Elman Nəsirov: "İranda Zöhrəvənd və onun kimilər papaqlarını qarşılarına qoyub yaxşı düşünsünlər, ağıllı olsunlar" - XƏBƏRDARLIQ

Elman Nəsirov:
"İran parlamentinin üzvü Əbülfəz Zöhrəvənd Azərbaycan əleyhinə yalan, hədyan və iftiralarla dolu müsahibə verib. O, bu müsahibəsini İran-İsrail münaqişəsi ilə bağlı məsələlərə həsr etsə də, İsraildən daha çox Azərbaycanı hədəf alıb. Ölkəmizi İsrailin İrana qarşı hücumunda vasitəçilik etməkdə, "əməkdaşlıqda" ittiham edir. O, təkcə ittiham etməyib, eyni zamanda Azərbaycanla hədə ritorikası ilə danışıb, Azərbaycanın cəzalandırılmasının vacibliyini dilə gətirib. Onun hədyanlarla dolu müsahibəsindən məlum olur ki, İran hökumətində bu məsələlərlə bağlı müzakirələr getməkdədir və Azərbaycanla bağlı qovluq açıq vəziyyətdədir, bağlanmayıb. İstənilən vaxt İran dövləti Azərbaycana qarşı təzyiq və təhdid mexanizmlərini işə sala bilər. İranlı parlamentari sanki bunun anonsunu verir”. 

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib. 

 

"Təbii ki, fərqindəyik, bu, Əbülfəz Zöhrəvəndin cəsarətində olan məsələ deyil. Onun cürəti çatmaz ki, güclü Azərbaycan dövlətinə qarşı belə təhdid dili ilə danışsın. Təbii ki, onun arxasında daha böyük siyasi dairələr dayanır. Ancaq obyektivlik naminə söyləyək ki, belə insanların davranışı, belə deputatların bəyanatları heç bir halda İran-Azərbaycan münasibətlərinin bugünkü səviyyəsinə uyğun deyil. Buna çox ciddi kölgə salır. Nəzərə alsaq ki, Azərbaycan dövləti İranla hər zaman mehriban qonşuluq əlaqələrinin saxlanılmasında maraqlı olub. Yəqin ki, Zöhrəvənd unutmayıb, 18 il bundan öncə cənab İlham Əliyev İranı xilas etdi. Çünki Corc Buş administrasiyası Azərbaycan Prezidentinə Vaşinqtonda təzyiq göstərdi ki, imkan verək, İran bizim ərazimizdən bombalansın. Amma cənab Prezident buna getmədi. Bütün təzyiqlərə sinə gərdi. Dedi ki, heç bir 3-cü dövlət Azərbaycan ərazisindən İrana zərbə endirə bilməz. 18 il öncə bunu dedi, indi də sözünün ağasıdır. Sözü imzası qədər gücə malikdir. Amma görünür ki, Zöhrəvənd  və onun kimilər, arxasında dayanan siyasi dairələr bu məsələni ya yaddaşlarından siliblər, ya da sərf etmir deyə xatırlamaq istəmirlər. Biz isə onlara xatırlatmaq istəyirik ki, bu davranış İranın özünün  rəsmi dövlət ideologiyası ilə daban-dabana ziddir”, - o qeyd edib. 

Deputat xatırladıb ki, İranın rəsmi dövlət ideologiyası Xomeynizmdir: "Xomeynizmin iki mühüm postulatı var. Birincisi, müsəlmanın müsəlmandan yaxın dostu yoxdur. İkincisi, İran İslam inqilabının ixracı ilə bağlı məsələlər. Deməli, İranın rəsmi ideologiyasına əsaslansaq, müsəlman İranı müsəlman Azərbaycana dəstək verməlidir. Biz isə bunun əksini görürük. İndi də Zöhrəvənd kimilər önə keçib, yenə hədyanlar səsləndirirlər. Bu qəbuledilməzdir. Heç kim Azərbaycanla əzələ nümayişi ilə danışa bilməz. Azərbaycan güclü dövlətdir. Onun güclü lideri var. Azərbaycanda səfərbər olmuş cəmiyyət, güclü iqtisadiyyat, tarixi zəfərə imza atmış güclü ordu, "dəmir yumruq" kimi birləşmiş xalq var. Burada vətəndaş həmrəyliyi hökm sürür. İrandakı anti-Azərbaycan siyasi dairələr bilsinlər ki, İranda 35 milyondan artıq soydaşımız yaşayır. Onlar Azərbaycanın haqq işini hər zaman müdafiə edirlər. Əbülfəz Zöhrəvənd və onun kimilər papaqlarını qarşılarına qoyub bu məsələləri yaxşı düşünsünlər, ağıllı olsunlar”. 

 


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az