
Ramiz Mehdiyev barəsində deyilənlərə "axmaq-axmaq söhbətlər yayırlar, bunların hamısı yalandır”, - deyə cavab verib. Əbülfəs Qarayev deyib ki, "elə mənasız xəbərlərə şərh verməyə ehtiyac duymuram, bunların hamısı mənasız söhbətlərdir". Yəni, guya hər ikisi "aydan arı, sudan duru” imiş və onlara şər atırlar.
Məmmədyarova gəlincə, sabiq nazir adının bu məsələdə hallanmasına belə cavab verib: "Kiminsə qarnı ağrıyır. Sakit dayana bilmirlər. Görürlər Elmar Məmmədyarov jurnalistlərlə əlaqə saxlayır, televiziyada çıxış edir. Fikirləşirlər ki, necə vura bilərik. Məqsədlərini Allah bilir. Yazan adamın ağlı yoxdur”.
Sabiq nazirin dediyindən belə çıxır ki, kimlərinsə Məmmədyarova görə "qarnı ağrıyır”(!). Onun televiziyalara çıxması, danışması kimlərisə bərk narahat edir və ona görə də sabiq naziri "vururlar”. Amma həmin Məmmədyarovdan soruşan yoxdur ki, axı onun hansı siyasi çəkisi, nüfuzu, xidməti, əhali arasında dəstəyi var ki, hələ bir onu "vurmaq” da istəsinlər?

Diplomat kimi peşəkarlığı barədə az məlumatımız olan, əvəzində nə dediyini özündən başqa heç kimin başa düşmədiyi (özünün də başa düşdüyü şübhəlidir), daim ironiya, lağlağı obyektinə çevrilən bir adamın uzun illər Azərbaycanın XİN başçısı olmasının özü nonsens idi. Vəzifəsinin son akkordlarını isə "evdən işləyən nazir” kimi başa vuran Məmmədyarovun nazir postundan kənarlaşdırılmasının gerçək siyasi səbəblərini də çox az adam bilir. Nə idi həmin kritik günlərdə onu evdə oturmağa məcbur edən, hansı "qarınağrısı” idi və nədən Prezident bunu efirdən deməli oldu? Bunun özü də cavabı açıq qalan suallardandır...
Hələ Məmmədyarovun nazirliyində (həmişəki kimi) sonradan üstü açılan böyük korrupsiya əməllərini, həbsləri demirik...
Ümumiyyətlə, Azərbaycandakı yazılmayan siyasi qanunların, məhkəmə, hüquq-mühafizə sisteminin böyük çatışmazlığıdır ki, hər biri hər kəsə məlum yollarla ayrı-ayrılıqda milyonçuya, bəziləri isə milyarderə çevrilmiş bu adamlar rəhbərlik etdikləri qurumlarda aşkarlanan külli miqdarda yeyinti, korrupsiya faktlarına, digər ağır cinayətlərə rəğmən azadlıqdadırlar. Onların əvəzinə müavinləri, idarə rəisləri və daha kiçik "balıqlar” 2-3 il həbsdə yatıb çıxıblar və hər biri də hazırda öz kefində-damağındadır.
Bir də verdikləri cavablardan da göründüyü kimi, bu adamları birləşdirən daha bir ümumi cəhət özləri barədə həddindən artıq yüksək fikirdə, rəydə olmalarıdır. Ortaya ciddi arqument, fikir, mövqe qoymaqdansa, biri "qarınağrısı”ndan danışır, biri "axmaq-axmaq söhbətlər” deyir və s.
Yəni, vəzifələrini itirsələr də, milyonluq sərvətləri kimi yekəxanalıqları, ədabazlıqları və bir də "siyasi mədəniyyətləri” də əvvəlki səviyyədə qalır...