Vilyam Hacıyev
"Vilyamı o vaxt mənim xahişimlə icra başçısı təyin etmişdilər. Sonra bəzi hərəkətlərə yol verdiyi üçün həbs olundu. Keçmişə qayıtmaq istəmirəm. Düzü, heç biri ilə əlaqəmiz yoxdur. Hətta əzizlərimizin yas məclisində eyni masada əyləşsək də, bir-birimizlə danışmırdıq. Vilyam Hacıyevlə konkret nəyə görə danışmadığımız məlum deyil. Bəxtiyarla aramızda olan "düşmənçiliyə” səbəb isə Əlilərə, İsalara (Əli Kərimli ilə İsa Qəmbəri nəzərdə tutur – red.) qoşulmamağı tövsiyə etməyimdir. Amma qeyd edim ki, hər iki əmim nəvəsinin azadlığa qovuşması üçün müraciətlər etmişəm, gizlətmirəm də”.
Hafiz Hacıyev ona qəsd etmək istəyənlərin olduğunu düşünür:
"Zamanında İlham Əliyevə dəstək olduğum üçün məni hədələyən bəzi məmurların öz balaları bu gün vəzifədədirlər. Oturub, Azərbaycanın büdcəsini talayırlar. Əgər məni öldürməsələr, prezidentlə görüşüb, baş verənləri ona danışacam”.
Partiya sədri deyib ki, Hacıyevlər ziyalı nəsildirlər:
"Hacıyevlər ailəsini artıq dustaq ailəsi adlandırmaq olar. Fakt olaraq iki əmim nəvəsi həbsdədir. Bilirsiniz, nəslimiz böyükdür. Akademiklər, professorlar, imkanlı və ziyalı adamlar çoxdur. Biz hər zaman dövlətin və onun başçısının yanında olmuşuq”.
Xatırladaq ki, Bəxtiyar Hacıyev 2022-ci ilin dekabr ayında saxlanılıb.
O, İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi), Cinayət Məcəlləsinin 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma), 206.1 (qaçaqmalçılığa köməklik etmə), 221.2.2 (bir qrup şəxs tərəfindən ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən şəxsə müqavimət göstərməklə xuliqanlıq), 289.1-ci (məhkəmə baxışı iştirakçılarını təhqir etməklə məhkəməyə hörmətsizlik etmə), 320.1 və 320.2-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddələri ilə təqsirli bilinib.
2020-ci ilin may ayının əvvəllərində DTX-nin xüsusi əməliyyatı ilə həbs olunan İmişlinin sabiq başçısı Vilyam Hacıyev isə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə xüsusilə külli miqdarda mənimsəmədə və rüşvət almaqda təqsirli bilinərək 12 il müddətinə azadlıqdan məhrum edilib. Lakin sonradan onun cəzası 8 il 6 ay müddətinə azaldılıb.