İrəvanı növbəti etiraz dalğası bürüyür

İrəvanı növbəti etiraz dalğası bürüyür

İrəvanda "Qalx, Ermənistan!” aksiyasının təşkilatçıları yeni kütləvi etirazlara başlayacaqlarını bildiriblər.

Vətəninfo.az-ın ANS PRESS-ə istinadən məlumatına görə, təşkilatçıların budəfəki əsas tələbi Ermənistan prezidenti Serj Sərkisyanın istefası və iqtidar partiya nümayəndələrinin hakimiyyət vəzifələrindən kənarlaşdırılmasıdır.

Hələ keçən həftə hərəkatın koordinatoru Andreas Qukasyan bu günə işarə edərək mitinqin İrəvanın mərkəzində keçiriləcəyini bildirmişdi. Onun sözlərinə görə, mitinq İrəvanın Respublika meydanında keçiriləcək.

Qukasyan bildirib ki, mitinq zamanı dövlətin elektrik tariflərinin qaldırılmasına qarşı etdiyi işlər müzakirə olunacaq və tələblərin məzmunu aydınlaşdırılacaq. Təşkilatçıların təbirincə, hakimiyyət Rusiyanın "İnter RAO” şirkətinə məxsus "Ermənistan elektrik şəbəkələri” şirkətini milliləşdirməli, elektrik enerjisi qiymətlərinin razılaşdırılması üçün danışıqlarda iştrak edən Ermənistan ictimai xidmətlərin tənzimlənməsi üzrə Komissiya üzvlərini istefaya göndərməlidir.

Amma ən əsas tələb ölkə rəhbərliyinin istefasıdır. Etirazçılar bildirirlər ki, Serj Sərkisyan və onun partiya üzvləri hakimiyyətdən getməyənədək meydanı tərk etməyəcəklər.

Xatırladaq ki, Ermənistanda elektrik enerjisinə olan tariflər 1 avqust tarixində 15 faizdən çox artırılıb. Bundan sonra kütləvi etirazlar fonunda nə edəcəyini bilməyən hakimiyyət "Ermənistan elektrik şəbəkələri” şirkətində beynəlxalq audit keçirilməsi qərarına gəlib . Yoxlamanın bitəcəyinə kimi isə insanlar köhnə tariflə ödəniş etməyə davam edəcəklər. Bu zaman tariflər arasındakı fərq dövlət büdcəsindən ödəniləcək.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az