Baş nazir əhalinin qarşısından qaçdı
Ermənistanda əsgər ölümlərinə etiraz olaraq mayın 18-də keçirilən aksiyalar hakimiyyəti sarsıdıb və müdafiə naziri Seyran Ohanyanı diz çökdürüb. Xəbər verildiyi kimi, mayın 15-də Ermənistan ordusunun Azərbaycanla sərhəd Noyemberyan rayonu ərazisində yerləşən hərbi hissələrindən birində əsgər xidməti avtomatı ilə digər iki əsgəri güllələyib. Onlardan biri 19 yaşlı Lyuks Stepanyan ölüb, digəri başından ağır yaralanıb.
Ermənistan Müdafiə Nazirliyi əvvəlcə hadisəni ört-basdır etməyə çalışıb, əsgərin “təsadüfən” açılan atəşlə öldüyünü bildirib və cəsədi yaxınlarına təhvil verib. Lakin mayın 18-də Getaşen rayonunun Varin kəndində L.Stepanyanın dəfninə yığışan qəzəbli kütlə tabutu götürərək İrəvana yürüş edib. Yolda onların qarşısını polis və hərbçilər kəsib, əsgər yaxınları onlarla toqquşub, hərbi avtomobilləri dağıdıb və İrəvana doğru hərəkəti davam etdiriblər. İrəvana 40 kilometr qalmış yolu hərbçilər bağlayıb, orada yeni toqquşma olub. Müdafiə naziri Seyran Ohanyan, Ermənistan polisinin rəisi Vladimir Qqasparyan təcili hadisə yerinə gedərək kütləni sakitləşdirə biliblər. Daha sonra onlar əsgərin tabutunu onun doğulduğu kəndə müşayiət ediblər və dəfn mərasiminə qatılıblar. Ohanyan ölən əsgərin valideynləri qarşısında diz çökdüyünü deyib.
Həmin gün axşam əsgərin dəfninə qatılan müdafiə naziri vida çıxışında deyib ki, bütün günahkarlar öz cəzalarını alacaqlar. O, erməni xalqının və şəxsən özünün “matəm içində olduğunu” deyib, Ohanyan daha sonra əyilərək ölən əsgərin üzündən öpüb. Ohanyanın avtomobili kənd qəbiristanlığının yoluyla hərəkət edəndə qadınlar onun ünvanına müxtəlif iradlar deyiblər. “Biz zülm çəkib övlad yetişdiririk, siz də üstümüzə cəsədini göndərirsiniz. Nə qədər olar? Yuxarılarda bu haqda nə fikirləşirlər”, – deyə qadınlar Ohanyana bildirib. Kənd sakinləri arasında belə şayiə yaranıb ki, əsgər L.Stepanyanı güllələyən tanınmış generalın oğludur.
Dəfndən sonra əsgərin valideynlərinin evinə gedən müdafiə naziri hadisənin necə baş verdiyini danışıb. Bildirib ki, hərbi hissənin nəzarət-buraxılış məntəqəsini qoruyan əsgər D.Xaçatryan L.Stepanyana “sızanaqlı” deyib. Nəticədə L.Stepanyan və digər əsgərlə Xaçatryan arasında mübahisə düşüb. Xaçatryan onlara atəş açıb. Hazırda o həbsdədir və günahını boynuna alıb. Ohanyan deyib ki, hadisə ilə bağlı həmin polkun komandir müavini, batareya komandiri və digər zabitlər işdən azad edilib, polk komandiri də cəzalanıb. “Mən bu hadisə ilə bağlı Müdafiə Nazirliyində təcili müşavirə keçirdim, nazirliyin bir sıra məsul şəxsləri cəzalandırıldı, cəza tədbirləri davam edəcək. Belə hallara qarşı heç bir güzəşt ola bilməz. Əgər mən özüm güzəştə getsəydim, indi Allah bilir haralarda olardım”, – deyə Ohanyan bildirib.
Ölən əsgərin valideynləri isə deyiblər ki, bu hal orduda qeyri-sağlam atmosferin hökm sürdüyünü göstərir və indiki qətl birinci belə hadisə deyil. Nazir isə deyib ki, konkret olaraq həmin hərbi hissədə bu, ilk belə hadisədir.
Söhbət zamanı Ohanyana atmaca atıblar: “Demokratik ölkədə bu cür hallara görə nazir dərhal istefaya gedərdi”. Ohanyan atmacaya cavab olaraq deyib ki, belə deyənlər haqlı deyil: “Hər bir hadisə ilə bağlı biz xidməti araşdırma aparırıq. Mən isə özümə və müəyyən ölçüdə hüquq-mühafizə orqanlarına görə cavab verirəm”.
Söhbət zamanı toplaşanlar deyiblər ki, prezident Serj Sərkisyan da çıxıb izahat verməlidir. Çünki o, erməni ordusunda özünə yer eləmiş “ətçəkən maşın”a qarşı acizdir. Hər il onlarla əsgər bu cür güllələnir, yaxud intihar edir.
Qeyd edək ki, əsgər L.Stepanyanın ölümünə etiraz olaraq mayın 18-də İrəvanda da aksiya olub. Əsgər anaları, vətəndaş cəmiyyəti fəalları hökumət binasının qarşısına toplaşaraq baş nazir T.Sərkisyanın orduda baş verənlərə görə istefasını tələb ediblər. Aksiya iştirakçıları hökumət binasına hücum edib və binanın həyətinə daxil ola biliblər. Onlar tələb ediblər ki, baş nazir aksiya iştirakçılarının qarşısına çıxsın və izahat versin. Aksiyaçılar binanın giriş qapılarının qarşısını kəsiblər. Ancaq T.Sərkisyan arxa qapıdan çıxaraq qaçıb. Aksiyaçılar hökumət binasının qarşısında ölən əsgərə görə şam yandırıblar. Əsgər ölümlərinə görə yeni aksiyalar gözlənilir. (musavat.com)
Bizimxeber.az