyətdə öz yerini tutması üçün düzgün tərbiyə verən anadır. Qızı gözəl rəssam olsa da, ancaq onu rəssam deyil, başqa bir sənətin sahibi kimi görmək istəyir. O, həm də sadiq dostdur, dost yolunda ölümə gedər.
Rövşanə xanımı əqidəsindən döndərmək mümkün deyil. Onun bir əqidəsi var – xalqa vicdanla xidmət etmək, problemləri qabartmaq, problemlərin həlli yollarını axtarıb tapmaq, buna nail olmaq. Bundan başqa Rövşanə xanım bir pedaqoq olaraq gənc jurnalist ordusu yetişdirir. Yaxın günlərdə mən Vətəninfo.az saytının müxbiri olaraq aparıcının verilişinə dəvət aldım. Səmimiyyəti, diqqəti ilə elə gördüyüm andan qəlbimə köçdü. Rövşanə xanım həmişə gənclərə dəstək olub. Bir xanım olaraq həmişə bəylərin diqqət mərkəzindədir. Geyimi, gözəlliyi, efir mədəniyyəti ilə həmişə seçilir. Elə bu seçimlə də o məni sirli, möcüzəli bir dünyaya aparır. İndi dərk edib anladım ki, dünya deyilən sənmişsən, efirimizin Rövşanəsi – qorxubilməz, cəsarətli, kişi qeyrətli, sözünün sahibi olan tamaşaçıların sevimlisi, gözəllər gözəli Rövşanə.
Araz Hacıyev
Vətəninfo.az