“Əsl saxtakar Məzahir Pənahov başda olmaqla, MSK-nın bütün üzvləridir”

“Əsl saxtakar Məzahir Pənahov başda olmaqla, MSK-nın bütün üzvləridir”

 Növbədənkənar parlament seçkilərinə 94 saylı Ucar seçki dairəsindən qatılmaq istəyən Elton Məmmədovun deputatlığa namizədliyi ləğv edilib.

Yenisabah.az konkret.az-a istinadla xəbər verir ki, Mərkəzi Seçki Komissiyanın üzvü Qabil Orucov Elton Məmmədovun təqdim etdiyi məlumatlarda və sənədlərdə ciddi nöqsanlar, saxtalaşdırılmış informasiyalar olduğunu deyib.

Onun sözlərinə görə, sabiq deputat əsasən əmlak məsələləri ilə bağlı saxtalaşdırılmış sənədlər təqdim edərək, Dairə Seçki Komissiyasında qeydə alınmasına çalışıb.

MSK üzvü bildirib ki, Elton Məmmədovun təqdim etdiyi məlumatlar nəinki onun deputat seçilməsinə, hətta seçilsə belə, mandatının əlindən alınmasına səbəb olacaq saxtalaşdırmalardır.

Elton Məmmədov haqqında deyilənlərin hamısını yalan və böhtan adlandırıb:

"Haqqımda deyilən bütün məlumatlar yalandır, iftiradır. Əsl saxtakar Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov başda olmaqla, qurumun digər bütün üzvləridir. Məndən bu qədər. Qısa və konkret”.
 
****
Elton Məmmədovun namizədliyi ləğv edildi - Əmlakları və gəlirini gizlədib
Bu gün Mərkəzi Seçki Komissiyasının iclasında bir qrup seçicinin 94 saylı Ucar seçki dairəsindən deputatlığa namizədliyi özü tərəfindən irəli sürülmüş sabiq deputat Elton Məmmədovun deputatlığa namizədliyinin təsdiqlənməsinin ləğv edilməsi üçün müraciətinə baxılıb.

Gununsesi.info  xəbər verir ki, seçicilər müraciətlərində əmlakları barədə məlumatları gizlədən Elton Məmmədovun namizədliyinin ləğv olunmasını istəyiblər.

Məsələ barədə MSK üzvü Qabil Orucov məlumat verib. O bildirib ki, bir çox çatışmazlıqlar, o cümlədən bir sıra əmlaklar barədə məlumatlar DSK-ya düzgün, tam təqdim edilməyib: "Biz burada məlumatların saxtalaşdırılması faktını çox aydın formada görürük. Məsələn, Bakıda sahəsi böyük olan mənzillər, qeyri-yaşayış sahələri göstərilməyib. Bu məlumatların gizlədilməsi saxtakarlıqdır. Eyni zamanda məsuliyyətə səbəb olur. Digər tərəfdən, şəxsi gəlirləri ilə bağlı araşdırma aparılarkən Elton Məmmədovun sahibkar kimi əldə etdiyi gəlirləri gizlətdiyi də üzə çıxıb. Həm əmlaklar, həm də gəlirlər barədə məlumatlar gizlədilib”.

Qeyd edilib ki, E. Məmmədovun namizədliyinin qeydə alınması üçün təqdim edilmiş imza vərəqlərindəki imzalar yenidən yoxlanılıb. İmzaların əksəriyyətinin saxta olduğu da üzə çıxıb.

Məsələ səsvermə çıxarılıb, DSK-nın Elton Məmmədovun deputatlığa namizədliyinin təsdiqlənməsi barədə qərarı ləğv olunub.

Qeyd edək ki, Elton Məmmədov sabiq nəqliyyat naziri Ziya Məmmədovun qardaşıdır.

O, namizədliyini hökumətlə razılaşdırılmadan irəli sürmüşdü.
****

Elton Məmmədov namizədliyinin ləğv olunmasına belə reaksiya verdi - MƏN CƏNAB PREZİDENTİ SEVƏN ADAMAM

"Namizədliyimin ləğv olunması barədə xəbəri indi saytlardan oxudum. Mən nə əmlaklarıma aid , nə də başqa bir sənədlərimdə heç bir saxtalaşdırma  etməmişəm.Ən böyük saxtakar Məzahir Pənahovdur”.

Bunu deputatlığa namizədliyi MSK tərəfindən ləğv olunan sabiq deputat Elton Məmmədov Gununsesi.info-ya açıqlamasında deyib.

Onun sözlərinə görə, deputatlığa namizədliyinin qeydə alınmasından sonra Məzahir Pənahov tərəfindən təhdidlə üzləşib:”Gedib, mənə imza verən həmyerlilərimin qapısını döyüblər. Soruşurlar ki, doğrudanmı Elton Məmmədova imza vermisiz? Onlar da "hə” deyib. Mən cənab prezidenti, dövləti sevən adamam. Əgər YAP-dan olan rəqibim qələbə qazansa, əlini ilk sıxan mən olacaqdım. Bu adamlar yaramazlıqları ilə dövlətin siyasətinə xələl gətirir. Bu işlərin başında  Məzahir Pənahov və icra başçısı Mənsur Məmmədov durur. Bu adamlar özü saxtakardır. Məndən tələb olunurdu ki, namizədlik vəsiqəmi geri verim. Vermədim,  ona görə də belə saxtakarlıq etdilər. Mən müxalifət deyiləm, mən cənab prezidentin əsgəriyəm. Niyə belə edirlər? Bugün bu cür saxtakar adamlara görə insanlar əziyyət çəkir”.
Elton Məmmədov deyib ki, MSK-nın onu iclasa dəvət etməməsi də bir başqa qanunsuzluqdur: "Mənə orada sübutlar təqdim etməli idilər.Mən də öz arqumentlərimi, izahatımı verməliydim. Məni də dəvət etmədilər. Çünki, saxtakar özləridir”.

MSK-nın Mətbuat Xidmətinin rəhbəri Şahin Əsədli isə Gununsesi.info-ya Elton Məmmədovun iclasa dəvət edilməməsi barədə dediklərinə mübasibət bildirib:”Mərkəzi Seçki Komissiyasının iclasına şikayətçilər dəvət olunur. Onların şikayətləri qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və qaydada hərtərəfli və obyektiv araşdırıldıqdan sonra Komissiyanın iclasında qərar qəbul edilir. Şikayətçilər əlavə sübut və faktları olduqda, onları da öz müraciətlərinə əlavə edirlər. Şikayətçilərin iclasda iştirakı təmin olunur”.




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az