Yadınızdadırsa bir neçə gün əvvəl “Ədəbiyyatın bu günü sizi qane edirmi və niyə?”, “Vəzifəli adamların ədəbiyyat həvəsi ədəbiyyata nəyi verib, nəyi alır?” mövzusunda sorğu keçirmişdik. Indiki cavablar da elə həmin sorğunun davamıdır.
Musa Yaqub: “Bir növ ədəbiyyatın nəfəsini kəsirlər. Çünki, kim nə istəyirsə, necə istəyirsə o cür də yazır. Bunu təsdiqləyən və ya qarşısını alan ciddi bir baryer yoxdur. Heç də senzuranın tərəfdarı deyiləm amma ümumi qaydalara riayət olunmalıdır. Sizə bir məqam deyim, bu saat şeir yazmağı şöhrət bilirlər, elə bil hamını azar tutub, şairlik azarı. Hətta yüksək rütbəli adamlar da bu həvəsdədilər. Elə bil bir azar yaranıb, bu azarın qarşısını mütləq almaq lazımdır. Bu gün heyif ki, siyasi oyunlar, mənafelər, ədəbiyyatı yenir. Biz bu çörək oyununa öyrəşməmişik”.
Gənc yazar Könül Səid: “Müasir dövrdə ədəbiyyat bir qayadan zəncirlənmiş , can verən, kimsəsiz bir insana bənzəyir. Yaraları o qədər dərin və ağırdır ki , qaysaqlarından belə qan damcılarını görmək olar. Hər yoldan ötən də öz qarmağını atıb onun qaysaqlanmış yaralarına toxunur . Güclə də olsa özünə yer eləməyə çalışır. Bununla da bu yaraların ağrısını daha da ağırlaşdırır.
Müasir Azərbaycan ədəbiyyatının kifayət qədər kəskin problemləri var. İlk növbədə ədəbi mühit tam olaraq sağlam formalaşmalıdır, ədəbi intriqalar normal və mədəni formada aparılmalıdır. Təhqirdən uzaq və normal tənqid olmalıdır. Düşünürəm ki, bununla bağlı ədəbiyyat tənqidi daha dərindən məşğul olsa sanballı və maraqlı əsərlərə diqqət artar”.
Xanım İsmayılqızı: “Nə qane edir deyə bilərəm, nə də qane etmir deyə bilərəm.Yaradıcılıq azaddır. Hec kimə yazma demək olmaz. Artıq onun nə yazdığını zaman göstərəcək. Doğulmadan ölən yaradıcılıq məhsulları var. Hər şey ələkdən kecir. Yaxşıları onsuz da ələyin üstündə qalacaq”.
Nigar İsfəndiyarqızı