2000 avro ödəyən fransızlar Şuşa, Xankəndi, Xocavənd və Azərbaycanın işğal olunmuş digər torpaqlarını ziyarət edə biləcəklər.
Fransada fəaliyyət göstərən Erməni Fondu 27 iyun 2013-cü ildən 7 iyul 2013-cü ilədək Azərbaycanın ermənilərin işğal etdikləri Dağlıq Qarabağ regionuna turist səfərləri təşkil edir. Vesti.Az xəbər verir ki, bu barədə fondun rəsmi səhifəsində deyilir. İnformasiyaya əsasən, Qarabağa gəlmək istəyən fransız turistlər Parisdən və Marseldən Ermənistana yola düşəcəklər. 2 gün ərzində onlar İrəvanla tanış olacaq, 3 gün ərzində isə Şuşa, Xankəndi, Xocavənd və Azərbaycanın işğal edilmiş digər torpaqlarını gəzəcək, “erməni mədəniyyəti abidələri” ilə tanış olacaqlar.
Səfər proqramına iyulun 3-də Xankəndidə “SOS” uşaq bağçasının açılış mərasimi, iyulun 4-də Qandzasar kilsəsinin ziyarəti daxildir. Elə həmin gün, iyulun 4-də qondarma “Dağlıq Qarabağ Respublikasının” “baş naziri” ilə turistlərin görüşü planlaşdırılıb.
İyulun 5-də turistlər Şuşaya, növbəti gün isə İrəvana yola düşəcək, oradan isə Parisə qayıdacaqlar.
Saytda turun qiyməti də açıqlanır: Parisdən qurun qiyməti hər adam üçün 1659 avro təşkil edir, ayrıca nömrə üçün turistlər daha 330 avro ödəməli olacaqlar.
Azərbaycanın Fransadakı səfirliyi artıq Dağlıq Qarabağa qeyri-qanuni turlar barədə məlumatlandırılıb. Diplomatik idarədən bu informasiyaya ciddi yanaşıblar vəs öz veriblər ki, Azərbaycanın işğal olunmuş torpaqlarına qeyri-qanuni səfərlərin qarşısını almaq üçün əllərindən gələni edəcəklər.