İtmiş təyyarənin havadan axtarışları müvəqqəti dayandırılıb

İtmiş təyyarənin havadan axtarışları müvəqqəti dayandırılıb

İndoneziya Milli Axtarış və Xilasetmə Agentliyinin (BASARNAS) rəhbəri Bambanq Soelistionun bildirdiyinə görə, “AirAsia” şirkətinə məxsus itən təyyarənin havadan axtarışları bu gün üçün dayandırılıb.

Vətəninfo.az-ın məlumatına görə, B.Soelistio qeyd edib ki, axtarış zonasında gəmilər işi davam etdirir. Təyyarələr axtarış işlərini dekabrın 30-da səhər bərpa edəcəklər.

“AirAsia” şirkətinə məxsus təyyarənin axtarışları hələ ki heç bir nəticə verməyib. Axtarış işləri Yavan və Cənub-Çin dənizlərinin sərhədində yerləşən Belitunq adası rayonunda aparılır. Təyyarə İndoneziyaya məxsus zonada itdiyinə görə axtarışlara bu ölkə rəhbərlik edir.

İndoneziya Hərbi-Hava Qüvvələrinin (HHQ) nümayəndəsinin dediyinə görə, əsas axtarış işləri Belitunq adasının şərqində və şimalında davam etdirilir. Bu adanın sakinləri təyyarə ilə əlaqənin kəsildiyi vaxt partlayışa oxşar səslər eşitdiklərini bildiriblər.

Axtarış zonasında itmiş təyyarənin qırıntılarının və yanacaq ləkəsinin tapılması barədə xəbərlər yayılsa da, İndoneziya rəhbərliyi bunların itən təyyarəyə aid olmadığını bildirib.

Xilasedicilər güman edirlər ki, “AirAsia” şirkətinə məxsus təyyarə qəzaya uğrayıb və batıb. Bununla əlaqədar BASARNAS-ın rəhbəri B.Soelistio bildirib ki, onun rəhbərlik etdiyi agentlik müvafiq xilasedici qurğuya və təyyarənin qaldırılması üçün lazım olan avadanlığa malik deyil.

İndoneziya tərəfi axtarış zonasına HHQ-yə məxsus yeddi təyyarə, dörd gəmi və altı tədqiqat gəmisi göndərib. Qonşu ölkələr də axtarış-xilasetmə əməliyyatına qoşulub. Sinqapur iki C-130 “Herkules” hərbi-nəqliyyat təyyarəsi ayırıb və əlavə olaraq iki sualtı axtarış sistemi verməyə hazır olduğunu bildirib. Koreya Respublikasının nümayəndələri yaxın iki gündə axtarışlar üçün təyyarə ayıracaqlarını bildiriblər. Avstraliyanın Baş naziri Toni Abbott, Yaponiyanın Baş naziri Şinzo Abe də təyyarənin yerinin müəyyən edilməsi üçün yardım göstərməyə hazır olduqlarını bildiriblər. Böyük Britaniya, Hindistan, Kanada, Çin və ABŞ-da əməliyyatın aparılmasına yardımçı olmaq istədiklərini bildiriblər.

Təyyarənin uçuşunun son dəqiqləri ilə əlaqədar məqamlara da aydınlıq gətirilib. Belə ki, İndoneziyanın əlaqədar xidmətləri təyyarəyə uçuş yüksəkliyini dəyişməyə icazə verməyiblər. Həmin vaxt bu sahədə başqa təyyarə olub.

“AirAsia” şirkətinə məxsus təyyarə ilə əlaqə bazar günü səhər, o havaya qalxdıqdan 42 dəqiqə sonra Yavan dənizi üzərində olarkən kəsilib. Şirkətin məlumatına görə, təyyarənin göyərtəsində 162 nəfər olub. Göyərtədəkilərin 155-i İndoneziya, üçü Cənubi Koreya, biri Fransa, biri Sinqapur və daha biri Böyük Britaniya vətəndaşıdır.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az