Müəllif ustad qanun ifaçısı Elmira Axundovadır
Vətəninfo.az xəbər verir ki, Suriya Dövlət Konservatoriyasının professoru, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının elmi işçisi, ustad qanun ifaçısı, həmyerlimiz, musiqişünas-pedaqoq Elmira xanım Axundovanın “Hekayəli musiqi lüğəti” kitabı işıq üzü görüb.
Kitab həm Azərbaycan, həm də ərəb dilində nəşr edilib. Kitabı ərəb dilinə Vyana Prayner Konservatoriyasının məzunu Xumar Ələkbərova tərcümə və redaktə edib. Kitabın məsləhətçiləri əməkdar incəsənət xadimi, fəlsəfə elmləri doktoru, professor Gülnaz Abdullazadə, pedaqoji elmlər doktoru, professor Oktay Rəcəbov, Dəməşq Dövlət Konservatoriyasının professoru İmad Hamuş, dizayneri isə Vuisam Xuvesdir. Kitabda mühüm musiqi janrları – opera, simfonuya, oratoriya, balet haqqında oxuyub, müğənni səsləri, orkestr, musiqi alətləri və bir çox yeni mövzularla tanış ola bilərsiniz.
Onu da qeyd edək ki, kitabın səhifələrində improvizasiya, vokaliz və ostinato, partiya və partituranın fərqi, cazın harada və necə yaranması, kapelmeyster və konsertmeyster ifadələrinin oxşar xüsusiyyətləri, müxtəlif alətlərdə səsin hasil edilməsi, həmçinin musiqi “texnologiyası” – akkord, lad, interval haqqında məlumat verilir. Onu da qeyd edək ki, Elmira Axundova orta ixtisas musiqi təhsilini bitirdikdən sonra 1977-ci ildə Azərbaycan Dövlət Televiziya və Radiosunun Səid Rüstəmov adına Xalq Çalğı Alətləri orkestrinə solist olaraq qəbul olunub.
Böyük ustadlarla bərabər çalışan, musiqi sənətinin incəliklərinə yiyələnən gənc mütəxəssis 1982-ci ildə ali təhsilini başa vurub və 1 saylı incəsənət məktəbində pedaqoji fəaliyyətə başlayıb. Daha sonra Bülbül adına Orta İxtisas Musiqi Məktəbinə dəvət alan Elmira Axundova burada qanun tədrisinin əsasını qoyub. O, 1993-cü ildən 2012-ci ilə qədər Rusiya və Suriya Mədəniyyət Nazirliklərinin birgə anlaşması əsasında uzun illər Suriya Dövlət Konservatoriyasının Şərq bölümündə qanun ixtisası üzrə müəllim olaraq çalışıb və bu illər ərzində bir çox Ərəb ölkələrində keçirilən Musiqi Konfranslarına, Beynəlxalq Musiqi Festivallarına münsiflər heyyəti qismində qatılsa da, hər zaman bir ifaçı kimi öz doğma ölkəsini, onun əsrarəngiz musiqisini təbliğ edib.
Elmira Axundovanın Suriya Dövlət Konservatoriyasının sifarişi ilə qələmə aldığı ilk kitabı qanun tədrisində metodik dərs vəsaitinin əsasını təşkil edir. Müəllifin Suriya Təhsil Nazirliyinin təlimatı əsasında nəşr olunan beş kitabı bir çox ərəb ölkələrində tədris edilməkdədir. Biz də həmyerlimiz, dəyərli şəxsiyyət, ideal ana Elmira xanım Axundovaya yaradıcılıq uğurları arzulayırıq. Gələn saylarımızda E.Axundovanın “Qanun alətinin tədrisi metodikası” kitabı haqqında dolğun məlumatları oxuya biləcəksiniz.
Alim Nəbioğlu
Araz Hacıyev
Vətəninfo.az