İnterpolun axtardığı məmur həbs olundu-Azərbaycan pasportu ilə

İnterpolun axtardığı məmur həbs olundu-Azərbaycan pasportu ilə

Belarus prokurorluğu saxta pasport istifadə edən rusiyalı məmur Ruslan Toturbiyevi həbs edib.

Miq.az-ın anspress-ə istinadən məlumatına görə, Dağıstan Respublikasının Kumtorkala rayonunun keçmiş icra başçısı olan Ruslan Toturbiyev 4 dövlətin saxta pasportu ilə saxlanılıb. Onun üzərindən götürülən sənədlər arasında Azərbaycan pasportu da olub.

Bundan başqa, araşdırmalardan sonra icra başçısının üzərindən saxta Moldova və Ukrayna pasportları da aşkar olunaraq götürülüb.

44 yaşlı Ruslan Toturbiyevin vəkili də onun üzərində 4 saxta sənədin olduğunu təsdiqləyib. Qomel vilayətinin prokurorluğunun verdiyi məlumata görə, sabiq məmur əvvəlcə Ukraynada gizlənmək, daha sonra isə Bolqarıstana qaçmaq istəyib. O, Ukrayna ilə Belarus sərhədində Moldova sənədini təqdim edərkən saxlanılıb.

Təkcə üzərində saxta sənəd gəzdirdiyinə görə onu 3 ilə qədər həbs gözləyir. Prokurorluq eyni zamanda Ruslan Toturbiyevi Rusiyaya göndərəcəyini bildirib.

Xatırladaq ki, 2015-ci ilin mart ayında icra başçısı haqqında Dağıstan Respublikasının Kumtorkala rayonunun prokurorluğuna yeddi şikayət daxil olub. Onlardan bəziləri dələduzluq, bəziləri isə köçürmə proqramı zamanı 162 milyon rublun mənimsənilməsi üzrə olan faktlardır. Toturbiyev 2013-cü ildən beynəlxalq axtarışdadır.
 
Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az