Jurnalistin qətlinə beynəlxalq reaksiyalar davam edir

Jurnalistin qətlinə beynəlxalq reaksiyalar davam edir

Ötən həftə sonu "Qəbələ” futbol klubunun oyunçusu Cavid Hüseynovun qohumları tərəfindən vəhşicəsinə döyülərək qətlə yetirilmiş müstəqil jurnalist Rasim Əliyevə görə beynəlxalq təşkilatlardan reaksiyalar gəlməkdədir.

Vətəninfo.az Virtualaz.org-a istinadən xəbər verir ki, qərargahı Nyu-Yorkda yerləşən Jurnalistləri Müdafiə Komitəsi (CPJ) jurnalist Rasim Əliyevin ölümü barədə bəyanat  yayıb. Bəyanatda təşkilat Azərbaycan rəsmilərini Rasim Əliyevə hücumu şəffaf və effektiv şəkildə araşdırmağa, hücumun motivini aydınlaşdırmağa və bütün cinayətkarların ədalət qarşısında cavab verməsini təminat altına almağa çağırıb.

"Biz Rasim Əliyevin öldürülməsini qınayır və rəsmiləri qətli ən şəffaf şəkildə araşdırmağa çağırırıq," deyə CPJ-in Avropa və Mərkəzi Asiya proqramları üzrə koordinatoru Nina Oqnianova bildirib.

Rasim Əliyev haqqında məlumat verilən bəyanatda deyilir ki, o, bir neçə müstəqil media üçün çalışmaqla yanaşı, həm də keçən il ofisində reyd keçirilən Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunda (RATİ) çalışıb. Yerli mediaya istinad edən bəyanatda habelə jurnalistin hətta son hücumdan əvvəl də öz işi ilə bağlı sosial şəbəkələrdə təhdidlərlə üzləşdiyi deyilir.

Avqustun 8-də Rasim Əliyev "Qəbələ" futbol komandasının oyunçusu Cavid Hüseynovun qohumları tərəfindən döyülüb.

Daha sonra CPJ Rasim Əliyevin ölümünə gətirib çıxaran hadisələrə də nəzər salıb.

"Azərbaycan Prezidenti İlham Əliyev hücumu qınayaraq bunu ölkədə ifadə və söz azadlığına hədə adlandırıb. Araşdırma başladan rəsmilər isə ən azı bir nəfəri həbs edib," deyə bəyanatda bildirilir.

Index for Censorship beyməlxalq söz azadlığı təşkilatının yüksək vəzifəli şəxsi Melody Party isə bəyan edib ki, onlar jurnalistin vəhşiəsinə döyülərək qətlə yetirilməsindən "dərin şok və məyusluq hissi” keçirirlər. "Biz Azərbaycan hakimiyyətini bu qətlə hərtərəfli araşdırmağa, bütün günahkarları üzə çıxarıb cəzalandırmağa çağırırıq”-rəsmi bildirib.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az