Məcburi köçkünün yaşadığı ev başına uçur

Məcburi köçkünün yaşadığı ev başına uçur

Bakıdan, Rusiyadan gəlib  ev alırlar, sonrada yaşamırlar, qapısına qıfıl vurub çıxıb gedirlər. 

Tərtər rayonunun Şıxarx  qəsəbəsi cəbhənin bir neçə kilometrliyində yerləşir. Qarşı tərəfdəki dağların qoynu od tutub yanır. Düşmən tərəf quruyan otlaqlara od vurub, yandırırlar. Xeyli sahəni əhatə edən alovun tüstüsü ətrafa yayılıb. Şıxarxdan ermənilərin ətraf mühitə, təbiətimizə vurduğu zərbəni aydınca görmək olur. 

 Burdan üzüyuxarı gedən yol Kəlbəcərə doğru uzanır. Qarşıdakı dağlarda mövqe quran  ermənilər yolumuzu kəsib, Kəlbəcərə getməyimizə  imkan vermir . Gəldiyimiz yol bura qədərdi, Şıxarxdayıq.

Şıxarx qəsəbəsi ermənilərin atəş mövqelərinə yaxın olduğundan yaşayış üçün təhlükəli olsa da Azərbaycan dövlətinə güvən sayəsində burada son illər geniş abadlıq, quruculuq işləri aparılıb. 1176 nəfər məcburi köçkün ailəsi  üçün çoxmərtəbəli yaşayış binaları inşa edilib. Yeni inşa olunan qəsəbədə Orta məktəb , musiqi məktəbi, uşaq baxçası, xəstəxana binalarıda tikilərək sakinlərin istifadəsinə verilib. 

Tərtər rayon Təhsil Şöbəsi Sarvan Quliyev adına Şıxarx kənd 2 №-li Tam Orta Məktəbin binası üzərinə bərkidilmiş Azərbaycan Respublikasının Dövlət Bayrağının  təhrif olunması diqqətimizi cəlb edir. Bayrağın birinci rəngi mavi olduğu halda burada başda ilk olaraq yaşıl rəmzdən istifadə olunub ki, bu da dövlətin ən vacib atributuna və müqəddəsliyinə qarşı hörmətsizlik kimi sayıla bilər.
 
Şıxarx qəsəbəsində tikilən binalarda demək olar ki, məcburi köçkünlərin məskunlaıdırılması işi başa çatmaq üzrədir. Sakinlərlə söhbət zamanı məlum olur ki, Qaçqınlar və Məcburi Köçkünlərin işi  üzrə Dövlət Komitəsinin Tərtər rayon nümayəndəliyinin keçmiş rəhbəri Nazim Səfərovun əməlləri sayəsində məcburi köçkünlər arasında evlərin bölüşdürülməsi ədalətli aparılmayıb. Mənzillər bir çox hallarda  həyat şəraiti ağır olan məcburi köçkünlərə deyil, pul qarşılığında  Bakıda və başqa şəhərlərdə evi-eşiyi olan, lakin evin nə ziyanı var ki, biri də Şıxarxda olsun, deyən imkanlı adamlara verilib.Çox evlərdə qapılar bağlıdı. Müşahidələr zaman məlum olur ki, həmin ünvanlarda yaşayan yoxdur. Deməli bu evlərin qapıları haçansa xoşbəxt sahiblərinin üzünə lazım olanda açılacaq. 
İndilikdə isə uçmaq təhlükəsində olan, divarları çat-çat evdə yaşayan və mənzilə möhtac  vətəndaşlardan biri ilə görüşürük. 

Tərtər rayon Vasif Hüseynov küçəsi ev 12- də məskunlaşan Nəzakət İsmayılova  Kəlbəcər rayonunun Bağlıpəyə kəndindən məcburi köçkündür. Tərtər rayon Şıxarx kənd tam orta məktəbində müəllimədir. Həyət qapısında müharibənin dəhşətlərindən qalan nişanəni görürük. Düşmənin atdığı  mərmilərdən dəmir darvazada dəliklər əmələ gəlib. 

Nəzakət İsmayılovanın ailəsi 6 nəfərdən ibarətdir. 4 övladından 2-si tələbədir. Həyat yoldaşı Arif Əkbərov Polis sıralarında xidmət edib.Kəlbəcər işğal edilməzdən əvvəl Bağlıpəyə kəndində polis sahə rəisi vəzifəsində çalışıb. Erməni separatçılarının Qarabağda başladıqları münaqişənin ilk illərində birinci zərərçəkənlərdən olub. Xidməti vəzifəsini yerinə yetirərkən ermənilər tərəfindən  girov götürülüb. Evə qayıtmadığını görən həyat yoldaşı Nəzakət xanım o zaman Qarabağda asayişi təmin etməli  olan Sovet əsgərlərinə məlumat verib. Axtarışlardan sonra məlum olub ki, Arif erməni quldurların girovluğundadır. Görülən təxirəsalınmaz tədbirlər sayəsində polisimiz ailəsinə qovuşub. Ancaq verilən işgəncələrdən dolayı sağlamlığına ciddi zərbələr yetirilib.2014-cü ilə qədər polis sıralarında xidmət eləsədə bundan sonra səhhətində ciddi pozulmalar olduğuna görə təqaüdə göndərilib.İndi əsəb-sinir sistemində yaranan xəstəlikdən əziyyət çəkir.Tibb müəssisələrindən verilən arayışlarda bunu təsdiq edir.  Psixotrop dərmanların köməyi sayəsində həyatda hələki ayaq üstə dayanmağı bacarır.

"26 ildir ki, belə bir yerdə yaşayırıq. İnanmıram ki, olduğum yeri  dövlət məmurları görüb, laqeyd qala bilsinlər.Çiy kərpicdən tikilmiş köhnə evdi.İçərisindən çatlar əmələ gəlib. Evin arxasındakı dəlmə-deşiklər daha böyükdür. Belə bir yerdə yaşamağıma heç vaxt inana bilməzdim. "- deyə bildirir Nəzakət İsmayılova .

Nəzakət İsmayılova iki tələbə oxutduğunu, onların kirayə pulunu, xərcliklərini çətinliklə əldə etdiyini bildirir. Söhbətimizdən məlum olur ki, əlavə pul yığıb mənzil şəraitlərini yaxşılaşdıra bilmirlər. Həyat yoldaşı Arif Əkbərova alınan bahalı dərmanlara da az pul xərcləmirlər. Elə dərman var ki, qiyməti 300-400  manatdır.

Müharibənin ağrılarını canında gəzdirən, dünyası məhv olan, dünyaya baxıb ondan kam almayan Qarabağ qazisi  Arif Əkbərovun halına acımamaq olmur. Canını, sağlamlığını qurban verdiyi vətəndə dövlətin tikdiyi binalarda ona şəraiti olan evi çox görürlər. Qaranlıq, rütubətli və qəzalı vəziyyətdə daxmada  yaşamağı ancaq ki, rəva görürlər.

Nəzakət İsmayılova onların dözülməz həyat şəraiti barədə hakimiyyət orqanlarının da məlumatlı olduğunu bildirir. Ceyhun Səfərov Tərtər rayon İcra Hakimiyyətinin  başçısı olanda mənzil probleminin həllinə bir az  yaxın olublar. Əkbərovlar ailəsinin yazılı məktubuna cavab olaraq   gələcəkdə məcburi köçkünlər üçün  tikiləcək binalarda  onların mənzillə təmin olunacaqlarına vəd verilib. Nə Ceyhun Səfərovdan sonrakı başçı Müstəqim Məmmədov, nə də Qaçqınkomun Tərtər rayon nümayəndəliyinin rəhbəri Nazim Səfərov aciz durumda qalan ailənin problemini həll eləmək istiqamətində bir addım belə atmayıblar.
"Mənzilə ehtiyyacı olanlara ev  vermirlər, amma villalarda , şəhərlərdə şəxsi evi olan , Rusiyada, Tərtərdə  yaşıyan yerli  vətəndaşlar var ki,  bizdən fərqli olaraq asanlıqla ev alıblar.Bunların maddi marağı nədir? Belə bir şəraitdə yaşayan , zəlil, erməniyə əsir düşən vətəndaşa ev vermirlər. Mən yox, Siz , Dövlət məmurları buna hansı ad verə bilər?- deyə vurğulayır Nəzakət müəllimə.

Kəlbəcər rayonundan gələndə siyahıda 20-ci adam olduqlarını deyir Nəzakət İsmayılova . Ancaq bilmir ki, yeni salınan qəsəbədə evlər verilərkən hansı siyahıdan istifadə olunub. 20-ci olan adama ev verilmədiyi halda 900 ya 1000-cilər açar ala biliblər.

"İcra hakimiyyətindən gəlib dəfələrlə olduğumuz evin şəkillərini çəkiblər. Kəlbəcər rayon İcra Hakimiyyətinin nümayəndələridə gəlib evə baxıblar. Bütün bunlardan sonra aqibətimiz necə olacaq, bilmirik.Hər an təhlükə ilə üz-üzəyik. Balaca bir təkan olsa, zəlzələ baş versə, ya erməni bir snaryad yaxınımıza atsa belə, düşünürəm ki, ev uçasıdı."- deyə əlavə edir Nəzakət xanım.   

  Sonda Nəzakət xanım  İsmayılova onu da bildirir ki, əvvəllər onlar Texniki Peşə Məktəbində məskunlaşıblar. Həyat yoldaşının xəstə olduğuna , səsə - küyə dözmədiyinə görə qohumlarından qəzalı vəziyyətdə olan bu evində yaşamağa görə icazə alıblar. 20 ildən artıqvaxt  keçdiyindən qohumunda səbri tükənib. İndi o da hökumətdən ev alın çıxın, Sizə görə həyətimdə heç bir iş görə bilmirəm, deyir. 
Onu da qeyd edək ki, Qəzalı vəziyyətdə olan ev  hər an uça bilər. Və laqeyd münasibətə görə bu ailədən kimsə həyatını itirmiş olar. Atalar demişkən ,sonrakı peşmançılıq fayda verməz.  
Ümid edək ki, Əkbərovlar ailəsinin probleminə Qaçqınların və Məcburi Köçkünlərin işi üzrə Dövlət Komitəsi və digər əlaqədar təşkilatlar biganə qalmayacaq.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az