Siyavuş Novruzov: “Heydər Əliyevin çörəyini yeyənlər qaçıb gizlənəndə, YAP-ı yaradanlar əziyyət çəkiblər”
Parlamentdə “Mədəniyyət haqqında”qanun layihəsinin üçüncü oxunuşunun müzakirəsi zamanı millət vəkilləri Siyavuş Novruzov və Gövhər Baxşəliyeva arasında mübahisə yaranıb. Мillət vəkili Siyavuş Novruzov elm və mədəniyyət sahəsidəki vəziyyətdən şikayətlənib: “Müstəqillikdən 20 il ötsə də, hələ hələ də bizim millətin kökünü müəyyənləşdirə bilməyiblər. Biri deyir, farsdan yaranıb, biri türkdən yarandığını söyləyir. Bizim yaradıcı təşkilatlar 60-cı illərdə olduğu kimidir. Bəlkə də 30-cu illərə doğru gedir. Neçə ildir kinomatoqrafiyaya vəsait ayrılır. Neçə ildir Dağlıq Qarabağla bağlı bir film çəkə bilmirlər. Sıxışdıran kimi səsləri Moskvadan gəlir. Biri bibisindən, biri atasından yazır. Düşünməlidirlər ki, dövlət bunlara pulu pensiya kimi vermir. Yaradıcı təşkilatlar dövləti maraqlandıran sahələrlə bağlı addımlar da atmalıdırlar. Bu formada nə ədəbiyyatı, nə incəsənətimizi inkişaf etdirə bilməyəcəyik. Yeni nəsil üçün də stimullaşdırıcıaddımlar atılmalıdır”.
Buna cavab olaraq AMEA Şərqşünaslıq İnstitutunun direktoru Gövhər Baxşəliyeva AMEA-da aparılan tədqiqat işlərinin əhəmiyyətinin çox yaxşı anladığını deyib:
“Prezidentin sərəncamı ilə dünən AMEA-nın Gəncə bölməsinin açılması da buna sübutdur. Partiya funksioneri kimi bu məsələlər barədə danışmaq olmaz. Xalqımızın keçmişi barədə bu gün bizdə olan məlumatlar, biliklər AMEA-nın institutlarının səyi nəticəsində əldə olunub. Belə naşı fikirlər səsləndirilməsin”.
Spiker Oqtay Əsədov isə “Mədəniyyət haqqında” qanunun müzakirə olunduğunu xatırladıb və bu çərçivədən kənara çıxmamağı zəruri sayıb.
Sonradan Siyavuş Novruzov AMEA Şərqşünaslıq İnstitutunun direktoru Gövhər Baxşəliyevanın ona sərt reaksiyasına münasibət bildirib. Onun sözlərinə görə, Heydər Əliyevin çörəyini yeyənlər atalı, balalı, analı qaçıb gizlənəndə, YAP-ı yaradanlar əziyyət çəkiblər. Siyavuş Novruzov bildirib ki, o vaxt Gövhər Baxşəliyeva yəqin ki, Ziya Bünyadovun yanında kiçik elmi işçi olub: “Bu gün YAP-ın yaradılmasında əziyyət çəkənlərdən biri olan Abel Məhərrəmovun əsərləri Nobel mükafatına təqdim olunub. Bu gün kimsə ya zəlzələdən, ya vəlvələdən Şərqşünaslıq İnstitutunda direktor işləyir.Məlumdur ki, orada normal seçki keçirilsə, kim direktor olacaq. Biz deyirik ki, Ziya Bünyadovdan sonra Şərqşünaslıq İnstitutu kimi yetişdirib? Deyirlər ki, bizim hesabatlarımızı oxumurlar. Atropatena, Albaniya ilə bağlı internetdə yazılar var, sizin hansı əsərlər yazılaraq Azərbaycan cəmiyyətinə təqdim olunub?
Kimsə Firdovвsi barədə yazır, bunu təqdim edir. Mən istənilən adamı dəvət edirəm, öz sahəsində nə yazıb ortaya qoysun. Heç kim fikirləşməməlidir ki, bu institut ona tapşırılıb. Sabah başqası onun yerində ola bilər.
Bəzən kimisə tənqid edirsən. Nazirlikdən cavab gəlir, həmin adam da elə bilir ki, ömürlük orada oturub. Yanaşma tərzi, polemika düzgün olmalıdır. Mən 3 ali təhsil almışam, kim deyir ki, savadsızam. Mən 20 ildir ki, siyasi həyatdayam, nə danışdığımı yaxşı bilirəm. O danışanlar 20 ildə hansı əsəri ortaya qoyublar? Bu məsələləri müzakirə etmək lazımdır”.
Spiker Oqtay Əsədov isə Siyavuş Novruzova üz tutaraq deyib ki, əvvəlcə yaxşı başladınız: “Əvvəlcə dözümdən danışdınız, sonra dözümsüzlük etdiniz. Dözümlü olmaq lazımdır. Bir-birimizə hörmətlə yanaşmalıyıq”.
Мillət vəkili Fəzail İbrahimli bildirib ki, Azərbaycan xalqı türk soyundandır, müstəqillik illərində bununla bağlı Azərbaycanda kifayət qədər araşdırma aparılıb və bu məsələ sübutunu tapıb.
Milli Məclisin vitse-spikeri Valeh Ələsgərov bildirib ki, “Mədəniyyət haqqında” qanunun müzakirəsi zamanı gərginliyin ortaya çıxması 21 dekabr Qiyamət Günü ilə bağlı gərginliklə əlaqədar ola bilər. O, qanun layihəsində kommersiya sözünün yazılmasına etiraz edib: “Ola bilməz ki, kommersiya sözü əmtəə, ticarət, dövriyyə sözləri ilə əvəzlənsin. Bizim dədə-babalarımız ticarətlə məşğul olanda kommersiya sözünü çıxaranlar hələ meşələrdə gəzirdilər”.