28 May Respublika Günü münasibətilə Bakı Metropoliteninin Bilgəhdə yerləşən Sanatoriya-profilaktoriya və istirahət zonasında möhtəşəm konsert proqramı keçirildi. Konsert proqramının aparıcısı jurnalist-publisist Alim Nəbioğlu Respublika Gününün yaranma tarixi, Odlar yurdu Azərbaycanın keçdiyi keşməkeşli, çətin, şərəfli yolundan danışdı. Müstəqil Azərbaycanın yaradıcısı ulu öndər Heydər Əliyevin Azərbaycanın inkişaf tarixindəki xidmətlərinə işıq tutdu.
Bakı Metropoliteninin rəisi Zaur Hüseynovun metropolitençilərə bayram təbrikini çatdırdı. Respublikanın əməkdar artisti Ruhəngiz Musəvi maraqlı repertuarla çıxış edərək metropoitençilərlə rəqs etdi. Əməkdar artist, prezident mükafatçısı, Gənc Tamaşaçılar Teatrının aktrisası Naibə Allahverdiyeva maraqlı parodiyalarla çıxış etdi. Aktrisa ritmik mahnılar ifa edərək metropolitençiləri heyrətləndirdi. Əməkdar artist, Akademik Milli Dram Teatrının aktrisası Sevinc Əliyeva Respublika Günü münasibətilə metropolitençilərə təbrikini çatdırdı.
Metropoliten İşçiləri Həmkarlar İttifaqı Birliyinin təşəbbüşü və təşkilati dəstəyi ilə reallaşan konsert proqramını istedadlı müğənni Məsumə Əliyeva davam etdirdi. Müğənninin oxuduğu “Yaşa mənim xalqım” mahnısını metropolitençilər də qoşulub birgə oxudular. Veteran metropolitençilər xüsusi aktivlik göstərərək doyunca rəqs etdilər.
Metropoliten işçiləri çıxış edərək metropolitenin rəisi Zaur Hüseynova və Metropoliten İşçiləri Həmkarlar İttifaqı Birliyinə maraqlı konsert proqramının təşkilinə görə təşəkkürünü bildirdilər. Sonda əməkdar artist Ruhəngiz Musəvi sözləri Vüqar Əhmədə, musiqisi Nailə Mirməmmədliyə məxsus “Azərbaycan” mahnısını ifa etdi. Xatirə şəkilləri çəkildi. Beləcə, Bakı Metropoliteninin Bilgəhdə yerləşən Sanatoriya-profilaktoriya və istirahət zonasında dincələn metpololiyençilər Respublika Gününü möhtəşəm qeyd etdilər, maraqlı anlar yaşadılar.
Araz Hacıyev
Vətəninfo.az