Evlərdəki odlu silahlar - Ağstafadakı olayda “Kalaşnikov” müəmması

Evlərdəki odlu silahlar - Ağstafadakı olayda “Kalaşnikov” müəmması

İyunun 17-də Ağstafada odlu silah vasitəsilə qan davası səbəbindən 4 nəfərin öldürülüb, 3 nəfərin yaralanması ilə nəticələnən hadisə bir sıra məqamlarım müzakirəsinə yol açdı. Onlardan biri də Azərbaycanda cəbhə xəttinə yaxın ərazilərdə hələ də döyüş silahlarının olması faktıdır. Hadisənin videosu yayıldıqdan sonra açıq şəkildə göründü ki, qətli törədən Elnur Süleymanovun əlində qundağı kəsilmiş "Kalaşnikov” markalı avtomat var. Bəs döyüş silahları insanlarda nə gəzir? Bu məsələ ilə bağlı qanunlar nə deyir?
"Yeni Müsavat”a bu barədə danışan ekspertlər bildiriblər ki, Azərbaycanda döyüş silahlarının istifadəsi, saxlanması və gəzdirilməsi qanunla qadağandır. Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi tərəfindən yayılan məlumatda qeyd edilir ki, respublikamızda 18 yaşına çatmış hər bir vətəndaşın mülki silah əldə etmək hüququ var: " Mülki silah - özünümüdafiə, ov və idmanla məşğul olma üçün nəzərdə tutulmuş silahdır. Özünümüdafiə silahı - yalnız hücumu dəf etmək təyinatına malik olan gözyaşardıcı, qıcıqlandırıcı və ya qısa müddətə sinir-iflicedici maddələrlə təchiz edilmiş tapança (revolver), mexaniki-püsgürdücü və ya aerozol qurğulu qaz silahı; idman silahı - idman yarışlarında istifadə üçün nəzərdə tutulmuş odlu, soyuq, o cümlədən soyuq atıcı və pnevmatik silah, ov silahı isə vəhşi heyvanların və quşların ovlanması üçün nəzərdə tutulmuş yivli və ya yivsiz lüləli odlu, soyuq, o cümlədən soyuq atıcı və pnevmatik silahdır.
Mülki silah əldə etmək istəyən vətəndaş ərazi polis orqanına və ya DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinə müraciət etməlidir. Bu zaman ondan ərizə, şəxsiyyət vəsiqəsi, ruhi-əsəb xəstəlikləri, narkomanlıq və alkoqolizmə düçar olub-olmaması, habelə görmə qabiliyyəti barədə müvafiq tibb müəssisəsindən arayış, iki ədəd fotoşəkil tələb olunur. Ərizə ilə müraciət etmiş şəxslərin məhkumluğunun olub-olmaması da DİN-in müvafiq idarəsi tərəfindən yoxlanılır.

İlgili resim

Pnevmatik silahın və ya aerozol qurğularının əldə edilməsi üçün xüsusi icazə tələb olunmur. Pnevmatik və özünümüdafiə silahını (aerozol qurğuları daxil olmaqla) ticarət müəssisələri yalnız 18 yaşına çatmış vətəndaşlara onların şəxsiyyət vəsiqəsi əsasında satır və bu barədə müvafiq qeydlər aparır.
İstifadəsində 5 ildən çox müddətdə yivsiz ov silahı olan və silahın dövriyyəsi ilə bağlı qaydaları pozmayan vətəndaşın yivli lüləli odlu ov silahı əldə etmək, saxlamaq və təyinatı üzrə istifadə etmək hüququ vardır".
Bildirilib ki, sovet dövründə olan məhdudiyyətlərdən fərqli olaraq hazırda hər bir vətəndaşa 7 ədəd mülki silahın alınmasına, saxlanılmasına və təyinatı üzrə istifadə edilməsinə xüsusi icazə və şəhadətnamə verilə bilər: "İncəsənət nümunələri olan və ya tarixi əhəmiyyət kəsb edən mülki silahların alınmasına say (yivli lüləli mülki silah istisna olmaqla) məhdudiyyəti qoyulmur. Xidməti və mülki silahın satış qaydalarını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyən edir. Bu cür silahın satışı ilə məşğul olmaq üçün Daxili İşlər Nazirliyi tərəfindən xüsusi icazə verilir. Ov silahları və onların sursatlarının satışına xüsusi icazə verilmiş müəssisələr həm paytaxtda, həm də respublikamızın digər şəhər və rayonlarında fəaliyyət göstərir. Odlu ov və ya idman silahının saxlanılması və təyinatı üzrə istifadə edilməsi hüququnu təsdiq edən şəhadətnaməsi olmayan vətəndaşa belə silah üçün döyüş sursatının satılması qadağandır. Silah haqqında qanunvericiliyin pozulmasına görə vətəndaşlar həm inzibati, həm də cinayət məsuliyyətinə cəlb olunurlar.

ağstafadakı ile ilgili görsel sonucu

Aparılmış araşdırmalar zamanı bir sıra şəhər və rayonlardakı orta təhsil məktəblərində hələ də ötən dövrlərdən qalmış təlim məqsədilə istifadə olunan silah-sursat olduğu müəyyən edilib. Göstərilənləri nəzərə alaraq DİN-in aidiyyəti xidmət əməkdaşları tərəfindən orta məktəblərdə, habelə digər təhsil ocaqlarında təlim məqsədilə istifadə olunan silah-sursatın mövcudluğunun müəyyən olunması məqsədilə yoxlamaların aparılması və bu sahədə aidiyyəti polis əməkdaşlarının məsuliyyətinin artırılması barədə şəhər, rayon polis orqanlarına göstəriş verilib.
Göstərişin icrası ilə bağlı həyata keçirilən yoxlamalar zamanı bir sıra orta məktəblərdə ötən dövrlərdən qalmış silah-sursat aşkar edilərək mütəxəssislərin iştirakı ilə götürülüb və müvafiq sənədləşmə aparılıb".
Təhsil Nazirliyindən "Yeni Müsavat”a bildirilib ki, orta məktəblərdə hərbi təlim dərslərində lazerlə çalışan avtomatlardan istifadə edilir. Döyüş silahları tamamilə yığışdırılıb.
Hərbi ekspert Üzeyir Cəfərov "Yeni Müsavat”a söyləyib ki, hazırkı zamanda rahat şəkildə silah əldə etmək mümkün deyil:

Üzeyir Cəfərov ile ilgili görsel sonucu

Üzeyir Cəfərov
"Konkret olaraq Ağstafada baş verən hadisə ilə bağlı istintaq araşdırmalıdır ki, hadisəni törədən şəxsdə ”Kalaşnikov" silahı haradandır. Burada hüquq-mühafizə orqanlarının üzərinə çox böyük məsuliyyət düşür. Araşdırma nəticəsində silahın haradan əldə olunması bilinəcək. Bu fakt göstərir ki, insanlar arasında ciddi iş aparılmalıdır ki, kimdə silah varsa, təhvil versin. Belə silahların insanlarda qalması faciələrə yol aça bilər. Affekt halında olan insan hər bir cinayəti törədər və günahsız insanlar bunun əziyyətini çəkərlər. Ona görə də hesab edirəm ki, silahların insanlardan yığılması istiqamətində yenidən işlər aparılmalıdır".

 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az