Mikayıl Cabbarov rektora töhmət verdi
Vətəninfo.az - Bu gün Gəncə şəhərində korrupsiya halları ilə bağlı gündəmə gələn
Azərbaycan Texnologiya Universitetinin pedaqoji kollektivinin iclası
keçirilib.
Təhsil nazirinin müavini
Firudin Qurbanovun, nazirliyin aparat rəhbərinin müavini Yaqub Piriyevin
və digər rəsmi şəxslərin iştirak etdiyi iclasda ali təhsil
müəssisəsinin fəaliyyəti geniş müzakirə olunub.
Təhsil nazirinin
müavini F.Qurbanov çıxış edərək son zamanlar univesitet ətrafında
cərəyan edən proseslər haqqında məlumat verib.
O, Maliyyə
Nazirliyinin apardığı yoxlama və Təhsil Nazirliyinin keçirdiyi
akkreditasiya nəticəsində universitetdə nöqsanların aşkarlandığını,
kollektivin bəzi üzvlərinin neqativ hallara yol verdiklərini, yoxlama
materiallarının prokurorluq orqanlarına göndərildiyini bildirib, bu kimi
halların ali məktəbin imicinə ziyan vurduğunu qeyd edib.
Firudin
Qurbanov çıxışında təhsil naziri Mikayıl Cabbarovun qərarına əsasən,
buraxdıqları nöqsanlara görə universitetin bir sıra rəhbər işçilərinin
vəzifəsindən azad olunduğunu, rektora isə töhmət verildiyini bildirib.
İclasda
müalicədən yenicə qayıtmış rektor Akif Süleymanov da çıxış edib və
rəhbərlik etdiyi kollektivin adından, deyilən iradlardan nəticə
çıxaracaqlarını, fəaliyyətlərinin qanunvericiliyin tələblərinə uyğun
qurulması və qarşıya qoyulmuş vəzifələrin tam yerinə yetirilməsi üçün
var gücü ilə çalışacaqlarını bildirib.
İclasda Gəncə Şəhər İcra Hakimiyyətinin rəhbər şəxsləri də iştirak edib.
Qeyd
edək ki, ötən həftə anspress-də yer alan məlumatda bildirilirdi ki,
Azərbaycan Texnologiya Universitetində külli miqdarda korrupsiya halı
aşkarlanıb:
"Universitetin rektoru Akif Süleymanov baş mühasiblə
əlbir olaraq "Kapital bank"ın Gəncə filialında ödənişli əsaslarla təhsil
alan tələbələrin adına saxta təqaüd kartları açıblar. Tələbələrin
xəbəri olmadan adlarına açılan bu kartlara hər ay pul köçürülüb. 2012-ci
ildən başlayan bu proses bu ilin may ayına qədər davam edib. Maliyyə
Nazirliyi aşkarlanan bu korrupsiya halı ilə əlaqədar Baş prokuror
yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciət edib".