EYNŞTEYNİN MƏŞUQƏSİ RUS AGENTİ OLUB
Marqarita Konenkova ondan aldığı məlumatları sovet kəşfiyyatına ötürürmüş
Yəqin
ki, Eynşteynin dilini çıxarmış vəziyyətdə unikal fotosunu görmüsünüz.
Düzdür, o, həmin şəkildə dilini əyləşdiyi avtomobilin ətrafından
çəkilməyən jurnalist və fotoreportyorlara çıxarır. Amma məcazi mənada
götürsək, uzun dilini Amerikaya çıxarır. Çünki atom bombası barədəki
sirləri SSRİ-yə ötürmüşdü. Özü də məşuqəsi Marqarita vasitəsilə.
Albert
Eynşteyn qadınlara qarşı laqeyd olmayıb. Lakin fikri-zikri əsasən elmi
araşdırmalarının yanında qaldığından, qadınlarla vaxt keçirməyə imkan
olmayıb. Həm də dahilərin gəzdiyi qadınlar o qədər unikal olmalıdır ki,
həyatlarını bağlaya bilsinlər. Bİr növ belə qadınlar həm də "muza”
rolunu oynamalıdır. Eynşteynin həyatını qələmə alan Filipp Frank yazır
ki, Eynşteyn həmişə tək olmağı sevib. Hətta tələbələri və ailəsi
arasında da təkliyi xoşlayarmış. Yalnız bir qadından başqa. Həmin qadın
SSRİ-də görkəmli heykəltəraş Konenkovun həyat yoldaşı Marqarita
Konenkova idi.
Geniş
ictimaiyyət bu əlaqələr barədə 1998-ci ildə bildi. Məhz həmin ildə
Nyu-Yorkun "Sotbis” auksionunda Eynşteynin 1945-46-cı illərdə
Marqaritaya yazdığı məktublar satışa çıxarıldı. Bir neçə məktubda fizik
ona işdən sonrakı həyatından yazırmış. Özü də elə yumor hissi ilə yazıb
ki, auksionda olanlar bir xeyli gülüb. Amma sonradan araşdırma
nəticəsində məlum olacaqdı ki, belə komik məktublarda gizli şifrələr
varmış. Həm də bu məktublardan hiss olunub ki, Eynşteyn Marqaritaya
qarşı rəğbət və sevgisini gizlətməyib.
O illər NKVD-də general-leytenant olan Pavel Sudoplatov "Xüsusi
əməliyyatlar. Lubyanka və Kreml. 1930-1950-ci illər” kitabında yazır:
"Görkəmli heykəltaraş Konenkovun arvadı, Liza Zarubinanın rəhbərliyi
altında fəaliyyət göstərən bizim etibarlı agentimiz dünyanın məşhur
fizikləri Oppenheymer və Eynşteynlə Pristonda yaxınlıq əldə etdi”.
Liza
Zarubina NKVD-nin ən qiymətli əməkdaşlarından biri hesab olunub.
Kitabdan məlum olur ki, Zarubina Marqarita Konenkovanı Eynşteynə
yaxınlaşdırıb. Daha doğrusu ona yaxınlaşdırmaq yolunda bütün
vasitələrdən istifadə edib. Məqsəd aydın idi. Həmin illərdə nüvə silahı
üzərində gizli işlər gedirdi və Eynşteynin hər sözü qızıla bərabər
sayılırdı. Albertlə əməkdaşlığa nail olunsaydı, dünya bir qütbdən ibarət
olmayacqdı. Amerikanın - fiziklərin içində əsas ümidi Eynşteynə idi.
Yalnız pırpızbaş kişi ABŞ-ı dünyanın ağası edə bilərdi.
Beriya
neçəillik təcrübəsindən bilirdi ki, ən möhkəm və soyuqqanlı kişilərin
dili yataqda sakit dayanmır. Albert elə insan idi ki, ondan -
qorxutmaqla, yaxud ölüm təhdidi ilə izləməklə sirr almaq mümkün deyildi.
Ona görə də sirlərin açılması üçün əsas rol sevimli bir qadının üzərinə
düşürdü. O da gözəl və şirindilli Marqarita Konenkova ola bilərdi.
Konenkovlar
ailəsi hələ 1923-cü ildə Nyu-Yorkda təşkil olunan sərgidə iştirak etmək
üçün Nyu-Yorka getmişdilər. Burada sovet incəsənət günləri keçirilirdi.
Ailə geri qayıtmayaraq orada qalmağa üstünlük verib. Bununla da ABŞ-da
20 il yaşayıblar. Bəzi ehtimallara görə okeanın o tayında məskunlaşmağı
sovet kəşfiyyatı təhrik edib. Gizli tapşırıq məhz orada qalmaqla yerinə
yetirilə bilərmiş.
Bir
neçə il Amerikada yaşayandan sonra Nyu-Yorkdakı rezidentlər tərəfindən
Marqaritaya tapşırıqlar verilib. 1935-ci ildə isə həmin tapşırıqlardan
biri Eynşteynə yaxınlaşmaq olub. Bəs bu qadın sovet kəşfiyyatının
diqqətini necə cəlb edib?
Marqarita
İvanovna Vorontsova hüquq kurslarında təhsil alıb. O, hələ qızlıq
çağlarında gününü məşhur opera müğənnisi Şalyapingildə keçirərmiş. Onu
ilk dəfə NKVD-nin zabiti Pastelnyak müşahidə edir və anlayır ki, bu
qızdan istifadə etmək olar. Zabit Pastelnyak onun necə gözəl və
şirindilli olmasını sezib. Həmin illərdə Lavrenti Beriya öz işçilərinin
etibarlılığını öyrənmək məqsədilə "ştatdankənar qadınlar”a təlimat
verərək onlardan söz almaq məqsədilə məşuqələrinə çevirtdirərmiş.
Marqarita belə iş üçün yaxşı yarayıb. O, əvvəlcə bəzi yüksək rütbəli
NKVD əməkdaşları ilə sevgili olub. Beləliklə, nəinki Eynşteynin məşuqəsi
rolunda çıxış edib, həm də bəzi zabitlərin sevgilisi kimi onlardan söz
alarmış. Onun hətta Raxmaninov və Şalyapinlə də sevgi məcarasının olması
barədə yaxın illərdə məlumatlar üzə çıxıb. Bir sözlə bu qadın bir neçə
cəhbəyə işləməklə, bütün məlumatları NKVD-yə ötürər, ordan da Beriyanın
masasının üstünə qoyularmış. Onun heykəltaraş əri isə arvadının harada
işləməsi və hansı işlə məşğul olması barədə məlumatı təsəvvürü belə
olmayıb. Çünki Marqarita çox ehtiyatla hərəkət edərmiş.

Albert
Eynşteynlə Marqarita Konenkova konkret olaraq 1935-cu ildə tanış
olublar. Bu o dövrə düşürdü ki, alimlər atom bombasını hazırlamağa
başlamışdılar. Marqaritaya başa salınıb ki, bütün ölkənin təhlükəsizliyi
üçün Eynşteyndən məlumat almalıdır. Əks halda SSRİ adlı dövlətin
varlığı şübhə altına düşəcək. Sovet adamları isə atom bombasının
atılması nəticəsində yanın külə dönəcək.
Marqarita
Albertlə tanışlıq, onunla yataq həyatı keçirmək və nəhayət, atom
bombasına dair məlumatları almaq üçün bütün istedadını işə salıb. Dahi
fizikin qəlbində isə bu rus qadınına qarşı rəğbət oyanıb. Onlar hərdən
görüşər və məktublaşıblar. Tarixçilər hesab edir ki, Eynşteynin atom
bombası barədə məlumatı ötürməsi məktubların birində dolayı yolla
anlaşılır. Həmin məktubda Albert yazır ki, "həkim ona yaxşı hava qəbul
etməyi məsləhət görüb. Çox güman ki, Saranak-Leyk şəhərinə gedəcək”.
Marqarita başa düşür ki, Albert vacib məlumatı vermək üçün onu həmin
şəhərə dəvət edir. O, ərindən icazə istəyəndə, həyat yoldaşı deyir ki,
"get dincəl”. Arvadından şübhələnməyən əri onun hara getməsi ilə çox da
maraqlanmayıb. Güman edilir ki, məhz həmin şəhərdə baş tutan görüşdən
sonra atom bombasının sxemləri Marqaritaya verilib. Qadının həmin
məlumatları necə olursa-olsun alması, ABŞ-ın Naqasaki və Xirosimaya
atdığı atom bombasından sonra daha da əhəmiyyətli olmuşdu.

1945-ci
ilin iyulun 16-da Amerikanın Nyu-Meksiko ştatında ilk dəfə atom
bombasının sınağı həyata keçirildi. NKVD-nin Nyu-York rezidentliyi bu
barədə iki həftə əvvəldən Moskvaya xəbər vermişdi. Stalin 1945-ci ilin
avqustun 18-də SSRİ-də atom bombasının istehsal olunmasına dair sərəncam
imzaladı. Bu iş Beriyaya tapşırıldı. Amma istər Amerikadan, istərsə də
Almaniyadan oğurlanan sxemlər atom bombasının tam istehsalına imkan
vermirdi. Təcili tədbirlər görmək lazım idi. Marqarita Konenkovaya
göstəriş verildi ki, Albert Eynştyenlə bir də görüşməli və hansı yolla
olursa-olsun sxemləri ondan almalıdır.
Marqarita
bütün sovet adamları üçün vacib sayılan görüşə getdi. Sadə adamlar
gözlənilən təhlükədən xəbərsiz idi. Bu görüşün nə qədər əhəmiyyətli
olmasını kəşfiyyat orqanları yaxşı bilirdi. Marqarita həmin görüşdə
Albertdən SSRİ-yə kömək etməsini diləyib.
Bəs,
Eynşteyn Sovetlər Birliyinə kömək edibmi? Möcüzə nəticəsində Eynşteynin
Marqaritaya yazdığı məktublardan biri üzə çıxır. Orada yazılır ki,
"çətinliklə də olsa tapşırığı yerinə yetirdim”. Söhbət hansı tapşırıqdan
gedir, bilinmir. Çox güman ki, Albert tapşırığa həkiminin təmiz hava
almasını məsləhət bildiyi Saranak-Leyk şəhərində əməl edir.
Deyilənə görə Albert Eynşteynin SSRİ-yə kömək etməsinin bir neçə səbəbi
var. Birincisi, Eynşteyn atom bombasını yaratdığına görə sonralar çox
peşman olubmuş. İkincisi, Amerikanın Yaponiyanın iki şəhərinə belə
bombadan atması, onu düşünməyə vadar edib. Fikirləşib ki, bu bomba təkcə
Amerikada olarsa, xoşuna gəlməyən istənilən ölkə təhlükəyə məruz
qalacaq. Amma atomdan ikinci super dövlətdə olsa, nisbətən tarazlıq
yaranar. Eynşteyn ABŞ-ın Naqasaki və Xirosimaya atdığı bombadan sonra
gərgin anlar yaşayıb. Deməli, cin butulkadan çıxmışdı və Amerikanı
dayandırmaq lazım idi. Nəticədə, qərara alıb ki, bütün sxemləri
Marqaritaya verməlidir. Almaniyadan oğurlanan, eləcə də Albert
Eynşteynin verdiyi sxemlər əsasında sovet atom bombası yaradıldı.
Dünyada, tarazlıq bərpa edildi, o bombadan bir daha istifadə edilmədi.
Müharibədən
sonra isə onlar ayrılıblar. Görünür, tapşırığı yerinə yetirdiyinə görə
Marqaritanın ABŞ-da qalması həyatına təhlükə yarada bilərdi.
1946-cı
ildə fizik Pyotr Kapitsa Eynşteynə məktub yazaraq SSRİ-yə dəvət etdi.
Bu məktub Amerikanın xüsusi xidmət orqanlarını hərəkətə gətirdi, onlar
fizikin əlaqə saxladığı adamların hamısını yoxlayırlar. Ancaq Marqarita
barədə şübhələnmədilər.

Sonralar
əmr olundu ki, Marqarita Konenkovanın arxivi məhv edilsin. Həm də
ölümündən əvvəl özü də bəzi məlumatların məhv edilməsini istəyib. Bir
neçə məktub isə möcüzə nəticəsində bu dövrümüzə qədər gəlib çıxıb. O,
ərindən də, sevgilisi Albertdən də çox ömür sürdü. 1980-ci ildə uzun
sürən xəstəlikdən sonra Moskvada vəfat etdi. Onun tabutunu
qəbiristanlığa qədər müşayiət edən sadə adamlar bilmirdi ki, bu qadın
iki super gücün tarazlıq məsələsində və planetin xilas edilməsində böyük
rol oynayıb. (Manera.az)