Ermənistanı idarə edən azərbaycanlılar- Hakimiyyətdəki "QARABAĞLI"lar

Ermənistanı idarə edən azərbaycanlılar- Hakimiyyətdəki

Ermənistan hakimiyyətindəki "qarabağlı"lar

Prezident, baş nazir, baş qərargah rəisi eyni torpağın "suyunu içib”...

Postsovet Ermənistanının ilk prezidenti Levon Ter-Petrosyan, əslən suriyalı olsa da, siyasətə "Qarabağ” komitəsinin rəhbəri kimi atılmışdı. Sonralar əslən Dağlıq Qarabağdan olan bir çox erməni ildırım sürəti ilə siyasi karyera qurub. Ermənistanın 2-ci prezidenti Robert Köçəryan onların başında gəlir. O, 10 il – 1998-ci ildən 2008-ci ilədək Ermənistana rəhbərlik edib.

Ermənistan hakimiyyətinin məşhur qarabağlılarından biri də keçən həftəyədək müdafiə naziri vəzifəsini tutan Seyran Ohanyandır. O, burada nazir olmazdan öncə Dağlıq Qarabağda - "DQR”də hərbi işlərə rəhbərlik edib.

İndi Ermənistan hakimiyyətində üç əsas vəzifəni – prezident, baş nazir və baş qərargah rəisi vəzifələrini əslən Qarabağdan olanlar icra edirlər.

Prezident Serj Sarkisyan iş həyatına Qarabağda başlayıb. Hələ sovet dönəmində Azərbaycanın Dağlıq Qarabağ Muxtar Vilayətinin komsomol, partiya strukturlarında çalışıb. Qarabağda savaş gedərkən - 1993-1994-cü illərdə Ermənistanın müdafiə naziri postuna gətirilib. Azərbaycanla Ermənistan arasında atəşkəs imzalanarkən də, həmin vəzifədə olub.

Dağlıq Qarabağ konflikti Ermənistanın indiki tarixində istər hakimiyyət olimpinə yüksəlməkdə, istərsə oradan aşağı yuvarlanmaqda həlledici rol oynayıb. Elə ölkənin ilk prezidenti Levon Ter Petrosyanın istefası da bu konfliktdən qaynaqlanıb. Onun bu münaqişədə tutduğu mövqe millətçi ehtiraslara qapılmış Ermənistan cəmiyyətində ya yumşaq sayılıb, ya da təslimçilik kimi qəbul edilib.

1990-cı illərdə və 2000-ci illərin əvvəllərində Ermənistan siyasi elitasının xeyli hissəsi qarabağlılardan ibarət olsa da, son vaxtlar "qarabağlılıq” yadırğanmağa başlanmış - Serj Sarkisyanın ətrafında Dağlıq Qarabağdan çıxmayan xeyli yeni şəxs toplanmışdı. Dördgünlük aprel savaşı hər şeyi yenidən "yerliçilik” axarına qaytarıb.

Uğursuz aprel savaşından sonra hakimiyyətə etiraz səsləri yüksəlib və geniş etiraz aksiyaları vüsət alıb. Hökumətlə prezidentin istefası israrla tələb olunarkən, Serzh Sarkisian 19 hökumət rəsmisinin 11-ni yeniləməyə məcbur qalıb. Ən vacib yenilik iki postda olub.

Karen Karapetian
Baş nazir...

Yeni baş nazir Karen Karapetian 2010-2011-ci illərdə Yerevanın meri olub. Sonra Rusiyaya gedərək, orada biznes aləminə baş vurub və "Qazprom”un rəhbərliyində çalışıb. O da əslən Dağlıq Qarabağdandır.

Baş qərargah rəisi...

Müdafiə naziri postuna mülki şəxsin təyin edilməsi 2-ci mühüm yenilik sayıla bilər. Yeni müdafiə naziri Prezident Aparatının sabiq rəhbəri Vigen Sarkisyandır. O, qarabağlı deyil. Ancaq müdafiə naziri mülki şəxs olandan sonra əsas hərbi vəzifə silahlı qüvvələrin baş qərargah rəisi vəzifəsidir. Bu vəzifəyə isə sentyabrın 3-də Movses Akopyan təyin olunub. Dağlıq Qarabağın Martuni rayonunda doğulan M. Akopian 2007-2015-ci illərdə tanınmamış "DQR”in müdafiə naziri çalışıb. Beləcə, Ermənistanda prezident, baş nazir və ali hərbi vəzifənin qarabağlıların əlində cəmləşmə prosesi başa çatıb./azadlıq.org/

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az