Gömrük Komitəsində təşviş- Kütləvi ixtisarlar, yoxsa?...

Gömrük Komitəsində təşviş- Kütləvi ixtisarlar, yoxsa?...

Sabahdan etibarən Dövlət Gömrük Komitəsində atestasiya keçirilməsinə başlanılır. 

AzNews.az-a daxil olan məlumata görə, heç bir xəbərdarlıq edilmədən keçirilən atestasiya qurumun əməkdaşları arasında həyəcana səbəb olub. Belə ki, gömrükçülər bu atestasiyanın əslində kütləvi ixtisarların həyata keçirilməsi üçün vasitə olduğunu düşünürlər.

Məlumata görə, ilk olaraq sabah Bakı Baş Gömrük İdarəsinin əməkdaşları atestasiyadan keçiriləcəklər. Atestasiyanın nəticələrindən asılı olaraq, Dövlət Gömrük Komitəsinin əməkdaşlarının 40 faizi ixtisar olunacağına dair də fikirlər səsləndirilir. 

Qurumdan atestasiyanın keçirilməsini təsdiqləyiblər. Lakin bildirilib ki, burada kütləvi ixtisarlar barədə yaranan ajiotaj tamamilə əsassızdır: "Atestasiyanın keçirilməsi savadlı kadrların müəyyən olunması və onların qabağa çəkilməsi məqsədi daşıyır. Komitədə kütləvi ixtisarların həyata keçirilməsindən söhbət gedə bilməz”.

Qeyd edək ki, son zamanlar Azərbaycandan fəal sürətdə aparılan antiböhran siyasəti bəzi qurumların ləğv ediməsi və ya birləşdirilməsilə nəticələnib. Eyni zamanda bir sıra qurumlarda kütləvi ixtisarlar həyata keçirilib. Lakin, prezident İlham Əliyev son çıxışında dövlət şirkətlərini və sahibkarları mümkün qədər ixtisarlardan çəkinməyə çağırıb: "Sosial məsuliyyət nəzərə alınmalı, şirkətlərdə ixtisar hallarının olmamasına çalışılmalıdır. İş yerlərinin açılmasında dövlət şirkətləri nümunə göstərməlidirlər. İşlərini itirən insanlar dövlət şirkətlərinə müraciət etsinlər, əminəm ki, iş yerləri olacaq. Sahibkarlar da bu prosesdə iştirak etməlidirlər. Çünki iş adamlarına dövlət hərtərəfli dəstək verir və iş adamları da sosial məsuliyyətlərini dərk etməlidirlər”. 


Miq.az





İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az