Modern.az saytı 1988-1990-cı illərdə Azərbaycana rəhbərlik etmiş Əbdürrəhman Vəzirov barədə ən yeni xəbər və fotoşəkillər yayıb.
Əbdürrəhman Vəzirov aprelin 29-da Moskvadakı Milllətlər evində “Şəhriyar” ədəbi-mədəni cəmiyyəti tərəfindən keçirilən tədbirdə iştirak edib. Bu, uzun illərdir Moskvada yaşayan tanınmış azərbaycanlı yazıçı Çingiz Hüseynovun “Fatalnıy Fatali” kitabının təkmilləşdirilmiş təkrar nəşrinin təqdimat mərasimi olub.
Risiyadakı Azərbaycan diaspor təşkilatlarının, ictimai fəalların qatıldığı tədbirdə Əbdürrəhman Vəzirov da iştirakı bəziləri üçün gözlənilməz olub.
Tədbirdə yaxşı əhval-ruhiyyədə olan Vəzirov jurnalistə hər hansı açıqlama verməkdən imtina edib. Azərbaycanın keçmiş rəhbəri çox kəskin şəkildə bundan sonra kimsəyə müsahibə vermək fikrində olmadığını vurğulayıb.
Əhvalı yaxşı olan Ə.Vəzirov yazıçı Çingiz Hüseynovun “Fatalnıy Fatali” kitabının təqdimatından sonra təşkil olunan furşetə qatılıb, qonaqlarla ünsiyyətdə olub, deyib-gülüb.
26 may 1930-cu ildə duğulan Əbdürrəhman Vəzirov vaxtilə Azərbaycan komsomoluna rəhbərlik edib, Azərbaycan KP MK-nın katibi, keçmiş Kirovabad Şəhər Partiya Komitəsinin birinci katibi işləyib. Sonra SSRİ-nin Nepalda (1979-1985) və Pakistanda (1985-1988) səfiri işləyib.
1988-ci il mayın 21-dən 1990-cı il yanvarın 20-nədək isə o, Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin 1-ci katibi olub. Məhz bu dövrdə Moskvanın dəstəyi ilə Dağlıq Qarabağda ermənilərin separatçı hərəkatı alovlanıb, azərbaycanlıların doğma torpaqlarından qovulmasına başlanılıb. Vəzirov bütün bunların, eləcə də sovet qoşunlarının 1990-cı il yanvar ayının 20-də Bakıya daxil olmasının və yüzlərlə günahsız insanın qanını axıtmasının qarşısını ala bilməyib.
20 yanvar qırğınından əvvəl Ə.Vəzirov vəzifəsini tərk edərək Moskvaya gedib.
Hazırda Moskvada yaşayan Ə.Vəzirovun 2007-ci ildə Azərbaycan prezidenti İlham Əliyevə müraciət formasında sensasion açıqlaması yayılıb. Ancaq ertəsi gün o, bu xəbərin doğruluğunu təkzib etmiş, bunu özünə qarşı təxribat adlandırmışdı.
Oral MƏDƏNÇİ