“İnter” qorudu, azərbaycanlılar 94-cü dəqiqədə soyuldu”
“Qarabağ” – “İnter” matçının son dəqiqələrində rəqib qapısından keçən qol ətrafında yaranan qalmaqal davam edir. Play-off-un bir addımlığında olan “Qarabağ”ın Avropanın 10 əsas klubundan biri olan “İnter”in qapısından keçirdiyi bu top qrup ikinciliyini təmin edəcəkdi. “Qarabağ” və azarkeşlərinin qol hesab etdiyi bu topu hakimin saymaması Bakıda etirazları coşdurdu. Hakimin səhv qərarı dəyişilə bilərmi və ya “Qarabağ” məğlubiyyətlə barışacaqmı?
ANS TV-nin məlumatına görə, Tofiq Bəhrəmov stadionuna gələn minlərlə azarkeşin “Qarabağ” futbol komandasına ümidləri böyük idi. “Qarabağ” futbol komandası da bu ümidləri doğruldaraq topu qapıdan keçirməyi bacardı. Lakin oyunun hakimləri bu qolu doğrultmadı.
“İnter”lə mübarizə aparan “Qarabağ”ın son dəqiqələrdə rəqib qapısından keçirdiyi qolu heçə sayan hakimlərin bu qərarı azarkeşlərin qəzəbinə səbəb oldu. Matçdan dərhal sonra açıqlama verən klubun baş məşqçisi Qurban Qurbanov da qolun heç bir qayda pozuntusu olmadan vurulduğunu bildirdi.
“Qarabağ” klubuna sosial şəbəkə istifadəçilərindən də dəstək gəldi. Kimisi qəzəblənərək çexiyalı hakim Miroslav Zelinkanı hədəfə aldı, kimisi də UEFA-nı söz atəşinə tutdu. Lakin azarkeşlər tərəfindən verilən ən düzgün qərar sosial şəbəkələrdə xüsusi etiraz formasının hazırlaması və bu qrupa minlərlə insanı dəvət etməsi oldu. Qısa bir zamanda 14 mindən çox insanın qatıldığı etiraz qrupunun məqsədi UEFA-ya rəsmi məktub göndərmək və “Qarabağ”ın qolunu heçə sayan hakimlərin cəzalanmasına nail olmaqdır.
Matçda vurulan qolun qeydə alınmaması İtaliya mətbuatında da geniş müzakirələrə səbəb olub. “İnter” klubunun vətənində dərc edilən “Qadzetta dello Sport” qəzeti “Azəri qəzəbi” başlığı altında verdiyi yazıda artırılmış dəqiqələrdə vurulan qolun heç bir səbəb olmadan sayılmadığını yazıb. Hakimin səhvi ölkənin digər nüfuzlu qəzetlərində də yer alıb. İtaliyanın ən tirajlı ictimai-siyasi qəzeti “Republika” bu hadisəni “İnter” məğlubiyyətsizliyini qorudu, azərbaycanlılar 94-cü dəqiqədə soyuldu” başlığı ilə qələmə alıb. Məqalədə müəllif hakimin qərarını “dəhşətli səhv” adlandırıb. Beynəlxalq hakimlərdə çexiyalı hakim Zalinka tərəfindən verilən bu qərarın yalnış olduğunu bildirirlər.
Beynəlxalq hakim Asim Xudiyev qeyd edib ki, oyundan sonra, hətta bir neçə dəfə təkrar olaraq şəxsən özü videoya baxıb: “Digər hakimlər də videyazıya baxdıqdan sonra qərara alındı ki, qol doğurdan da qaydalar çərçivəsində vurulub. Və oyundan sonra hakim inspektor bunu da etiraf edib, doğrudan da yan hakim və baş hakim ciddi səhvə yol veriblər”.
“Qarabağ” futbol klubunun vitse-prezidenti Tahir Gözəl isə bu gün keçirdiyi mətbuat konfransında tarixi qələbənin əllərindən alındığını bildirdi.
"Biz öz şikayətimizi UEFA-ya edəcəyik. Güman edirik ki, UEFA-da bu dəfə bizə edilən haqsızlığın bir daha təkrarlanmaması üçün bir sonrakı səfərdə daha diqqətli olacaq. Daha da bacarıqlı, daha da ədalətli hakimlər göndərsinlər”.
Bunu qəbul etməyən yalnız “Qarabağ” azarkeşləri və bu qərarın ədalətsiz olduğunu hesab edənlərdir. Qərar isə artıq verildi. Dünya arenasında açıq görünən Qarabağ həqiqətləri boğulduğu kimi yaşıl arenada da “Qarabağ” futbol klubunun haqları boğuldu. Görünür Qarabağa bağlanan qara bağın açılmasna hələ var.