“Köçəryanın hakimiyyətə qayıdışı mümkün deyil...- 39 ermənini qətlə yetirib...”
"Çoxları onu Putinin dostu hesab etsə də, Rusiya lideri artıq Köçəryanı yox, Paşinyanı dəstəkləyir...”
"Hesab edirəm ki, bəzi müxalif qüvvələr Robert Köçəryanı populyarlaşdırmağa çalışsalar da, onun bu və ya digər formada hakimiyyətə qayıdışı mümkün olmayacaq. Çünki çoxları onu Putinin dostu hesab etsə də, Rusiya lideri bu gün, əksinə Köçəryanı yox, Paşinyanı dəstəkləyir...”
Bu fikirləri Moderator.az-a açıqlamasında erməni dilində mükəmməl bildiyindən Ermənistan telekanal və saytlarını mütəmadi izləyən sabiq deputat Maksim Musayev səsləndirib.
"Bilirsiz, Ermənistanın hazırkı prokurorluq və məhkəmə sisteminin əksər kadrları Köçəryan və Serjik Sərkisyanın dövründən qalanlardır. Ona görə də onlar Köçəryanın məhkəməsini bu və ya digər formada uzadaraq onun bir dəfəlik azadlıqdan məhrum edilərək zindana atılmasını ləngidirlər. Amma bu terrorçu eks-prezident haqqında o qədər faktlar var ki, onların üzə çıxmasına həmin keçmiş nomenklatura hələki imkan vermir. Bu günlərdə ermənicə saytlardan birində Robert Köçəryanın hakimiyyətdə olduğu 1998-2008-ci illərdə 39 ermənini qətlə yetirtməsi haqda faktlar açıqlanıb. Adını, təəssüf ki, unutduğum o dövrdə müxalifətdə olmuş ermənilərdən biri Köçəryan rejiminin qurbanı olmuş həmin 39 nəfərin hamısının siyahısını da verib... Bunun üzərinə onun 1998-ci ildə Ermənistan parlamentindəki qətliamı, eləcə də 2008-ci il 1 mart hadisələri ilə birbaşa bağlılığını əlavə etsək, Köçəryanın nəinki Azərbaycan xalqına, özünün 10 il rəhbəri olduğu erməni toplumuna qarşı da terror aktlarında iştirak elədiyinə əmin olarıq... Odur ki, onun hazırda məhkəmədən qurtulması da, hakimiyyətə qayıdışı da qeyri-mümkündür. Serjik Sərkisyan haqda da təxminən oxşar fikirlər söyləmək olar...”
Keçmiş parlament üzvü Paşinyanın hakimiyyətdə duruş gətirməsində Rusiya Prezidenti V.Putinin rolunu da qeyd edib.
"Digər tərəfdən, hazırda Ermənistandakı proseslərdə Rusiyanın, konkret olaraq Prezident V.Putinin mövqeyi həlledici rol oynayır. Bu baxımdan da hesab edirəm ki, bəzi müxalif qüvvələr Köçəryanı populyarlaşdırmağa çalışsalar da, onun bu və ya digər formada hakimiyyətə qayıdışı mümkün olmayacaq. Çünki çoxları onu Putinin dostu hesab etsə də, Rusiya lideri, bu gün, əksinə Köçəryanı yox, Paşinyanı dəstəkləyir... Ona görə ki, Putinin Azərbaycanın Qarabağdakı qələbəsindən sonra üçtərəfli 10 Noyabr razılaşması əsasında İlham Əliyev və Ərdoğanla birgə planlaşdırdığı layihələrin həyata keçməsini Paşinyan təmin etməkdədir. Bundan sonra da o, digər məsələlərin də həllinə şərait yaradacaq: Naxçıvana Meğri dəhlizi açılacaq, Azərbaycanla da, Türkiyə ilə də əlaqələr tədricən bərpa olunacaq...
Şuşa, ardınca Kəlbəcər, Laçın azad olunandan sonra ilk günlər Ermənistanda və xaricdə, eləcə də Azərbaycanda çoxları elə düşünürdü ki, Paşinyan hakimiyyəti tezliklə çökəcək... Ancaq proseslər göstərdi ki, belə düşünənlər yanılır. Paşinyanın istefasını tələb edənlər Köçəryan, Sərkisyan tərəfdarlarından daha çox erməni milyarderləridir ki, bu hakimiyyət onların maxinasiyalarını açıqlamağa başlayıb. Eləcə də erməni katolikosu da, digər bir sıra erməni ruhani liderləri də bu sıradadır. Əgər Putin Paşinyanın arxasında durmasa, bu boyda məğlubiyyətdən, ona qarşı çıxışlardan, tələblərdən sonra özü kürsüsünü qoyub xaricə qaçardı. Yadınızdadırsa, Putin Ermənistan haqda çıxışlarından birində dedi ki, 10 Noyabr bəyanatındakı maddələrin yerinə yetirilməməsi bu ölkə üçün intihara bərabər olar. Bu o demək idi ki, Moskva öz maraqları xatirinə Paşinyanın hakimiyyətdə qalmasına şərait yaradacaq...
Digər tərəfdən, yoxsul ermənilər açıq deyə bilməsələr də, Paşinyanın siyasəti ilə razıdırlar, yəni Qarabağda müharibənin tamamilə qurtarıb Azərbaycanla, Türkiyə ilə sülh yaranması, yolların, kommunikasıyaların açılması və dolanışıq üçün şərait yaranmasını istəyirlər”- deyə Maksim Musayev bildirib.
Sultan Laçın