Hərbi gəmilərin inşasına başlanılır
Azərbaycan Hərbi Dəniz qüvvələrinin qatıldığı yarışda dənizçilərimiz
yüksək nəticə göstərərək, ölkəmizi layiqincə təmsil ediblər.
Azərbaycanın Beynəlxalq Hərbi Oyunlarda çıxışı, son dövrlərdə gördüyü
iş, gələcək planları və digər məsələlər barədə Hərbi Dəniz Qüvvələrinin
komandanı vəzifəsini icra edən, Qərərgah rəisi, 1-ci dərəcəli kapitan
Şahin Məmmədov jurnalist Mirşahin Ağayevə eksklüziv müsahibə verib.
Vətəninfo.az ANS PRESS-ə istinadla həmin müsahibəni təqdim edir.
- Cənab komandan, ilk sualım Beynəlxalq Hərbi Oyunlar ilə bağlıdır.
Bu hərbi oyunlarda Azərbaycan dənizçilərinin iştirakı və nəticələri
barədə nə deyə bilərsiniz?
-
Rusiya Federasiyasının təşəbbüsü ilə 2015-ci ilin hazırlıq planına uyğun olaraq, Azərbaycan
hərbi dənizçiləri Beynəlxalq Hərbi Oyunlar çərçivəsində Rusiyanın
müxtəlif şəhərlərində keçirilən hərbi oyunlara qatılıblar. O
tədbirlərdən biri sırf dənizçilərlə bağlı olan "Xəzər Dənizi – 2015”
müsabiqəsi Xəzər dənizi hövzəsində keçirilib. Bu, Rusiya Hərbi Dəniz
Donanmasının
Mahaçqala şəhərinin akvatoriyasında keçirilən hərbi oyunlar idi. Azərbaycan
Respublikası Hərbi Dəniz Qüvvələrinin 2 gözətçi gəmisi və bir xilasedici
yedəyi bu oyunlara qatılıb. Ekipajın hazırlığı qısa müddət ərzində tam
başa çatıb, gəmilər texniki cəhətdən tam təmir olunaraq bu oyunlara
hazırlanıblar. Bu günə olan və davamlı gələn məlumatlara əsasən, bizim
dənizçilərimiz Rusiya və Qazaxıstan dənizçiləri ilə birlikdə yüksək
nəticə əldə ediblər. Gəmilərimiz bu oyunlarda əsasən dəniz hazırlığı
üzrə bilik və bacarığını nümayiş etdirib, həmçinin hərbi idman
oyunlarına qatılıb. Hərbçilərimiz əsasən dənizçilərlə bağlı olan
kəndirdartma, ağırlıq qaldırma, dəniz hədəflərini dəfetmə yarışlarında
gücünü sınayıblar. Həmçinin hərbi dənizçilərimiz orada digər dövlətlərin
- Rusiya, Qazaxıstan və Çin dəniz piyada qoşunlarının nümayəndələri ilə
futbol, voleybol yarışlarında iştirak ediblər.
Bu günə olan nəticələr bizi qane edir. Çünki, bu, bizim mötəbər tədbirdə
ilk iştirakımızdır. Hərbçilərimiz həm dəniz təcrübəsinə, həm atışların
yerinə yetririlməsinə, həm də idman yarışlarında çox yaxşı, bizi
qaneedəcək nəticələr göstəriblər. Biz inanırıq ki, gələcəkdə
dənizçilərimiz bundan da yaxşı nəticələr əldə edəcəklər. Çünki hər işin
ilki ağır olur. Gələcəkdə biz onlardan daha böyük uğurlar gözləyirik.
Bizim dənizçilərimiz həqiqətən Azərbaycanın Hərbi Dəniz Qüvvələrinin
başını uca ediblər. Mən gündəlik olaraq keçirilən tədbirlərlə bağlı
məlumat alıram. Bu gün onlar iki tədbirə qatılıb və yüksək nəticə
göstəriblər. Rusiyadan sonra ikinci yeri tutublar. Bu, bizim üçün böyük
nailiyyətdir.

Şahin Məmmədov - Hərbi Dəniz Qüvvələrinin komandanı vəzifəsini icra edən
- Sizi bu münasibətlə təbrik edirik. Hərbi Dəniz Qüvvələrinin
komandanı vəzifəsini icra edən şəxs kimi deyə bilərsinizmi, Azərbayacnın
Hərbi Dəniz Qüvvələri Xəzərdə istənilən təcavüzün, müdaxilənin
qarşısını almağa qadirdirmi? Yəni bizim cənubda və şimalda çox güclü
dəniz qüvvələri olan qonşularımızın qarşısına çıxa biləcək gücümüz
varmı?
- Hərbi Dəniz Qüvvələrindən danışanda təkcə Azərbaycan Respublikası
Müdafiə Nazirliyinin güc strukturu olan, yəni qoşun növü olan Hərbi
Dəniz Qüvvələrindən söz açmaqla məsələni bitmiş hesab etmək olmaz. İndi
Xəzər dənizində Azərbaycanın hərbi, siyasi, iqtisadi və digər
maraqlarının qorunmasından ötrü həm Hərbi Dəniz Qüvvələrinin gəmiləri,
birləşmələri, eləcə də Dövlət Sərhəd Xidmətinin sahil mühafizəsinin gəmi
və birləşmələri var.
Bundan əlavə, Azərbaycan Respublikası Dəniz Təhlükəsizliyi
Strategiyasına cəlb olunmuş digər qurumların bu cür strukturları Xəzərdə
dənizin təhlükəsizliyi baxımından tədbirlərə cəlb olunub. Azərbaycan
Preziudenti, Ali Baş Komandan İlham Əliyevin 2013-cü il sentyabrın 11-də
imzaladığı Azərbayacan Respublikası Dəniz Təhlükəsizliyi
Strategiyasının tələblərinə uyğun olaraq, bütün bu qurumlar bu gün Xəzər
dənizinin Azərbaycan sektorunda qarşıda duran bütün tapşırıqların
yerinə yetirilməsi üçün bir-biri ilə sıx əməkdaşlıq edirlər. Bu gün tam
əminliklə demək istəyirəm ki, bütün bu qurumların birgə səyi nəticəsində
Xəzər dənizinin Azərbaycan sektorunda tam əmin-amanlıqdır və qarşıya
qoyulmuş bütün tapşırıqlar həll edilir.
Bildiyiniz kimi, Xəzər dənizinin Azərbaycana məxsus olan sektorunda neft
və qaz infrastrukturu yerləşir. Bunların təhlükəsizliyi qarşıda
qoyulan ən əsas tapşırıqlardan biridir. Böyük həcmdə investisiya
qoyulmuş dəniz neft-qaz plotformalarının, sahilə qədər gətirilən
neft-qaz ixrac boru kəmərlərinin mühafizəsi, həmçinin 5 Xəzəryanı ölkə
olduğu üçün onların arasında Şimal-Cənub və Şərq-Qərb dəhlizi üzrə
hərəkət edən mülki gəmilərin təhlükəsizliyinin qorunması kimi
tapşırıqlar sadaladığım strukturların üzərinə düşür.

Hərbi Oyunlarda iştirak edən gəmilərimiz
Hər il döyüş hazırlığı proqramı tərtib olunur, icra edilir. İndi tam
əminliklə söyləyə bilərik ki, il ərzində qazandığımız bilik-bacarıq son
nəticədə qarşımıza qoyulan tapşırıqların həlli üçün gərəkli olur və bu
tapşırıqların həllinə nail oluruq. Sadəcə, onu demək istəyirəm ki, indi
hansısa vəziyyəti qiymətləndirdikdə, qarşımızda olan qüvvələri aciz və
yaxud imkansız kimi dəyərləndirməməliyik. Biz hər zaman onların daha
güclü tərəflərini fikirləşməliyik ki, risk və təhdid yarandıqda onlara
qarşı layiqli cavab verə bilək. Ona görə də biz qazandığımız
nailiyyətlərlə işimizi bitmiş hesab etmirik. Hərbi Dəniz Qüvvələrin
ekspertlər qrupu, həmçinin Müdafiə Nazirliyinin komandanlığı
gəmilərimizin yeni avadanlıqla, silahlarla təchiz olunmasını, gəmilərin
təmir olunaraq sıraya qoyulmasını və gələcəkdə yeni gəmilərin inşasını
hər zaman diqqət mərkəzində saxlayır. Gələcəkdə Hərbi Dəniz Qüvvələrinin
gəmilər bazasının, heyətinin müasirləşdirilməsi, təkmilləşdirilməsi,
yeni avadanlıqla təminatı sahəsində müxtəlif tədbirlər həyata keçirilir.
İnanıram ki, yaxın gələcəkdə bizim Hərbi Dəniz Qüvvələrimizin
tərkibində müasir tələblərə cavab verən, üzərində güclü silahlara malik,
yüksək nonotexnologiyalarla hazırlanmış radio-texniki silahlarla təchiz
olunmuş gəmilərimizin olması gözlənilir. Bu, yaxın gələcəyin işidir.
Bunun üçün dövlət tərəfindən Hərbi Dəniz Qüvvələrinə böyük diqqət və
qayğı göstərilir.
- Vaxtilə ulu öndər Heydər Əliyev deyirdi ki, Xəzərin sülh dənizi
olmalıdır. Xəzryanı dövlətləri militarizasiyadan uzaq olmağa çağırırdı.
Amma indi görünən odur ki, Xəzr dənizində qreyser, dostluq səfərləri
adı ilə müxtəlif təlimlər keçirilir, sanki güc nümayiş olunur.
Ümumiyyətlə, Allah eləməsin, sabah istənilən qonşu tərəfindən təhlükə
yaranarsa, ona cavab verməyə gücümüz varmı?
- Bizim gəmilərimiz də dostluq səfərləri edirlər. Rusiyanın Xəzərdəki
limanlarına 3 dostluq səfərimiz olub. Onların da gəmiləri 3 dəfə Bakı
buxtasında olub. Gəmilərin gəlib-getməsi dövlət səviyyəsində
rfeallaşdırılır. Rusiya gəmiləri həm Qazaxıstanın, həm Türkmənistanın,
həm də İranın hərbi limanlarında olub. Həmçinin bizim limanda da 3 dəfə
olublar. Türkmənistan və İran gəmilərinin bizim limanlara daxil olması
hələ qeydə alınmayıb. Biz tam dəstəkləyirik ki, Xəzər dənizi sülh,
dostluq, əmin-amanlıq dənizi olmalıdır. Ümumiyyətlə, Xəzər dənizi çox
böyük su hövzəsi deyil. Lakin ətrafda beş ölkə var və onların bütün
maraqları Xəzər dənizində kəsişir.
İndi Xəzər dənizinin hüququ statusunun təyin olunması ilə bağlı bir çox
problem var. Xəzərin statusunun təyin olunmaması hansısa qarşıdurmaya,
münaqişəyə gətirib çıxarmır. Bu da bütün Xəzəryanı dövlətlərin hərbi
dənizçilərinin təmkinli, səbrli, beynəlxalq təcrübədən istifadə edərək
bir-birinə qarşı dostcasına münasibətindən irəli gələn məsələdir. Lakin
Xəzərin hüquqi statusunun təyin olunması ilə bağlı diplomatik kanallar
işləyir. Xarici İşlər Nazirliyi tərəfindən yaradılmış işçı qrupu bu
sahədə fəaliyyətini davam etdirir. Ola bilsin ki, 2016-cı ildə Aşqabad
Sammitində Xəzərin statusu ilə bağlı yekdil qərəra gəlinsin.
Buna baxmayaraq, hərbi dənizçilər öz dövlətinin maraqlarını qoruyur,
Xəzəryanı dövlətlərin dənizçiləri bir-birinin maraqlarını, hüquqlarını
pozmadan konkret olaraq təhlükəsizlik baxımından üzərinə düşən bütün
məsələləri həll edirlər.

Azərbaycanın hərbi dənizçiləri
- Rəsmi informasiyalardan və mətbuatdan da görünən odur ki, Hərbi
Dəniz Qüvvələrimizin iştirakı ilə keçirilən təlimlər daha çox Rusiya ilə
reallaşdırılır. Bizim digər Xəzəryanı dövlətlərlə birgə ikitərəfli
hərbi təlimlər niyə keçirilmir? Yoxsa, keçirilir, bizim xəbərimiz
yoxdur?
- Biz bütün Xəzəryanı dövlətlərlə hər il növbəti il üçün ikitərəfli
beynəlxalq qarşılıqlı əməkdaşlıq planına uyğun olaraq, tədbirlər
keçiririk. Təkcə Rusiya ilə deyil, Qazaxıstan, İran, Avropa dövlətləri
ilə, Türkiyə ilə qarşılıqlı əməkdaşlığa uyğun tədbirlər keçiririk. Bu il
"Xəzər Dənizi-2015"də iştirak etmək üçün təklif bir il əvvəl gəlmişdi.
Biz bura müşahidəçi qismində qatılamaq fikrində idik. Lakin iş elə
gətirdi ki, gəmilərimizi və ekipajı burada sınaqdan keçirmək üçün
çalışdıq və bütün səylərimizi əsirgəmədən hazırlaşdıq. Bu gün fəxrlə
deyə bilərik ki, dənizçilərimiz beynəlxalq müsabiqədə bizi layiqincə
təmsil edib. Bu, böyük qürur hissidir.
Hazırlıq dövründə dənizçilərimizin nəyə qadir olduğunu gördük. Rusiya
gəmiləri ilə əlaqə qurmaq, Bakıdan Mahaçkala limanına getmək, yüksək
səviyyədə qarşılanma, birgə faəliyyət - hamısı göstərir ki, əməkdaşlığı
artırmaq lazımdır. Təhlükəsizlik baxımından yaranan problem istənilən
Xəzəryanı ölkəyə təsirini göstərə bilər, həm ekoloji, həm insan itkisi
və s. məsələrədə mənfi təsir göstərə bilər. Ona görə də Azərbaycan
Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev 2013-cü
ilin sentyabrında Həştərxan Sammitində bir daha təkidlə bildirdi ki,
Xəzər dənizi sülh, əmin-amanlıq, qarşılıqlı dostluq dənizi olmalıdır.
Cənab prezidentin söylədiyi bu fikri digər Xəzəryanı dövlərlərin
başçıları da dəstəklədilər. İndi Xəzəryanı ölkələrin Hərbi Dəniz
Qüvvələrinin komandanları bu aspekdən çıxış edərək, qarşılıqlı məlumat
bazasının, qarşılıqlı geoqrafiya, noviqasiya xidmətlərinin olması,
Xəzərdə gəmilərin təhlükəsizliyi ilə bağlı məsələlərin ümumi həllində
qarşımıza qoyulan tapşırıqların öhdəsindən gəlməyə çalışırıq.
Xəzər dənizində təkcə Azərbaycanın Hərbi Dəniz Qüvvələri deyil, həmçinin
Xəzəryanı dövlətlərin noviqasiya xidmətləri, Dövlət Dəniz
Administrasiyası, "Xəzər Dəniz Gəmiçilik" QSC, Daxili İşlər Nazirliyinin
dənizdə polis idarəsi, Milli Təhlükəsizlik Nazirliyi var. Biz bu
qurumlarla bütün məsələləri həll edirik.
Bir aydan sonra Dövlət Sərhəd Xidmətinin sahil mühafizəsinə Rusiya
Federal Təhlükəsizlik Xidmətinin sərhədçi gəmilərinin gəlişi gözlənilir.
Onlarla birlikdə hərbi təlimlər keçiriləcək. Bu tədbir yüksək səviyyədə
keçiriləcək. Bu, digər xarici dövlətin gəmisinin iştirakı ilə ilk
beynəlxalq tədbir olacaq. Bundan əvvəlkilər dostluq səfərləri olurdusa,
indi ilk dəfə xarici gəmilərin iştirakı ilə belə təlim keçiriləcək. Bu
barədə mərbuata geniş məlumnat veriləcək.
- Azərbaycanda Gəmiqayırma Zavodu var. Əslində, bu gəmi inşası ilə
yox, gəmi təmiri ilə məşğul olur. Bildiyimə görə, bu ərazidə gəmi inşa
edən zavod da var, onun adı deyəsən Baku Shipyarddır. Amma, hələ ilk
gəmimiz inşa olunmayıb, amma üzərində iş gedir. Mən çox istərdim, bu
tarixi hadisə barədə ilk dəfə bizim efirimizdə danışasınız. Bizim ilk
gəmimiz nə vaxt istehsal olunacaq, yəni bu tarix nə vaxta
planlaşdırılır?
- Bakı Gəmitəmiri Zavodu sırf Hərbi Dəniz Qüvvələrinə məxsus olan
zavoddur, təmirlə məşğuldur. Mövcud gəmilərimizin texniki vasitələrinə,
silahlarına, gəmilərin korpuslarına xidmət göstərməklə məşğul olur.
Sadəcə olaraq, sizin dediyiniz kimi, 2013-cü ilin sentyabrında Buta
qəsəbəsi yaxınlığında Bakı Gəmi İnşası Zavodu (Baku Shipyard) istismata
verildi. Mən dəfələrlə bu zavodda olmuşam, hər dəfə xaricdən gələn
nümayəndələr tərəfindən rəy almışam ki, bu zavod bu günün yox, gələcəyin
zavodudur. Yəni o qədər yüksək texnologiyalara malik zavoddur ki,
dünyada bundan çox azdır. Prezident İlham Əliyev zavodun açılışında
demişdi ki, bu zavod Xəzər dənizində Azərbaycan Respublikası üçün həm
mülki, həm də gələcəkdə hərbi gəmilərin inşası ilə məşğul olacaq. Biz bu
gün kursumuzu həmin istiqamətdə götürmüşük.
Ümumiyyətlə, hərbi gəmilərin tikintisi mülki gəmilərin tikintisindən
bəzi aspektlərinə görə fərqlənir. Yəni həm uzun müdət tələb olunur, həm
gəmilərin bizim tələblərə uyğun hazırlanması, həm onların üzərində
silahların, texniki vasitələrin, mühərriklərin və s. yerləşdirilməsi,
həm də bu gün Xəzərdə qarşımıza qoyulmuş tapşırıqlara uyğun olub-olmamsı
ilə bağlı ekspertlər qrupumuz tərəfindən işlər aparılır. İndi dünyada
gəmilərin inşası ilə məşğul olan zavodlarla aparılan işlərin yekun
nəticələri var. Bütün layihələr Nazirlər Kabinetinə təqdim olunub. Bu
məsələlərin tələblərimzə tam cavab verməsi barədə rəylər, bu işlərin
maliyyələşdirilməsi məsələləri həll olunduqdan sonra gəmilərin inşasına
dərhal başlanılacaq. Gəminin inşası uzun müddət tələb edir. Yəni tikinti
müddəti təqribən 1,8-2 il çəkir. Biz əsas işləri görmüşük, amma hələ
tikintiyə başlanılmayıb.
Onu da deyim ki, bizim Dövlət Sərhət Xidmətinin Sahil Mühafizəsi bu
yaxınlarda öz ərazisində ilk patrul gəmilərinin, katerlərinin açılış
mərasiminə İlham Əliyev dəvət olunmuşdu. Prezident orada iştirak etdi.
Bu, bizim üçün böyük fəxr idi. Yəni, indi Azərbaycan Respyblikasına
məxsus hərbi gəmilər Xəzərin qoynunda qarşıya qoyulmuş tapşırıqları
layiqincə yerinə yetirir. İnanıram ki, bizim də Hərbi Dəniz Qüvvələri
üçün tikiləcək ilk gəminin açılışı olacaq və simvolik məsələlər həllini
tapacaq. Bu, mütləq olmalıdır. Bu, bizim üçün, 1991-ci ildən müstəqillik
qazandıqdan sonra ibdiyədək Azərbaycan Respublikası Hərbi Dəniz
Qüvvələri üçün tikiləcək birinci gəmi olacaq. Bu, bizə böyük qürur hissi
verəcək. Yəni Xəzər dənizində qarşıya qoyulan bütün tapşırıqları icra
etməyə qadir olan hərbi təmayüllü gəmimiz olacaq. Biz bunun üzərində
çalışırıq və yaxın gələcəkdə bütün məsələlər həllini tapacaq.

Azərbaycanın hərbi gəmisi