Jurnalistin ölümündə günahkar olan həkimdən daha bir şikayət
Avqustun 8-də futbolçunun qohumları tərəfindən
amansızcasına döyülən, bir gün sonra müalicə olunduğu xəstəxanada ölən
jurnalist Rasim Əliyevin barəsində yazıların mediada
işıqlandırılmasından sonra onu müalicə edən həkim Saday Əliyev barədə də
şikayətlər çoxalıb.
Redaksiyamıza şikayət məktubu göndərən Natiq Abdullayev adlı şəxs yazır:
"Bu gün internetdə "Həkim Saday Əliyev jurnalist
Rasim Əliyevin ölməsində günahkardır" başlıqlı xəbərə rast gəlincə şok
keçirdim. Düşünürəm bu yazı çoxları üçün gecikməmiş xəbərdarlıq olacaq.
2014-cü ilin aprel ayının 1-də Semaşko kimi
tanınan 1 nömrəli xəstəxanada atama mədə-bağırsaq keçməzliyi diaqnozu
qoyuldu. Bu diaqnozdan sonra atamı Saday Əliyev əməliyyat etməli idi.
Gecə saat 1 idi. Əməliyyat başlamazdan bir saat əvvəl Saday Əliyev mənə
bildirdi ki, Bakı-Moskva qatarı ilə gələcək bir nəfərdən çamadan
götürmək üçün getməlidir. Gedib çamadanı götürüb tez qayıdacaq. Mən və
qardaşım həkimə yalvar-yaxar etdik ki, atamı sən əməliyyat et, kimdən nə
götürmək lazımdırsa, biz gedib götürərik. Beləcə, razılığa gəldik.
Saday Əliyev rusdilli qadının mobil telefon nömrəsini bizə verdi. Gecə
saat 1-də xəstəxanadan qardaşımla birgə çıxıb Bakı dəmiryol vağzalına
getdik. 4 saat qatarın gəlməsini gözlədik. Səhər saat 5-ə qalmış qatar
stansiyaya yaxınlaşdı. Halbuki həkim Saday Əliyev tez gedib gələcəyini
bildirmişdi. Əməliyyat olunacaq xəstəni qoyub qaçmaq istəyən həkimdən nə
desən gözləmək olar! Vaqonda qadına yaxınlaşdıq. Qadın bizə "Moskvadan
göndərilən referatlar olan” çamadan üçün gəlmisiniz? Biz həkim üçün
göndərilmiş sənədlərlə dolu bir çamadan götürdük. Bu çamadanın içində
olan sənədlər ona o qədər vacib idi ki, əməliyyat öncəsi xəstəni qoyub
qaçmağa belə razı idi. Görünür oğurluq referat sənədlər ilə professor və
s. ad almaq üçün bu "həkim" olmayan şərəfini belə qurban verməyə hazır
idi. Çamadanı götürən kimi həkimə zəng edib çamadanı götürdüyümüzü
bildirdik və atamızın əməliyyatının necə keçdiyini söylədik. Saday
Əliyev "əməliyyat çox uğurla keçdi, 1 günə reanimasiyadan palataya
köçürüləcək" deyib bizi arxayınlaşdırdı. Əməliyyatın sabahısı günü bizə
külli miqdarda dərman ləvazimatları aldırdılar. Təsəvvür edin, alınan
dərman ləvazimatlarının sayı o qədər çox idi ki, zorıla daşıyırdıq
xəstəxanaya. Bir gün sonra zəng edib atamızın vəziyyətini öyrənmək
istədikdə "vəziyyəti ağırdır" dedilər. Təcili xəstəxanaya gəldik. Bizi
reanimasiyaya qaldırdılar. Bizə qapının arxasında olan üstü örtülü bir
cənazə göstərdilər. Bundan sonra bu cənazənin atamız olduğunu anladıq.
Həkim Saday Əliyevdən atamız nədən dünyasını dəyişdi söylədikdə Rasim
Əliyevin ailəsinə deyilən şablon sözlər eynisi bizə deyildi. Saday
Əliyev dedi ki, guya ağciyərindən öldü. Ağzından dayanmadan qan gəldi
dayandıra bilmədik. Həkimin dedikləri cəfəngiyatdan başqa bir şey
deyil.
Bunu ona görə yazıram ki, Saday Əliyevin
iştirakı ilə olan əməliyyatların çoxusu ölümlə nəticələnir. Ora girən
sağ çıxmır. Günahkar həkim cəzalandırılmalıdır".
Musavat.com