“Məhkəmə nəzərə almalıdır ki, bu məsələ artıq cəmiyyəti ciddi narahat edən işdir”.
Bu barədə həkim səhlənkarlığı üzündən dünyasını dəyişmiş BSU-nun dekanı, tənqidçi Elnarə Tofiqqızının (Niftəliyevanın) ölüm işi ilə bağlı Nəsimi rayon məhkəməsinin çıxardığı qərara hüquqi qiymət verərkən millət vəkili Qənirə Paşayeva bildirib.
“Elnarə xanımın həkim səhlənkarlığı ucbatından dünyasını dəyişməsi və iki körpənin anasız qoyulması bu gün cəmiyyətin diqqət mərkəzindədir. Bu, hamımız üçün çox ağır bir hadisədir. Gənc analarımızın sırf səhlənkarlıq ucbatından dünyasını dəyişməsi, köpələrin anasız qoyulması hamımızın acısıdır. Hadisəni eşitdikdə çox üzüldük və narahat olduq. Buna görə də məhkəmə bu işə düzgün qiymət verməlidir. Ümid edirik ki, qərar tam ədalətli, obyektiv olacaq və olmalıdır da. Çünki həqiqətən də məsələnin tam hüquqi müstəvidə həllini tapması çox vacibdir. Bu kimi məsələlərin ciddi araşdırılamasına ehtiyac var. Üstləlik, ortada sənəd saxtalaşdırılması varsa, məhkəmə hərtərəfli araşdırma aparmalı və düzgün qərar verməlidir. Birincisi, burada bir insanın həyatından söz gedir, ikincisi, cəmiyyətdə belə halların təkrarlanmaması üçün ədalətin öz yerini tapması olduqca vacibdir. İyunun 24-də keçiriləcək məhkəməni tam obyektiv və ədalətli qərar verməyə çağırırıq. Təbii ki, məhkəmənin qərarı cəmiyyət tərəfindən mütləq diqqətə alınacaq”.
Qeyd edək ki, mərhum E.Tofiqqızı 2013-cü il sentyabrın 20-də “Medi Sina” klinikasında süd vəzi kanalının popilloması əməliyyatı zamanı həkim səhlənkarlığından dünyasını dəyişib.
Nəsimi Rayon Məhkəməsinin hakimi Şəlalə Həsənova 2015-ci il aprelin 23-də Cinayət Məcəlləsinin 124.1 (səhlənkarlıqdan ölümə səbəb olma) və 320.1 (məsuliyyətdən azad olunmaq üçün bilə-bilə sənədlərə saxta məlumatlar daxil etmə) maddələri ilə təqsiri sübuta yetirilən anestezioloq Firuz İbrahimova cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə, 2 il cəza verib. Hazırda F.İbrahimov həkim fəaliyyətini davam etdirir və həbs edilməyib.
Zərərçəkən tərəf Nəsimi Rayon Məhkəməsinin qərarından apelyasiya şikayəti verib. Camal Ramazanovun sədrliyi ilə Apelyasiya Məhkəməsi iş üzrə prosesi iyunun 24-də davam etdirəcək.
Axar.az