“Facebook” hesabı oğurlananlara müjdə...

“Facebook” hesabı oğurlananlara müjdə...

“Kibercinayətkarlıq haqqında konvensiya” qəbul olunanda Azərbaycan bu konvensiyaya qoşuldu, lakin həmin konvensiyadan irəli gələn tələblər qanunvericilkdə öz əksini tapmadı”.

Bu fikirləri “Vətəninfo.az”a Azərbaycan İnternet Forumunun (AİF) prezidenti, ekspert Osman Gündüz bildirib.
Sosial şəbəkələrdə vətəndaşların şəxsi məlumatlarının ələ keçirilməsi ilə bağlı danışan ekspertin sözlərinə görə, bu problem bütün dünyada baş verir və problemin qarşısını almaq üçün birinci növbədə istifadəçi özü təhlükəsizliyinin qayğısına qalmalı, elementar təhlükəsizlik qaydalarına əməl etməlidir.
Kompüterin normal qaydada işləməsi, antivirus proqramlarından istifadə, normal parollardan istifadə, təhlükəsiz elektron ünvanlarından istifadə olunmasının vacibliyini vurğulayan ekspertin sözlərinə görə, təhlükə bununla da sovuşmur:
“Hər hansı bir saytın hücuma məruz qalması, facebook profillərinin oğurlanması , şəxsi informasiyanın oğurlanması milli təhlükəsizlik məsələsidir və burda kriminal var.”
Azərbaycanda informasiya təhlükəsizliyi məsələləri bağlı məşğul olan aidiyyatı qurumlarda ciddi problemlər olduğunu deyən Osman Gündüz, dəfələrlə bu məsələni qaldırdıqlarını deyir:
“Milli Təhlükəsizlik Nazirliyində kütləvi halda baş verənlərin qarşısını almaq üçün infrastruktur problemi həll olunmalıdır. Yəni , səlahiyyətlər müəyyən olunmalıdır”.
Ekspert hesab edir ki, təhlükəsizlik məsələləri ilə bağlı Daxili İşlər Nazirliyinin də müəyyən səlahiyyətləri olmalıdır:
“Qanunvericilikdə dəyişikliklər olmalıdır. İnformasiya təhlükəsizliyi ilə bağlı Azərbaycanda ciddi infrastruktur problemləri var və bu problemlər öz həllini tapmalıdır. “Kibercinayətkarlıq haqqında konvensiya” qəbul olunanda Azərbaycan bu konvensiyaya qoşuldu, lakin konvensiyadan irəli gələn tələblər qanunvericilkdə öz əksini tapmadı”.
AİF prezidenti onu da əlavə etdi ki, Milli Təhlükəsizlik Nazirliyi realda baş verən cinayət hadisələrini önləmək üçün gördüyü tədbirləri, virtual həyatda da görməlidir.
Qeyd edək ki, məsələ ilə bağlı Azərbaycan Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Orxan Mansurzadə və Milli Təhlükəsizlik Nazirliyinin mətbuat xidmətinin rəhbəri Arif Babayev isə bildirdi ki, bu kibercinayətkarlıqdır.
“Hüquq mühafizə orqanları məsələni daim nəzarət altında saxlayır və vətəndaşlar fərdi şəkildə bu orqanlara müraciət edə bilərlər”.
Xatırladaq ki, son zamanlar sosial şəbəkə olan “Facebook” istifadəçilərinin şəxsi məlumatları oğurlanır.

Mirvari Nəcəf



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az