İlk Avropa Oyunlarında gənclərin (könüllülərin) rolu

İlk Avropa Oyunlarında gənclərin (könüllülərin) rolu

2015-ci ilin iyununda, Azərbaycanın paytaxtı - Bakıda keçirilməsi planlaşdırılan, bir çox innovativ idman növünü özündə cəmləşdirən ilk Avropa oyunlarının  təntənəli açılış mərasimi baş tutdu. Bununla da Bakı 2015, Birinci Avropa Oyunları alovunun ölkə boyunca səyahətinə start verildi. Avropa Oyunları Asiya Oyunları, Pan-Amerika Oyunları, Ümum-Afrika Oyunları və Sakit Okean Oyunlarından sonra keçiriləcək sonuncu qitə oyunlarıdır. 2015-ci ildən etibarən hər bir qitənin Olimpiya ənənələrinə uyğun qitə Oyunları olacaq. Avropa Oyunlarında on altısı Olimpiya və dördü qeyri-Olimpiya olmaqla cəmi 20 idman növü təmsil olunacaq. Ümumilikdə 253 medal uğrunda mübarizə aparılacaq.


Azərbaycan təbiətinin, mədəniyyətinin və irsinin təntənəli bayramında məşəl ölkənin hər bir yerinə səyahət edəcək. Qürürvericidir ki, bu cür möhtəbər yarışa ev sahibliyi etmək məhz bizim payımıza düşüb. Bu həm də Azərbaycan gəncləri üçün böyük təcrübədir. Belə ki, bu oyunlarda könüllü tələbələrin iştirakı onların gələcək perespektivlərində böyük tramplin olacaq. Minlərlə səmimi, mehriban könüllünün iştirakı olmadan Avropa Oyunlarını  təsəvvür etmək çətindir. Könüllülər Oyunların güzgüsü   həm də  şəhərə gələn qonaqlar üçün fərqli bir mühitin yaradılmasına kömək edən şəxslərdir. Bu kimi böyük ölçülü və iri həcmli bir tədbirin həyata keçirilməsi zamanı qonaqların qəbul olunması, idman sahəsində işlərin görülməsi və ya media üzvləri eləcə də fəxri qonaqlara köməklik göstərilməsi kimi müxtəlif vəzifələri icra etmək üçün  könüllüyə  böyük ehtiyac var.


Könüllülər yeni təcrübə, qabiliyyət və bacarıq əldə etmək, dünyanı ürəkdən salamlayaraq yeni dostlar qazanmaq istəyən gənclər və ürəyi həmişə gənc olan insanlardır. Azərbaycan dünyanın ilk Avropa Oyunlarına ev sahibliyi etdiyi üçün könüllülərin hər biri bu tarixin yazılmasına köməklik göstərməlidir.

Jalə xanım  Azərbaycanda keçiriləcək ilk Avropa Oyunlarının tarixi əhəmiyyətini vurğulayaraq, oyunların vacib hissəsindən biri kimi könüllülərin işi olduğunu qeyd edib. Belə tədbirlərdə gənclərin, tələbələrin xüsusi yeri var. Dünyanın müxtəlif ölkələrində böyük miqyaslı tədbirlər  keçirilərkən tələbə könüllülərin cəlb olunması işin koordinasıyasında  xüsusi əhəmiyyət kəsb edir. Bu fəaliyyət gənclərimizə ictimai maraqlara xidmət etməklə bərabər, onların  öz bacarıqlarını inkişaf etdirmək, iş təcrübəsi qazanmaq, yeni insanlarla tanış olmalarına şərait yaradır. Ölkəmizdə də mütəmadi olaraq təşkil edilən beynəlxalq əhəmiyyətli tədbirlərə könüllülərin cəlb olunması ənənəsi var. Bu təcrübəyə misal olaraq “Avroviziya” musiqi yarışması  zamanı  fəal könüllülərimizi  qeyd etmək olar.
 I Avropa Oyunları zamanı da bu təcrübədən yararlanmaq lazımdır.


Eyni zamanda xanım Əmrbəyova gənclərin bu yöndə iştirakına marağın geniş olduğunu da vurğulayıb.. Könüllü olacaq tələbələr müvafiq təlimlər keçir, tədbirlərdə iştirak tarixinə, vəzifə funksiyalarına və xidmət yerlərinə görə şərti qruplara bölünürlər.


Sonda Jalə xanım Yay Olimpiya oyunlarının məşəli hər dəfə Afinadan götürüldüyü kimi Avropa Oyunlarının məşəlinin də bundan sonra hər dəfə Azərbaycandan – Atəşgahdan götürülməsini təklif etdi. Ölkəmizin tanınması baxımından bu fikri bir təklif kimi irəli sürmək lazım olduğunu  bildirdi. ( rəsmi mənbə yoxdur)

Qeyd edək ki, I Avropa Oyunları bu qitəni əhatə edən 49 ölkədən olan atletlər üçün çoxnövlü idman tədbiridir və dörd ildə bir dəfə keçiriləcək. Bakıya Oyunlara ev sahibliyi etmək hüququ 2012-ci ilin dekabr ayında Avropa Olimpiya Komitəsi (AOK) tərəfindən verilib. Bakı Avropa Oyunları Əməliyyat Komitəsi (BEGOC) Avropa Oyunları Komitəsi ilə birgə Oyunları təşkil edəcək və keçirəcək.
 
Hazırladı: İlhamə Vəliqızı

Vətəninfo.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az